Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) icra hakimiyyətinin önündə piket keçirilməsini məqsədəuyğun hesab etməyib. Buna baxmayaraq, həmin partiyanın bir qrup üzvü piketin keçiriləcəyi haqda sosial şəbəkələrdə məlumatlar paylaşırlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Lent.az-a bildirib ki, piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın intensiv hərəkət etdiyi və insan sıxlığının yüksək olduğu ərazi olduğundan orada aksiya keçirilə bilməz:
"Ona görə də 2019-cu ildə qeydə alınmış analoji neqativ halın təkrarlanmasına imkan verilməyəcək, cəhd ediləcəyi təqdirdə isə qarşısı alınacaqdır.
Xatırladırıq ki, qanunvericiliklə icazə verilməyən yerlərdə kütləvi tədbirlərin keçirilməsinə görə təşkilatçılar məsuliyyət daşıyırlar".