Sakinləri əxlaqsız hesab etdikləri kimsəsiz qızın kəndə yaşamasına etiraz edirlər.
Aznews.az-ın redaksiyasına Zərdab rayonu Alıcanlı kəndində baş vermiş tükürpədici bir olayla bağlı məlumat daxil olub. Kənd sakinləri L. adlı 15 yaşlı kimsəsiz qıza kəndi tərk etmək göstərişi veriblər.
Deyilənə görə L. əxlaqsızlıqda ittiham olunur və bu səbəbdən də sakinlər onun kənddən çıxmasını tələb edir. Olaya Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev də qarışıb. İki gün bundan əvvəl İcra hakimiyyətinin nümayəndələri Alıcanlıya gəlib və kənd sakinləri ilə görüş keçirib. Görüşün məqsədi isə qalmaqallı olaya müdaxilə edərək qızın gələcək taleyilə bağlı qərar qəbul etmək olub. 3 saata kimi davam edən gərgin müzakirələrdən sonra isə yekun qərar belə olub:
“15 yaşlı L. əxlaqsızlıq hərəkətlərinə görə, rəsmi qaydada Zərdab Rayon Polis Şöbəsinə verilsin”.
Əldə etdiyimiz məlumata görə, həmin qız kimsəsiz böyüyüb, indi isə kənd yaxınlığında yerləşən əxlaqsızlıq yuvasının əsas “qəhrəmanlarından” biridir. Sakinləri isə belə bir adamın kəddə yaşamasına etiraz edirlər. Xəbəri Zərdab Rayon Polis Şöbəsindən təsdiqləyiblər. Şöbənin müstəntiqi Məsud Rəhimov deyib ki, sakinlər tərəfindən doğrudan da belə bir müraciət olunub:
“Lakin, uşağın kənddən köçürülməsi, hansısa uşaq evinə yerləşdirilməsi üçün müəyyən prosedurlar var. Və bu prosedurları rayon icra hakimiyyəti etməlidir. Buna görə də, bizə ünvanlanan müraciət baxılması üçün İcra Hakimiyyətinə göndərilib”.