İran həbsdəki azərbaycanlı alimin azadlığa çıxması üçün 100 min dollar istəyir
05 noyabr 2009 14:30 (UTC +04:00)

İran həbsdəki azərbaycanlı alimin azadlığa çıxması üçün 100 min dollar istəyir

İstintaq İranda həbsdə olan azərbaycanlı alimi zaminə buraxmaq üçün 100 min ABŞ dolları tələb edir.


Bu barədə APA-ya təqsirləndirilən Rəşid Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri, “Lazer” Elmi Texniki Mərkəzin direktoru Soltanhəmid Məlikov məlumat verib.

S. Məlikovun bildirdiyinə görə, R. Əliyev ötən gün ailəsi ilə əlaqə saxlayıb. O, həyat yoldaşına zəng edərək zaminə buraxılması barədə onun işini araşdıran müstəntiqdən təklif aldığı deyib. Təklifə görə, R. Əliyev zaminə çıxmaq üçün 100 min ABŞ dolları ödəməlidir. Bu vəsaitin ödənilməsinə R. Əliyevin əməkdaşlıq etdiyi İranın “Sazan Electronics İndustry Company” şirkətinin rəhbəri razılıq verib. S. Məlikov yaxın zamanda azərbaycanlı alimin zaminə buraxılacağına ümid etdiklərini söyləyib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev bir il əvvəl İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində o, şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanmasına rəhbərlik edib.

Şirkətin rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasa da, o, bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftekxarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis Rəşid Əliyevin viza ilə bağlı problemi olduğunu bəhanə gətirərək onu həbs edib.

Bu günədək Rəşid Əliyevin həbsinin səbəblərinin araşdırılması və onun azadlığa buraxılması ilə bağlı İrandakı əlaqədar qurumlara məktublar göndərilsə də, hələlik heç bir nəticə əldə olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar