Rusiyanın Adıgey Respublikasında bədən tərbiyəsi dərsində ayağı burxulan 10 yaşlı Aidə adlı məktəbli qız kəskin sepsisdən ölüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, valideynlərin sözlərinə görə, uşağın bədən tərbiyəsi dərsi zamanı ayağı burxulub. Xəstəxanada uşağa ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.
Evdə onun vəziyyəti pisləşib. Dodaqları göyərməyə başlayıb, temperaturu yüksəlib. Təcili yardım maşını ilə yenidən xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilən qız saat yarım sonra dünyasını dəyişib.
Valideynlərə arayış verilib, burada ölüm səbəbi streptokokk pnevmoniya və kəskin sepsis olub. Lakin valideynlərin dediyinə görə, Aidənin xroniki və yoluxucu xəstəlikləri olmayıb.
İstintaq Komitəsi uşağın ölümü ilə bağlı araşdırma aparır, meyit ölüm səbəbinin müəyyən edilməsi üçün morqa göndərilib.