Rusiyanın Sankt-Peterburq şəhər sakini Yuliya Villikki qanuni ərini axtarır.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 50 yaşlı Yuliya Azərbaycan vətəndaşı Rauf Tofiq oğlu Məmmədlə rəsmi nikaha girəndən sonra, təzə bəy yoxa çıxıb. Xanım Villikkinin bildirdiyinə görə, o, Raufla bir qədər əvvəl tanış olublar. Az sonra Rauf onu restorana, romantik şam yeməyinə dəvət edib. Bir neçə gün sonra isə Yuliyaya evlənmək təklif edib və onlar Vıborq rayon VVAQ-a üz tutublar. Rəsmi nikah bağlandıqdan sonra maşına əyləşərək evə gəliblər. Bu vaxt Rauf bildirib ki, pasportu VVAQ-da qalıb. Evdən pasport dalınca gedən bəy… hələ də geri qayıtmayıb.
Yuliya isə artıq aldadıldığını başa düşüb. Sən demə, bütün bunlar Rusiyada iş icazəsi almaq üçün imiş. Ondan boşanmaq istəsə də, bu məsələdə də çətinliklə üzləşib. Çünki Yuliya Raufun yaşadığı ərazi üzrə məhkəməyə müraciət etməlidir. Raufun isə harada qeydiyyatda olduğu bilinmir.