Görüntüləri silmək üçün  BDU-nun tələbələrindən pul tələb edirmiş - Kiberpolis YENİ DETALLAR  yaydı
27 fevral 2026 17:33 (UTC +04:00)

Görüntüləri silmək üçün BDU-nun tələbələrindən pul tələb edirmiş - Kiberpolis YENİ DETALLAR yaydı

1

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etdiyi barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, kiberpolisin keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.

Saxlanılan şəxs foto və video görüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Cəbrayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.

***
26 fevral, saat: 21:34

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tələbələrin fotolarını yayan şəxsi saxlayıb.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.

Əlavə məlumat veriləcəkdir.

***

12:00

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin şəkilləri sosial şəbəkələrdə icazəsiz paylaşılıb.

Lent.az xəbər verir ki, iki gündür bu məsələ sosial şəbəkələrin gündəmini zəbt edib.

Bildirilir ki, naməlum şəxs tələbələrin “TikTok” profillərindən götürülmüş fotoları montaj edərək saxta profillərdə yayımlayıb. Zərərçəkənlər məsələ ilə bağlı polisə müraciət ediblər. Lakin həmin şəxs hələlik tapılmayıb. 

İddialara görə, naməlum şəxs görüntülərin silinməsi müqabilində tələbələrdən pul tələb edir. 

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, bununla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4914

Oxşar yazılar