Gəncədə 3 nəfər maşını sürətlə sürən sürücünü döyüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.
Belə ki, sürücü küçədən sürətlə keçdiyi üçün 3 nəfər onu döyüb. Bundan sonra sürücü avtomobili onların üzərinə sürərək vurub.
Daha sonra sürücü və zərərçəkənlər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Onlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Xəsarət alanlar 46 yaşlı M.Qəhramanov, 29 yaşlı E.Əkbərov, 18 yaşlı N.Verdiyev və 19 yaşlı M.Fətullayevdir.
Hazırda faktla bağlı araşdırmalara aparılır.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Lent.az-a bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.
Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.