Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Mədəniyyətlərarası dialoq və Azərbaycan multikulturalizmi” mövzusunda dəyirmi masa keçirib. Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadənin moderatorluğu ilə keçən dəyirmi masada Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov və Azərbaycanı, Rusiya, Türkiyə, İngiltərə, Litva, Gürcüstanı təmsil edən 30-dək alim iştirak edib.
BBMM-in icraçı direktoru, professor Azad Məmmədov tədbiri giriş sözü ilə açaraq Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyəti barədə qonaqlara məlumat verib. O qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi prezident İlham Əliyevin 14 may 2014-cü il tarixli fərmanı ilə yaradılan Mərkəzin əsas məqsədi Azərbaycan multikulturalizmi və tolerantlığı ənənələrini dünyada təşviq etməkdir.
BBMM-nin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə çıxışında millətlərarası dialoqun multikulturalizmin formalaşmasındakı rolundan bəhs edib. Azərbaycan xalqının dünya görüşünün təkcə onun ərazisində yaşayan müxtəlif etnosların mədəniyyətləarası dialoqu ilə yox, həmçinin, çoxəsrlik mədəni ünsiyyəti özündə əks etdirən zəngin mədəni irsinin zənginləşdirdiyini söyləyib.
AMEA-nın Fəlsəfə və Hüquq institutunun İlham Məmmədzadə çıxışında bildirib ki, Azərbaycanda çoxlu azsaylı xalqlar yaşayır və ümummilli lider Heydər Əliyevin obrazı bütün bu xalqları birləşdirir. Azərbaycanda multikulturalizm siyasətinə, mədəniyyətinə və ideologiyasına olan diqqət yüksək səviyyədədir.
Tiflis Dövlət universitetinin kafedra direktoru və “Azərbaycan multikulturalizmi” fənnini həmin universitetdə tədris edən David Qotsiridze çıxışında yeni Azərbaycanın mərhum prezident Heydər Əliyevin adı ilə bağlı olduğunu və bunun nəticəsində Azərbaycan xalqının yenidən özünü dərk etməsinin təsdiqində Heydər Əliyevin böyük rolu olduğunu vurğulayıb. Natiq Azərbaycanın multikulturalizm ənənələrinin çoxəsirli olduğunu və bu siyasətin Azərbaycanda uğurla aparıldığını qeyd edib.
İzmir Ege Universitetinin professoru Fikrət Türkmən Azərbaycan multikulturalizmi modelini araşdırdığını və bu modelin dəstəklənməsinə ehtiyacın olduğunu vurğulayıb. Azərbaycanda hüquqi bazası olan və hüquqa söykənən bir multikulturalizm anlayışının olduğunu deyən professor dünyada bəzən multikulturalizm terminini digər terminlərlə qarışdırıldığını söyləyib. Əslində multikulturalizm ideyası bir müddət başqa anlamların içərisində olduğunu və bu bunlardan biri də “qloballaşma” kimi geniş anlayış olduğunu vurğulayıb.
Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli bildirib ki, Azərbaycanda etnik qrupların mədəniyyəti, dilləri və folklorlları qorunur və inkişaf edir. Bu məqsədlə ölkədə tədbirlər, proqramlar və layihələr həyata keçirilir.
Litvanın Kazimeras Simonavicius universitetinin rektoru, professor Arunas Augistinaitis çıxışında multikulturalizmin müasir dünya üçün qaçılmaz bir hal olduğunu və dünyada baş verən siyasi, geosiyasi, iqtisadi və mədəni proseslərə təsirinin böyük olduğunu vurğulayıb. Multikulturalizmin yeni mühit yaratdığını və hər zaman fərqli formalarda olduğunu söyləyib.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini Roida Rzayeva “Multikulturalizm dialoq mədəniyyəti kontekstində”, Qərb Universitetinin müəllimi Svetalana Kurteş “Multikulturalizm haqqında bir neçə söz” mövzularında çıxış edib. Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri Aytən Qəhramanova kafedranın fəaliyyətindən söz açıb.
Dəyirmi masada multikulturalizmin və tolerantlığın Azərbaycan xalqı üçün önəmindən bəhs edən sənədli film nümayiş olunub.