Baş Prokurorluq və Təhsil Nazirliyi internatda ölən uşaqla bağlı məlumat yayıb.
Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixdə həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq ölüb.
Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb.
Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər-hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda araşdırma davam etdirilir.
Qeyd edək ki, bu barədə ilk xəbəri Lent.az yayıb.
***
saat 16:19
Bakıda internat məktəbində ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ruhi-əsəb internatında qeydə alınıb. 7 yaşlı Vəliyeva Svetlana Vüqar qızı qəflətən dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.