Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib. Nazir Fikrət Məmmədovun sədrliyi ilə keçən iclasda ədliyyə orqanlarında işin səmərəliliyinin artırılması üzrə tədbirlər müzakirə edilərək, ədliyyə fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi aktlara baxılıb.
Kollegiyada ədalət mühakiməsinin səmərəliliyində məhkəmə iclaslarının mütəşəkkil, vaxtında, açıq və çəkişmə prinsipinə ciddi əməl edilməklə keçirilməsinin, habelə məhkəmə zalında qayda-qanunun və təhlükəsizliyin təmin olunmasının mühüm əhəmiyyəti vurğulanıb. Bu sahədə işin təkmilləşdirilməsi və aidiyyəti işçilərin peşə hazırlığının yüksəldilməsi üzrə əlavə tədbirlər müzakirə olunub, yeni qanunvericiliyin tələbləri nəzərə alınmaqla işlənilmiş "Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin olunması haqqında" Təlimat təsdiq edilib.
İclasda həmçinin, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun icrası üzrə əlavə tədbirlərə baxılıb. Bununla əlaqədar ədliyyə orqanlarının qarşısında duran vəzifələrin mütəşəkkil yerinə yetirilməsi məqsədi ilə hazırlanmış müvafiq Qaydalar ətraflı müzakirə olunaraq qəbul edilib.
Bununla yanaşı, iclasda cinayətkarlıqla mübarizədə mühüm əhəmiyyət kəsb edən məhkəmə ekspertizası fəaliyyətinin səmərəli təşkili məsələləri müzakirə olunub. Qeyd edilib ki, ekspertiza sahəsində ən son texnologiyalar tətbiq olunmaqla tədqiqatların dolğun və dəqiq aparılması və rəylərin mötəbərliyi təmin olunur, istintaq orqanlarına və məhkəmələrə əlverişli şəraitin yaradılması və ekspert araşdırmalarının tezləşdirilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinin regional filialları fəaliyyətə başlayıb, cari ilin 9 ayında 20.000-dək iş üzrə tədqiqatlar aparılaraq ekspert rəyləri verilib. İclasda yeni qanunvericiliklə məhkəmə ekspertizalarının tətbiqi dairəsinin genişləndirildiyi qeyd olunaraq, bu sahədə iş həcminın artması ilə bağlı əlavə təşkilati tədbirlər müzakirə edilib, ekspert rəylərinin keyfiyyətinin və operativliyin artırılması, Mərkəzin peşəkar kadrlarla komplektləşdirilməsi üzrə tapşırıqlar verilib və ekspertizaların aparılmasının təşkili barədə yeni Təlimat qəbul olunub.
Kollegiyada həmçinin bu günlərdə "Doing Business 2015" hesabatında Azərbaycanın reytinqinin yüksəldiyi, ən çox islahat aparan 10 ölkə sırasında qərarlaşdığı, sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, daşınmaz əmlakın qeydiyyatı və s. üzrə ciddi irəliləyişləri qeyd olunaraq ölkəmizin bu nailiyyəti dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyasının real nəticəsi olduğu xüsusi vurğulanıb. Sənəddə əmlakın yüklülüyü barədə məlumatın notariuslar tərəfindən onlayn rejimdə dərhal əldə edilməsi, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsinin cəmi 1 gün müddətində həyata keçirilməsi təqdir olunub.
İclasda ədliyyə orqanları tərəfindən aparılan bu kimi elektron xidmətlərin sayının daim artdığı və 20-yə çatması qeyd olunaraq, onların tətbiqi dairəsinin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.