Naxçıvanın Şərur rayonundan olan Vüsal Quliyev və Rövşən Seyid martın 18-dən İranda saxlanılıb.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə saxlanılanların yaxınları məlumat verib.
Məlumata görə, həmin şəxslər xırda ticarətlə məşğuldurlar və İrandan müxtəlif mallar gətirərək Şərurda satmaqla dolanırlar. İranla sərhədlər bağlandıqdan sonra onlar Türkiyədən bu ölkəyə keçmək qərarına gəliblər.
Ötən ayın ortalarında İrana keçən bu şəxslər Təbrizə gediblər. Bir neçə gündən sonra onların ailələri ilə əlaqələri kəsilib. Bu yaxınlarda onlar ailələrinə zəng edərək Təbrizdə həbs olunduqlarını bildiriblər.
Saxlanılan şəxslərin maşınlarının üzərinə Azərbaycan bayrağı yapışdırdıqları və bu səbəbdən də İran kəşfiyyatının diqqətini cəlb etdikləri bildirilir. Onlar təxribat törətmək məqsədilə İrana gəlməkdə şübhəli bilinirlər. Təxribatlarını “sübuta yetirən” yeganə dəlil isə maşınlarında gəzdirdikləri Azərbaycan bayrağı olub.