Bakı-Quba yolunda  narkotik vasitənin təsiri altında   avtobus sürən şəxs həbs olundu
24 may 2022 08:39 (UTC +04:00)

Bakı-Quba yolunda narkotik vasitənin təsiri altında avtobus sürən şəxs həbs olundu

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Əfqan Ələsgərovun qanunazidd əməllərinin qarşısı alınıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayevin APA-ya verdiyi məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan “Mercedes Benz” markalı, 99-OK-279 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Əfqan Ələsgərov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ə.Ələsgərovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Ə.Ələsgərov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Əfqan Ələsgərov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
 

# 1278
avatar

Oxşar yazılar