İvanovo vilayətinin sakini səkkiz yaşlı oğlunu döyərək özünə qəbir qazmağa məcbur edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə regional İstintaq Komitəsinin (İK) saytında məlumat verilib.
Məlumata görə, 33 yaşlı kişi oğlu ilə 2021-ci ilin yayından 2022-ci ilin payızına qədər Staraya Viçuqa kəndində yaşayıb. Buna qədər uşaq nənəsinin himayəsində böyüyüb, anası isə valideynlik hüququndan məhrum edilib.
Müstəntiqlərin müəyyən etdiyi kimi, kişi uşağı sistematik şəkildə döyüb, o cümlədən bədəninə kəmərlə vurub. 2022-ci il noyabrın 9-da kişi oğlunun başına əli ilə vuraraq kəllə-beyin travması yetirib. Bundan sonra o, uşağı evin yaxınlığındakı əraziyə aparacağı ilə hədələyib, ona kürək verib və özü üçün qəbir qazmağa məcbur edib.
İndi oğlan ailədən alınıb və təhsil müəssisəsindən birindədir. Kişiyə qarşı uşağa düzgün tərbiyə verməmə, amansız rəftarla müşayiət olunan, o cümlədən qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.