Xocavənd rayonuna qanunsuz daxil olanlar saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çıraquz kəndində xidmətdə olan zaman Şamil Nurməmmədov, Ədalət Qasımov və Elşad Bayramovun idarələrindəki “Mercedes” markalı yük avtomobilini nəzarət qaydasına uyğun saxlayıblar.
Araşdırma zamanı həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmadığı müəyyən edilib.
Həmçinin avtomobilin yük yerinə baxış keçirilən zaman bu ərazilərdən qanunsuz olaraq topladıqları çəkisi 25 tona yaxın olan qara metal tullantıları aşkar edilib.
Faktla bağlı Xocavənd rayon Polis Şöbəsində adıçəkilən şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.