Bakıda 12 nəfəri gün vurub.
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib. Onun sözlərinə görə, yay mövsümi başlayandan hələ ki anomal isti hava şəraiti qeydə alınmayıb:
"Amma mövsüm başlayandan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına günvurmadan əziyyət çəkən 12 nəfər müraciət edib. Onlardan 10-na xəstəxanada, 2 nəfərə isə yerindcə yardım göstərilib".
Terapevt günvurmanın əlamətlərinə və bununla bağlı ilkin tibbi yardım göstərilməsinə də aydınlıq gətirib:
"Gün vurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürək bulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır. Xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır. Başının üstünə soyuq kompress (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək məsləhətdir.
Tənəffüs pozulduğu halda olaraq pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır. Əgər xəsarət alan insan özündən gedib, nəfəsi dayanıb, nəbzini əl ilə yoxlayıb tapmaq olmur və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajı etmək tövsiyə olunur".
terapevt Zakir Quliyev