"Bundestaqın ittihamları qəbuledilməzdir" - <span style="color:red;">Dövlət Komitəsi
14 iyun 2015 16:58 (UTC +04:00)

"Bundestaqın ittihamları qəbuledilməzdir" - Dövlət Komitəsi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi iyunun 12-də Almaniya Bundestaqında qəbul edilən qətnamə ilə bağlı bəyanat yayıb.


 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qətnamədə ölkəmizdə din azadlığının məhdudlaşdırılması, qeyri-islam dini icmalara qarşı ayrı-seçkilik və diskriminasiya hallarına yol verildiyi iddia olunur.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bildirir ki, Azərbaycanda dövlətin  din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycan dünyəvi dövlət olsa da, dövlət tərəfindən daima dinə xüsusi diqqət və qayğı göstərilir, məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da təmir-bərpa edilir, yeniləri tikilərək inanclı insanların istifadəsinə verilir. Hər il dövlət başçısı tərəfindən Prezidentin Ehtiyat Fondundan dini icmaların fəaliyyəti üçün maliyyə vəsaiti ayrılır və bu il üçün də ayrılmış həmin vəsaitin 400 min manatı qeyri-islam dini icmalarına verilib: “Ölkəmizdə heç bir tarixi dövrdə dini, irqi və etnik zəmində qarşıdurma halları baş verməyib. Azərbaycanın tolerantlığı, dövlətin multikulturalizm siyasəti bütün dünyada nümunə və müsbət  təcrübə kimi qəbul edilir. Dini etiqadından asılı olmayaraq, qanunvericiliyin tələblərinə cavab verən bütün İslam və qeyri-islam dini icmalar rəsmi dövlət qeydiyyatına alınır və sərbəst şəkildə fəaliyyət göstərir. Almaniya Bundestaqının Azərbaycana bu cür mənfi  münasibət göstərməsi, ölkəmizi ayrı-seçkilikdə və diskriminasiyaya yol verməkdə ittiham etməsi qəbuledilməzdir”.

 

Bəyanatda vurğulanır ki, Almaniyada son illər geniş vüsət alan islamafobiya prosesləri etnik və dini zəmində toqquşmalarla müşayiət olunur və bu proses indi də davam etməkdədir: “Almaniya 2010-cu ildə rəsmi şəkildə multikulturalizmdən imtina edərək,  bu gün yaşanan İslam əleyhinə hərəkatlara və islamafobiyanın geniş yayılmasına rəvac verib. Yaxşı olardı ki, Almaniya Bundestaqında Azərbaycanla bağlı məsələni müzakirə edən bəzi deputatlar və ayrı-ayrı siyasi dairələr öz ölkələrindəki islamafobiya, anti-islam hərəkatını, dini və etnik ayrı-seçkiliyin səbəblərini və fəsadlarını müzakirə edərək qiymətləndirsinlər. Bu cür neqativ halların yaşandığı, insanların dövlət səviyyəsində dini ayrı-seçkliyə məruz qaldığı cəmiyyətin ali qanunverici orqanının ölkəmizə dair insan haqlarının pozulmasını iddia etməsini və ölkəmiz haqqında əsassız ittihamlar səsləndirməsini qəti şəkildə pisləyirik. Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışan heç bir qüvvə bu istəyinə nail ola bilməyəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115
avatar

Oxşar yazılar