Masazırdakı oteldə qətl törədilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Oktyabrın 31-i gecə saat 5 radələrində Masazır qəsəbəsində yerləşən otellərin birində 32 yaşlı Turanə Cavadovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Peşəkarlıqla keçirilən istintaq-əməliyyat tədbirləri ilə 26 yaşlı Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Rəsul Niftəliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.