Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, günorta saatlarında “112” qaynar telefon xəttinə Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
FHN qüvvələri tərəfindən operativ qaydada yanğın baş verən mənzilin qapısı xüsusi vasitələrlə açılaraq yanğın qısa müddətdə söndürülüb və mənzildə həyati təhlükəli vəziyyətdə qalan vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Yanğın nəticəsində ümumi sahəsi 48kv.m. olan mənzilin bir otağında ev əşyaları 1m² sahədə yanıb, otağın döşəmə və divarları ziyan görüb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.