“Adamın inanmağı gəlmir...” - REPORTAJ - FOTO
25 aprel 2011 01:01 (UTC +04:00)

“Adamın inanmağı gəlmir...” - REPORTAJ - FOTO

Mətbuat səhifələri, internet məkanı, onun yaşadığı evinin qarşısı, hətta rəsmi “facebook” səhifəsi təəssüf və kədərlə doldu-daşdı. Heç bir söz, təsəlli, başsağlığı gerçəkliyi dəyişdirə bilməz - “Şən və hazırcavab” oğlan dünyasını dəyişdi. Aprelin 23-də günorta saatlarında ürəktutmasından vəfat etdi.

Aprelin 24-də isə günorta saatlarında əzizlərinin, sevənlərinin dostlarının əhatəsində Onu son mənzilə yola saldılar. “Şən və hazırcavablar” klubunun “Bakılı Oğlanlar” komandasının kapitanı komanda üzvlərinin - “Bakılı oğlanlar”ın çiyinlərində yola salındı. Şən deyildilər, Tahir də, Cabir də, Vado da, Bəhram da, Murad da - tamaşaçıları güldürməyə adət edən bütün dostları ağlayırdı. Hazırcavab da deyildilər. Kimə yaxınlaşırdım, hamı “deməyə söz, suallara cavab tapa bilmirəm”, - deyirdi.

Mənə dünən Anarın ölüm xəbərini vur-tut iki kəlmə ilə təsdiqləyən Bəhram Bağrzadə də bu gün susurdu...

Tabutu məzara qoyanda “Bakılı oğlanları”n üzündə həmişəki işgüzarlıq, ciddiyyət var idi. Və o saat hiss olunurdu ki, bu saat nə etdiklərinin fərqində deyillər. “Fatihə” oxundu, mərhumun ruhuna salavat çevrildi və... Ətrafdakıların dediyi növbəti söz bu idi: “Adamın inanmağı gəlmir...”

İnanmayan o qədər insanın - millət vəkilləri, incəsənət adamları, doğmaları, sadə vətəndaşların gözü önündə Anar torpağa tapşırıldı.

Qarmaqarışlığın içində hərə bir şey deyirdi. Biri deyirdi, özünə baxmırdı, çox işləyirdi, buna görə belə oldu, biri deyirdi şəkəri var idi. Bir başqası ətrafdakıları ürək tutmasından ehtiyat etməyə çağırırdı, gənc oğlanlardan biri də müşahidələrimə sonluq verdi: “nə isə, hayıf ölən candan...”

“Çox pozitiv insan idi...”

Aktrisa Dilarə Əliyeva iki-üç həftə əvvəl toy məclisində onu necə görmüşdüsə, elə də hafizəsinə həkk edib: “Ona baxanda düşünmək çətin idi ki, bir neçə həftədən sonra bu xəbəri eşidəcəm. Gülərüz, pozitiv insan idi”.

“Əbədi ayrılığa hazırlaşırdı, intuisiya deyirdi tez-tez görüş”

Şair-publisist Baba Vəziroğlu onun ölüm öncəsi təlaşını sezibmiş - şair qəlbi həssas olar, deyirlər. Yaxınlarını, dostlarını son vaxtlar tez-tez görmək, görüşmək istəyirmiş: “Axırıncı dəfə bir ad günündə görüşdük, bir ay olmazdı. Qələm dostumuzun, jurnalistin ad günü idi. Qəşəng yedik-içdik, adamın ağlına gəlməzdi ki, belə olar...

Onun şikayəti çox idi, amma səhhətindən şikayət etməmişdi. Milli dərdlərimizdən, Qarabağdan, beynəlxalq təşkilatların ikiüzlü siyasətindən şikayətlənirdi. Amma yeyib-içən, həyat eşqi ilə dolu, böyük planları olan, böyük filmlərə ssenari hazırlayan insan idi. Elə o məclisdə mənə xeyli planlarından danışdı, dedi hansı filmlər üzərində işləyir. Heç gözlənilən deyildi. Ölümü gözlənilməz oldu. Sanki o adam sağlamlıq mücəssəməsi idi.
O, gec-gec, yalnız məclislərdə, tədbirlərdə görüşməyimizdən şikayətlənirdi. Əvvəllər tez-tez görüşürdük. Kinematoqrafçılar İttifaqının katibi olanda, Rüstəm İbrahimbəyov hər Bakıya gələndə bir yerdə olurduq. Mənə hər dəfə deyirdi, niyə belə soyuqlaşırıq? Sən demə, əbədi ayrılığa hazırlaşırmış, bu intuisiya ona deyirmiş ki, mümkün qədər tez-tez görüş...”

“Bizim dostlarımızı dəfn edən vaxtımız deyil...”

“Bizim dostlarımızı dəfn edən vaxtımız deyil”, - vaxtdan da, baxtdan da şikayətlənən naşir Rasim Müzəffərli idi. Təəssüfləndi, onun yarımçıq çox işləri qaldı, dedi: “O cümlədən də mənimlə başladığı layihəsi... “Music of God – Allahın musiqisi”. Yeni formatlı, bədii-sənədli film olmalı idi. Filmin ssenarisini son günlərədək müzakirə edirdik. Ümid edirəm ki, Anarın yaxınları, dostları, onun başladığı işi davam etdirəcəklər. Mən isə hələ o haqda fikirləşmirəm...”

“Anar Məmmədxanov gənclərin kapitanı idi...”

“Adamın dili gəlmir...” Onun haqqında rəhmətlik kimi danışmaqda çətinlik çəkən “Soy” prodakşnın prezidenti Oqtay Əliyev idi: “Heç bir şikayəti yox idi. İki həftə əvvəl toy mərasimində görüşmüşdük. Həmişəki Anar idi... Ona baxıb fərəhlənirdik. Gənclərin kapitanı getdi. Yaş dövrü ilə müqayisə etsək, o öz yaşıdlarının kapitanı idi. Şəxsən mən onun gördüyü işlərlə fəxr edirdim. 1993-94-də ilk dəfə prodakşnımzda proqram hazırlayanda kömək edirdi bizə. Bakıda keçirilən MDB kuboku yarışlarında çox istəyirdik, amma Maslyukovdan müsahibə ala bilmirdik, məhz Anara görə, biz o müsahibəni ala bildik. İstənilən vaxt, istənilən məsələdə müzakirə edəndə biz köməksiz qalmırdıq, ona görə də o, gənclərin kapitanı idi...”

“Gedişilə sanki nəsə qopdu”

“Anar çox müsbət insan idi, hamı onunla dostluğa can atırdı. Amma o seçirdi. Yaxşı insanı dərhal tanıyırdı. Çox güclü intuisiyası var idi”. Anarın seçdiyi dostlarından biri, Azad Azərbaycan radiosunun rəhbəri Emin Musəvi bir-bir xatirələrinin təzələdi: “Onun kimi pozitiv, intellektli azərbaycanlılar çox olsaydı, həyatımız daha gözəl olardı. Biz onunla birgə layihə etməli idik. İlk dəfə bizim proqramda özünün “Ultra” prodakşnı haqqında danışırdı. İstəyirdi layihələrindən birində mən iştirak edəm. Bir neçə dost, mediaya aidiyyəti olan bir neçə şəxsin böyük bir layihə hazırlamasını istəyirdi. O bilirdi hazırda tendensiya nədir. Nəyi etmək və tamaşaçıya hansı keyfiyyəti təqdim etmək olar. Onu qiyabi tanıyanlar da belə düşünür ki, gedişilə sanki nə isə qopdu... Çox enerjili və dinamik idi. Saat neçədə yatsa da, oyanan kimi enerjili, dinamik olurdu. Adam var ki, yavaş-yavaş özünə gəlir. O dərhal, oyanan kimi kefi yaxşı olurdu. Bir tərəfdən rahat yaşayırdı, digər tərəfdən çox sıxılırdı. Sıxıntılarını danışmaq istəmirdi. Düşüncə baxımından o başqa mərhələ idi, məişət səviyyəsində məsləhət vermək mümkün deyildi. Anar əsl şəxsiyyət idi. O elə insanlarla yaxınlıq edirdi ki, bir çoxları o insanlara salam verməkdə çətinlik çəkirlər”.

Anar Məmmədxanovun sözü-söhbəti duzlu olsa da, əli duzlu deyilmiş. Bunu da Emin Musəvi danışdı. Dedi, bağda bizə öz əli ilə toyuq, xəngəl hazırlamışdı, təriflədik, toyuq o qədər də dadlı deyildi, qazanın dadı çıxmışdı... Anarla yaxın idik, son illər dostlaşmışdıq. Düşünürdüm ki, “Rəsmilər-qeyri rəsmilər”in televiziya versiyasını hazırlayanda Anarı çağırmaq asan olacaq. Ən çətini elə Anar oldu, çox vaxt Bakıda olmurdu. Lakin proqrama çəkiləndə heç nəyə kapriz etmədi. Yadımdadı, verilişdə gənc yaşda dünyasını dəyişən diplomatlardan təəssüflə danışırdı. Bir il bundan əvvəl proqramı çəkmişdik, o vaxt dedi, 40 yaşımı qeyd etməyəcəm, düşərli olmur...”

Əlvida, kapitan...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar