Ağadadaş Ağayevlə dalaşan mühafizəçi məhkəməyə ƏRİZƏ YAZDI
16 yanvar 2025 12:52 (UTC +04:00)

Ağadadaş Ağayevlə dalaşan mühafizəçi məhkəməyə ƏRİZƏ YAZDI

Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayevin məhkəməyə təqdim etdiyi ərizə elan olunub. 

Ərizədə qeyd olunub ki, tərəflər arasında barışıq əldə olunub:

“Biz 44 saylı notariusda barışıq ərizəsi imzalamışıq. Mənə dəyən ziyan ödənilib. Qarşı tərəfdən şikayətim və tələbim yoxdur. Məhkəmə işinə xitam verilməsini xahiş edirəm”. 

Daha sonra şahidlər ifadə verib. 

Prosesdə Zaur Rüstəmov hadisənin şahidi olmadığını bildirdi:

“Mən hospital ətrafında taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Hadisə zamanı orada olmamışam. Bu barədə eşitmişəm və videogörüntüləri izləmişəm. Həmin zaman mənim müştərim olub”. 

Daha sonra iş üzrə növbəti şahid Firdovsi Səfərov ifadə verib:

O, qeyd edib ki, ətrafdan söyüş səsləri eşidib:

“Ətrafa nəzər saldıqda gördüm ki, Nurəddin söyüş söyür. Söyüşlər qarşılıqlı idi. Ondan kimi söydüyünü soruşdum. O, barmağı ilə istiqamət göstərdi. Həmin istiqamətə baxanda Ağadadaş Ağayevi gördüm. Nurəddinə onun həm yaşca böyük, həm də ağsaqqal olduğunu deyib irad bildirdim. Sonra gördüm ki, bunlar dalaşır. Onları ayırmağa çalışdım”.

“Ağadadaş Ağayevin əlində balta olmasını, atmasını videogörüntüdən görmüşəm”, - deyə şahid əlavə edib. 

Məhkəmədə ifadəsi vacib olan şahidlər iştirak etmədiyi üçün məhkəmə təxirə salınıb. Növbəti proses yanvarın 23-də keçiriləcək.  

Qeyd edək ki, bundan əvvəl eyni ittihamla Ağadadaş Ağayevin cinayət işi ayrı icraatda Binəqədi Rayon Məhkəməsinə göndərilib. Ağadadaş Ağayevin cinayət işinə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılır.

Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident ötən il iyulun 23-də Binəqədi rayonu ərazisində insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və N.Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib. A.Ağayevin və N. Cəlilovun ittiham olunduğu cinayət işinə Binəqədi rayon məhkəməsində baxılır.

Tərəflər arasında rəsmi şəkildə barışıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar