Lənkərandan Şəmkirə odlu satmağa gələn keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində odlu silahı 600 manata satmaq istəyən Bakı şəhər sakini Emil Dadaşov saxlanılıb. Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 5 ədəd həmin tüfəngə məxsus patron və narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs silahın vəfat etmiş babasından qalmasını, uzun müddət Lənkəran rayonundakı qəbirstanlıqda babasının məzarında gizlətdiyini və Şəmkir rayonuna satmaq məqsədi ilə gətirdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.