“Mənimlə bağlı yayılan “məktub” saxtadır. Onun saxta olduğunun fərqinə varmaq üçün bir az diqqətli olmaq yetər”. Bunu Lent. az-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Osmanlı Fətullah Gülənin liderlik etdiyi “Camaat”dan maliyyə dəstəyi alması ilə bağlı iddialara və yayılan məktuba münasibət bildirərkən qeyd edib.
Millət vəkilinin sözlərinə görə, türk dilini yaxşı bilən adam bu məktubun Azərbaycanda hazırlandığını, mətnin Azərbaycan dilinin qrammatik qayda-qanununa uyğun yazıldığını görə bilir: “Artıq məktubda adı keçən Enver Özerenin vəkili də bunun saxta olduğunu təsdiqləyib, eyni zamanda Fətullah Gülənin əsl imza nümunəsini tutuşdurmaq üçün təqdim edib, bununla da, imzanın saxta olduğu təsdiqlənib”.
C. Osmanlı onu da bildirib ki, bu “məktub”un yayılması ilə bağlı zaman da bilərəkdən seçilib: “Bu yazı Xədicə İsmayılın Azərbaycanın milli mənafeyi əleyhinə yönəlmiş audio yazısının mənim tərəfimdən Baş Prokurorluğa təqdim edilməsindən bir neçə gün sonra yayıldı. Əslində, bu saxtakarlığın arxasında Xədicə İsmayıl və tərəfdarları da dayana bilər. Amma eyni zamanda ictimai-siyasi fəaliyyətimə qısqanclıqla yanaşan başqa bir qrupun da bu işin arxasında dayanması istisna deyil. Zaman seçimini isə düşünülmüş şəkildə belə dövrə salıblar. Bu saxtakarlığın arxasında dünyadakı erməni yalanları əleyhinə fəaliyyətimdən dolayı mənə aqressiv mövqedə olan erməni diasporunun internetdəki uzantıları da dayana bilər”.
Deputat bildirib ki, bütün hallarda ortada cinayət faktı var: “Ona görə də məlumatı yayan politika.az saytının rəhbərliyi ilə bağlı məhkəmə iddiası qaldıracağam. Qeyd edim ki, bu saxta sənəd naməlum qrup tərəfindən hazırlanaraq eyni vaxtda çox informasiya agentliyinə göndərilib və təbii ki, məlumatın qərəzliliyi o agentliklər tərəfindən aşkar edildiyi üçün onlar bunu yayımlamayıb. Amma bəziləri qanunun tələblərini pozub. Bununla bağlı da gərəkli hüquqi iddialar qaldırılacaq. Fürsətdən istifadə edərək belə qərəzli məsələlərdə peşəkarlığa riayət edən media mənsublarına dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, C. Osmanlı bu sənədi hazırlayıb, yayan qrupun aşkarlanması üçün hüquq-mühafizə orqanlarına ayrıca müraciət edəcək.