Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Lent.az APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanovla eyni təcridxanada saxlanılan iki şahid dindirilib.
Vəzifə cinayətləri ilə bağlı həbs olunmuş Eyvaz Əliyev deyib ki, ittiham olunan şəxsin nəyə görə tutulmasındən xəbərdar olduğuna görə, əvvəl onunla eyni kamerada saxlanılmasını istəməyib. Lakin bir müddət sonra onun günahsız olduğuna əmin olub: "Onun uşaq öldürdüyünə görə həbs olunduğunu eşitmişdim. Bunun üçün ona qarşı idim. Çünki mənim nəslimdən bir neçə nəfər Xocalı soyqırımı zamanı həlak olub. Sonradan isə mən üç övladımı və həyat yoldaşımı itirmişəm. İki ay yarım İlkinlə eyni kamerada qaldıqdan sonra əmin oldum ki, o cinayətkar deyil. Əgər azca şübhəm olsaydı inanın ki, mən onunla çörək kəsməzdim. Onu da deyim ki, İlkinə görə bizim kamera xüsusi nəzarətdə idi."
Şahid təqsirləndirilən şəxsin əleyhinə ifadə verən digər kamera yoldaşlarının dediklərinə də münasibət bildirib: "Bizimlə bir qalan iki məhkum deyib ki, İlkin gecə saxlayan zaman Nərmini öldürdüyünü deyib. Yalandı... Bizimlə eyni kamerada qalan məhkum Baxşəli Qəhrəmanov deyib ki, guya içəridə hörmətli biri olub. Həmin adam əxlaqsızlıq yuvaları təşkil etdiyinə görə həbs olunmuşdu. Təcridxanada da hörmətli məhkum olmayıb. Ondan “türmə”də məlumat yığmaq üçün istifadə edirdilər. Orda təcridxana rəisinə kimi hamı bilirdi ki, İlkin günahsızdır."
İlkin Süleymanovun əleyhinə ifadə verən digər kamera yoldaşı Rəvan İsmayılovun sözlərinə münasibət bildirən şahidin dediyinə görə, Rəvan İsmayılov təcridxanada olan vaxt and içərək İlkinin günahsız olduğunu deyib: "Rəvan oğlunun canına and içdi ki, İlkin günahsızdır".
Məhkəmədə daha sonra İlkinin dördüncü kamera yoldaşı Raqif Mirzəyev ifadə verib.
Raqif Mirzəyev də ifadəsində ittiham olunan şəxsin günahsız olduğunu deyib: "İlkin təcridxanaya gələndə pis gündə idi. Elə vəziyyətdə idi ki, yaxınlaşanda qorxurdu. Bir müddət keçdikdən sonra danışdı. Deyirdi ki, mənim vicdanım təmizdir, gec-tez ədalət yerini tapacaq."
Şahidin ifadəsi yarımçıq qaldığı üçün proses sabah davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.