Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi silsilə əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə əvvəllər məhkum olunmuş Xanlar İbayev, Teymur Məmmədov, İlham Mirzəyev və Ruqiyyə Əsgərova tutularaq isitntaqa təqdim ediliblər. Onlardan ümumilikdə 3 kiloqrama yaxın heroin və psixotrop tərkibli metadon həbləri aşkar olunub. Saxlanılanlar ifadələrində narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əlaqə yaratdıqları naməlum şəxslərdən satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Ruqiyyə Əsgərovanın oğlu Pərviz Əsgərov da bir neçə ay bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ruqiyyə Əsgərova da ötən ay narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün bir dəfə tutulub. Amma onun qadın olması və yaşı nəzərə alınaraq barəsində məhkəmədə həbs yox, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Buna baxmayaraq, Ruqiyyə Əsgərova ona qarşı atılan bu humanist addımdan sui-istifadə edərək yenidən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Ümumilikdə Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının bu ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatlar zamanı 453 fakt aşkar edilib. Nəticədə qanunsuz dövriyyədən 30 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, tiryək, marixuana və metamfetamin, eləcə də 290 ədəd psixotrop tərkibli həb çıxarılıb.