Keçmiş həyat yoldaşını öldürməkdə ittiham edilən 1982-ci il təvəllüdlü Ramil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, çıxışında Ramil Şükürovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ölən şəxsin nümayəndəsi çıxış edərək, Ramil Şükürovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Ramil Şükürov son sözündə hadisəni namus üstündə törətdiyini və 4 azyaşlı uşağının olmasının nəzərə alınmasını istəyib.
Hakimlər kollegiyasının hökmü ilə Ramil Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Ramil Şükürov ona qarşı verilən ittihamlar üzrə özünü təqsirli bilib.
Ramil Şükürov qeyd edib ki, bir dəfə evdə yatan zaman telefonu yoxa çıxıb: “Həmin gün işə çıxmamışdım. Evdə yatmışdım, bu vaxt qapının açılmasını eşitdim, yuxudan ayıldım. Telefona baxmaq istədim ki, görüm kimsə zəng edibmi? Telefonumu tapa bilmədim. Xəyaləni səslədim. Gördüm evdə yoxdur. Onda bildim ki, Xəyalə telefonumu götürüb. Evdən çölə çıxdım. Qonşunun telefonu ilə öz nömrəmə zəng elədim. Gördüm məşğuldadır. Təxminən 40-45 dəqiqə dayanmadan öz nömrəmə zəng elədim, baxdım yenə məşğuldadır. Uşaqları qonşudan çıxan gördüm. Onlara dedim ki, analarını tapsınlar. Bir müddət sonra Xəyalə qonşuluqda yaşayan ailəli qızla evə gəldi. Qız bir az oturdu. Bu vaxtı Xəyalədən heç nə soruşmadım. Bir-iki saat keçdi, qonşu evə getdi. Onda Xəyaləni çağırdım. Ondan harada olduğunu və telefonumla kimlə danışdığını soruşdum. Xəyalə mənə dedi ki, telefonla o yox, qonşunun qızı danışıb. Bu zaman özümdən çıxdım. Xəyaləyə dedim ki, gedib o qızdan soruşacam. O isə bunun ayıb olduğunu, qıza heç nə deməməyimi xahiş elədi”.
Təqsirləndirilən şəxs bildirib ki, həmin gün arvadını bərk döyüb: “İçim içimi yeyirdi. Nədənsə Xəyaləyə inanmağım gəlmirdi. Xəyaləni də götürüb, həmin qonşu qızgilə getdim. Qızdan mənim telefonumla danışıb, danışmadığını soruşdum. Qız isə belə bir halın baş vermədiyini, mənim telefonumla heç kimlə danışmadığını dedi. Xəyaləni götürüb evə gəldim. Başladım onu döyməyə. Başına yumruqla zərbələr vurdum. Bir az keçdi, yenidən kimlə danışdığını soruşdum. Yenə inkar elədi, götürdüm qardaşı Ruslana zəng elədim. Ruslan evə gəldi. Məsələni ona nəql elədim. Ruslan telefonumu götürüb, həmin vaxtı hansı nömrələrə zəng getdiyinə baxdı. Bir nömrə tapdıq. Zəng elədik, həmin nömrəyə zəng çatmadı. Qardaşı ilə birlikdə “Bakcell”ə getdik. Orda bizə dedilər ki, nömrə işləkdir, sadəcə koda qoyulub. Evə qayıtdıq, Xəyaləni yenə döydüm. Bundan sonra onun atası Kamil gəldi. Qızını gördü. Mənə dedi ki, Xəyaləni həkimə aparacaq, müalicə etdirib, evə qaytaracaq. İcazə verdim və 3-4 gün keçəndən sonra atasıgilə getdim. Qapını döydüm, açmadılar. Bir müddət sonra atası çölə çıxdı. Mənə qızı verməyəcəyini, bir də bu qapıya gəlməməyimi tapşırdı. Lakin Xəyalənin mənə etdiyi xəyanəti bağışlaya bilməzdim. Onu öldürmək istəyirdim, ona görə də Xəyalə ilə telefonla danışıb evə qayıtmasını istəyirdim. Məqsədim onu öldürmək olub. Lakin Xəyalə evə qayıtmadı. And içdim ki, Xəyaləni harada görsəm, öldürəcəm. Üstündən bir il keçdi, Xəyalə sanki onu öldürəcəyimi bilirdi, çölə çıxmırdı”.
Keçmiş arvadını öldürən şəxs bildirib ki, bir gün ona Sumqayıt şəhər Məhkəməsindən zəng gəlib: “Həmin şəxs özünü məhkəmənin icra şöbəsinin əməkdaşı kimi təqdim elədi. Bildirdi ki, Xəyalə məni alimentlə bağlı məhkəməyə verib. Məhkəmə də aliment kimi aylıq 400 manatdan çox pul kəsib. İcraçıya dedim ki, imkanım yoxdur. O qədər məbləğdə pul verə bilməyəcəm. Əslində pulum da olsaydı belə, ödəmək kimi bir fikrim yox idi. Çünki Xəyaləni öldürmək niyyətimdən əl çəkməmişdim. Gecələr yuxularım qarışırdı, onun xəyanətini həzm edə bilmirdim. Onu harada görsəydim, öldürəcəkdim”.
R. Şükürov qeyd edib ki, hadisə günü Corat qəsəbəsində keçmiş həyat yoldaşını görüb: “Maşınla keçirdim, Xəyalənin mağazaya girdiyini gördüm. Fikirləşdim ki, həmin gün gəlib çatıb. Tez evə gedib, mətbəx bıçağını götürdüm. Maşını tez sürüb, Xəyalənin atasının evinin qabağına gəldim. Uzaqdan gördüm ki, Xəyalə gəlir. Həmin vaxt gözümü qan bürümüşdü. Bu zaman Xəyalənin anası Elzanın səsini eşitdim. O, qızına “qorxma, qələt edir” dedi. Mən də “düz deyirsən, məndən niyə qorxasan ki” dedim. Gözümü o qədər qan bürümüşdü ki, heç Elzanın üzünü görmürdüm. Ancaq qulağıma səsi gəlirdi. Xəyaləyə tərəf iri addımlarla getdim, şalvarımın dalından bıçağı çıxartdım. Bıçaqla ona dəfələrlə zərbələr vurdum. Lakin neçə dəfə vurduğumu, hansı yerindən vurduğumu xatırlamıram. Onu öldürdüyümə əmin də ola bilmədim. Çünki özümdə deyildim, oradan necə getdiyimi, haralarda olduğumu bilmirəm. Heç bilmirdim, Xəyalə ölüb, ya yox...”
Qeyd edək ki, hadisə bu il Sumqayıt şəhəri Corat qəsəbəsində baş verib. Ramil Şükürov mübahisə zəminində keçmiş həyat yoldaşına Xəyalə Şükürovaya 17 bıçaq zərbəsi vuraraq xüsusi amansızlıqla qətlə yetirib.