Moskvanın “Sadavod” bazarında polislə miqrantlar arasında qarşıdurma yaranıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, sənədləri yoxlayan zaman sürücü avtomobili ilə qaçmağa çalışıb və onu saxlamağa çalışan polisi bir neçə metr arxasına sürüyüb. Bundan sonra gənc maşından düşərək polisi bir neçə dəfə vurub.
Həbs zamanı sürücü epilepsiya tutması keçirib. Bu zaman bir qrup aqressiv şəxs polis əməkdaşlarına yaxınlaşaraq saxlanılan şəxsə dəstək olduqlarını nümayiş etdiriblər. Hücum edənlər xidməti maşının təkərlərini də kəsiblər.
Nəticədə əlbəyaxa dava yerinə əlavə polis cəlb edilib və havaya bir neçə xəbərdarlıq atəşi açılıb. Münaqişə başa çatdıqdan sonra polis 82 nəfəri saxlayıb və Daxili İşlər Nazirliyinin ərazi idarələrinə aparıb. Miqrantlar barəsində inzibati xətalar haqqında protokollar tərtib edilib (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsi “Xırda xuliqanlıq”, 18.8-ci “Miqrasiya qanunvericiliyinin pozulması”).
Polisi vuran Tacikistandan olan 21 yaşlı miqrant barəsində cinayət işi açılıb.
Qeyd edək ki, “Sadavod” bazarı azərbaycanlı iş adamı, milyarder Qod Nisanov və Zarah İliyevə məxsusdur.