[b]"MTN-də 1 milyon pulumun 300 minini götürdülər"[/b] - ZƏRƏRÇƏKMİŞ ŞƏXS
28 aprel 2017 15:22 (UTC +04:00)

[b]"MTN-də 1 milyon pulumun 300 minini götürdülər"[/b] - ZƏRƏRÇƏKMİŞ ŞƏXS

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən  prosesdə zərərçəkmiş şəxs qismində Vidadi Əzizov ifadə verib.

 

O, istintaqa verdiyi ifadəsində bildirib ki, Rusiya və İran arasında gübrə alveri ilə məşğul məşğul olub: “2012-ci ildə adıma Dubaydan "Zaminbank"a pul göndərmişdilər. Həmin pulu götürmək üçün bankın Nərimanov filialına yollandım. Maşında həyat yoldaşım və sürücüm vardı. Nəriman adlı tanışım bankdan götürdüyü 1 milyon manatı mənə verdi. Sonra Nərimana puldan 300 min manat qaytardım. Qalan pulu maşının baqajına qoydum. Bu zaman Nəriman məni çağırdı. Ona tərəf getmək istəyən zaman üstümüzə  maskalı şəxslər gələrək bizi əhatəyə aldılar. Həbs edib MTN-ə gətirdilər”.

 

İfadəsini davam edən zərərçəkmiş  nazirlikdə Rəşad adlı şəxsin ona psixoloji təzyiq etdiyini deyib: “Mənə dedi ki,  bura sənin üçün axırıncı yerdir. Dedim, bura dövlətin binasıdır. Sonra məni vətənə xəyanət etməkdə, İrana casusluq etməkdə günahlandırdılar. Sonra ortaya pul söhbəti düşdü. 100 min manat verə biləcəyimi dedim. Soruşdu ki, hansı puldan verəcəksən? Bildirdim ki, mənim burda olan pulumdan verəcəyəm. Dedi, onsuz o pul sənin deyil. Orada məni dindirənlərin arasında Mirəziz Əsgərov ən mədəni insan idi. Orada elə hərəkət edirdilər ki, elə bil, MTN-də yox, bazardasan".

 

Vidadi Əzizov qeyd edib ki, onu günün sonuna kimi MTN-də saxlanılıb, günün sonunda 300 min dollar pulunu alaraq buraxıblar: “Daha sonra Mirəziz Əsgərov məndən 100 min dollar tələb elədi, sonda 40 min dollar pul verdim. 4 ay hər yerdə məni izləyirdilər.

 

Məni MTN-dən Mirəziz yola saldı. Sellofanda qalan pulumu da mənə qaytardı, amma 300 min dollarını götürmüşdülər. Pulu sürücümə verdim və bacımgilə aparmasını istədim. Özümün isə başqa işim olduğu üçün onunla getmədim".

 

Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş  şəxs bildirib ki, MTN-də sorğu-sual edilib: "Mənə İrandakı şirkətin rəhbəri Cəmşidyanla bağlı suallar verdilər. Onun Sepahın generalı olduğunu, onunla görüşdüyümü soruşdular. Onu iş adamı kimi tanıdığımı, İranda bir çox nüfuzlu şirkət rəhbərləri ilə görüşdüyümü, onlardan da birinin Cəmşidyan olduğunu dedim. Həmin vaxt İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyimlə bağlı heç bir sənəd ortaya qoya bilmədilər".

 

MTN-də təzyiqlərə məruz qalmasından, bir əməkdaşın silahı ona tuşlamasından danışan Vidadi Əzizov qeyd edib ki, MTN əməkdaşları həmin vaxt ona 1 milyon yox, 20 milyon dollar gələcəyini düşünüblər.

 

Mirəziz Əsgərov zərərçəkmişin dediklərini özünə qarşı təhqir kimi qiymətləndirərək, ona etiraz edib. Təqsirləndirilən şəxs, onun vəkili və zərərçəkmiş arasında mübahisə yaranıb.

 

Hakim tərəflərə xəbərdarlıq edib.

 

Daha sonra Mirəziz Əsgərov zərərçəkənin danışdıqlarına arayış verib: "Zərərçəkmiş yalan danışır.  Deyir ki, onun 674 min pulu olub. Guya 300 min dollarını alıb, qalan pulu özünə qaytarmışıq. Sonra iddia edir ki, ondan 40 min dollar da əlavə almışam. 40 mini alacaqdımsa, onun əlimizdə olan pulunu niyə qaytarırdım? Vidadi Əzizov ətrafında apardığımız araşdırmalarla kifayət qədər sübutlar toplamışdıq. İndi burada yalan danışır ki, 2001-ci ildən bizneslə məşğuldur. Bu şəxsin yaşam tərzinə nəzər yetirin. Özünün heç bir mülkü olmayıb. Bacısının evində yaşayıb. Deyir ki, biznesdə 1 milyon, 10 milyon, 18 milyon dövriyyəsi olub. Bu qədər dövriyyəsi olan adamın yarım milyonluq mülkü olmalı idi. Mən bu gün Vidadi Əzizovun ifadəsi ilə həbs olunmuşam və əsassız olaraq, həbsdə saxlanılıram. Vidadi Əzizov İran vətəndaşları ilə tanış olub. Onu İranda əməkdaşlığa cəlbetmə şərti ilə saxlayıblar. Bu haqda bizdə əməliyyat məlumatları olub. Burada deyir ki, Cəmşidyan iranlı biznesmendir. Heç kimə sirr deyil ki, Cəmşidyan SEPAH-ın generalı olub. Zərərçəkmiş burada deyir ki, həmin şirkətlərlə biznes fəaliyyətinə dair sənədlər göstərə bilmir. Bunun da səbəbi həmin ərəfədə İranın beynəlxalq sanksiyalar altında olmasıdır. Bu şirkətlər qanunsuz fəaliyyət göstərir, çirkli pulların yuyulması ilə  məşğul olurdu. Beynəlxalq təşkilatlar var ki, məhz dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə ilə məşğuldur. Ona görə də Vidadi Əzizova pullar İrandan yox, "Ziraatbank" vasitəsilə Dubaydan göndərilirdi. Vidadi İranda əməkdaşlığa cəlb olunarkən çirkli pulların yuyulması məqsədilə ölkədən çıxarılmasını öz üzərinə götürmüşdü. Burada Vidadinin bir faiz qazancı olacaqdı. Bizim əməliyyatımızı Moskvada bildilər. Bundan sonra həmin pullardan imtina elədilər”.

 

Məhkəmə mayın 12-də davam edəcək.

 

Qeyd edək, ittihama görə Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alınıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 109
avatar

Səlcuq Elçin

Oxşar yazılar