Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1997-ci il təvəllüdlü Məmmədov Kamran Azər oğlunun axtarışları başa çatıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirlyinin saytına istinadən verdiyi xəbərə görə, Kamran Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
saat 11.50
Bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.
Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.
***
saat 10.16
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.