Həsən Əliyev adına Zəngəzur Milli Parkında Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinqlər zamanı 2013-cü ilin fevral-mart aylarında foto-tələlər vasitəsilə bəbirin daha bir dişi fərdinin üç fotoşəkli çəkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fotolar üzərində aparılan analiz fərdin üzərindəki xalların individual və şəkillərin eyni bir fərdə aid olduğunu göstərir, yetkin dişi bəbirin davranışında territorial rezidentlik müşahidə olunur.
Bu isə o deməkdir ki, bu cür fərdlərin Azərbaycan ərazisində onlara uyğun mühitdə yaşayıb artmasına, populyasiyasına şərait yaranıb. Eyni zamanda bu hadisə ümid etməyə imkan verir ki, Azərbaycanda, o cümlədən Zəngəzur Milli Parkında bu nadir növün populyasiyası və artım tendensiyası başlayacaq və yaxın zamanlarda bəbirin balaları ilə birgə fotolarını görmək də mümkün olacaq. Bu fakt son illərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin və heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına dəlalət edir və nəticə etibarilə iri dırnaqlı heyvanların sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.
Xatırladaq ki, 06 sentyabr 2012-ci il tarixində də Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı Parkın ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin yetkin fərdinin ilk fotoşəkli çəkilib. Zəngəzur Milli Parkının və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları WWF-in Azərbaycan nümayəndəliyinin texniki və metodiki dəstəyi ilə ötən payız və qış aylarında bəbirlərin, onun qida obyektləri və rəqiblərinin monitorinqini aparıb, Azərbaycanın “Qırmızı Kitab”ına daxil olmuş bir çox nadir heyvan növünün yüzlərlə fotoşəklini çəkiblər. Bu növlərin içərisində vaşaq (Lynx lynx), çöl pişiyi (Felissylvestrisornata), bezoar keçi (Capra aegagrus), muflon (Ovisgmelini), xəzər uları (Tetraogalluscaspica) kimi nadir növlərlə yanaşı tirəndaz (Hystrixindica), daşlıqdələsi (Martesfoina), porsuq (Melesmeles), qaban (Susscrofa), canavar (Canis lupus), tülkü (Vulpesvulpes) və s. kimi təhlükədə olmayan növlər də qeydə alınıb və keyfiyyətli fotolar əldə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına daxil edilmiş təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarının qorunub saxlanılması məqsədilə onların məskunlaşdığı sahələrdə (Hirkan və Zəngəzur Milli Parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2000-ci ildən Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu ilə əməkdaşlıq çərçivəsində ölkə faunasının ən nadir növlərindən biri olan Qafqaz bəbirinin mühafizəsi istiqamətində iş aparır. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsinə dair Milli Fəaliyyət Planı təsdiqlənib.