“Məhsul” stadionunun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
İş üzrə dövlət ittihamını müdafiə edən Valeh Ələkbərov və təqsirləndirilən şəxslərin vəkilləri hazırkı mərhələdə hər hansı vəsatətlərinin olmadığını deyiblər.
Zərərçəkmiş Dadaş Umbatov məhkəməyə ərizə ilə müraciət edərək mülki iddiaçı qismində tanınmasını, ona dəymiş 360 min 200 manat ziyanın təqsirləndirilən Alik Həsənov tərəfindən ödənilməsini xahiş edib.
Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib. Dadaş Umbatov mülki iddiaçı, Alik Həsənov cavabdeh kimi tanınıb.
Cinayət işi üzrə 5 nəfər - Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanov zərərçəkmiş qismində tanınıb. Lakin onlardan Elçin Rüstəmov və Yusif Vəlixanov bugünkü prosesdə iştirak etməyib. Onları nümayəndələri təmsil edib.
Zərərçəkmiş Elçin Rüstəmovun hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edir.
Aslan İsmayılov məhkəmədə bu iş üzrə istintaq orqanının fəaliyyətindən narazı qaldığını, əsas günahkarın adının gizlədildiyini deyib. Vəkil deyib ki, təqsirləndirilən Nadir İsmayılov ifadəsində müvəkkili Elçin Rüstəmovdan aldığı pulları Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Möhbalıyevə verdiyini etiraf edib. Bu məsələ Nadir İsmayılovla Elçin Rüstəmov arasında üzləşdirmə zamanı da təsdiqlənib. Lakin Səttat Möhbaliyev bir dəfə də olsun istintaqa çağırılmayıb.
Aslan İsmayılov vəsatət qaldıraraq Səttar Möhbaliyevin məhkəmədə dindirilməsini istəyib.
Vəkil vəsatəti onunla əsaslandırıb ki, ittihamda göstərilən bütün işlərin əsas təşkilatçısı Səttar Möhbalıiyevdir: “Müttəhim kürsüsündə oturan şəxslərdən də çox Səttar Möhbaliyev günahkardır. Stadion ərazisinin satılmasının təşkilatçısı odur. Təqsirləndirilən şəxs ifadəsində deyir ki, satışdan aldığı pulu Səttar Möhbaliyevə verib, amma istintaq bir dəfə də onu çağırıb dindirməyib. Bu gün məhkəmə sistemi inkişaf edir. İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunması mənim bu vəsatəti verməyimə təkan oldu. Ramiz Rzayev olsaydı verməyəcəkdim. Ona görə ki, Ramiz Rzayev Səttar Möhbaliyevin bir zəngi ilə ayağa dururdu.”
Qaldırılmış vəsatət digər zərərçəkmişlərlə yanaşı təqsirləndirilən şəxslər və onların vəkilləri tərəfindən də müdafiə olunub. Onlar da Səttar Möhbaliyevin məhkəmədə dindirilməsini istəyiblər. Nadir İsmayılovun vəkili vəsatətə münasibət bildirərək müvəkkilinin özbaşına iş görə bilməsinin mümkünsüz olduğunu deyib:
“Elçin Rüstəmova əmlakı kim verib, sənəddə Nadir İsmayılovun imzası var? Xeyr. Əmlak Səttar Möhbaliyev tərəfindən verilib. Kimlərsə milyonlar qazanır amma Nadir İsmayılov 80 yaşında həbsə düşüb.”
Prokuror qaldırılan vəsatətin indiki mərhələdə baxılmamış saxlanılmalı olduğunu deyib. İttiham tərəfi hesab edib ki, tərəflərin və şahidlərin ifadələri alındıqdan sonra bu məsələyə münasibət bildirmək olar.
Qərara əsasən vəsatət baxılmamış saxlanılıb.
Hakim deyib ki, işin halları barədə tam məlumatlandıqdan sonra bu məsələyə baxıla bilər.
Zərərçəkmiş şəxslərdən ikisi prosesdə iştirak etmədiyinə görə məhkəmə istintaqının başlanılması təxirə salınıb.
Xatırladaq ki, Alik Həsənov direktoru olduğu Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunun ərazisini satmaq adıyla sahibkarları aldatmaqda ittiham olunur.
İş üzrə Alik Həsənovla birlikdə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev təqsirləndirilir.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündür mərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadionun ərazisinin 5 milyon 500 minə satıldığını deyib. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.
İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Alik Həsənov və Nadir Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Sail Ağasəlim