“Hamı yerində donub, Edikin qucağındakı uşaq meyitinə baxırdı...” – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
08 iyun 2015 10:53 (UTC +04:00)

“Hamı yerində donub, Edikin qucağındakı uşaq meyitinə baxırdı...” – ƏSİR DÜŞƏRGƏSİ

 

I hissə: http://news.lent.az/news/203029

II hissə: http://news.lent.az/news/204473

 

23 iyun 1993-cü il

 

Maşına oturan kimi gözlərini bağlamışdılar... Gözlərini açanda sökülüb dağılmış  qəbirlərin arasında idi. Ətrafda bir neçə erməni hərbçi var idi. Edik:

 

- Hə, türk! Xocavəndin Tuğ kəndində, müsəlman qəbiristanlığındayıq. Biz, ölən əsirləri burada dəfn edir, ailələri ilə “svyaza” çıxırıq. Kim ölüsünə sahib çıxmaq istəyir, zəhmət çəkib pulunu ödəyir, meyitini çıxardıb aparır. Hansı əsirin ailəsi ilə artıq razılaşmışıqsa, onu elə tabutda dəfn edirik ki, sövdələşmə asan baş tutsun. Bacın da buradadır, - dedi.

 

Axı insanı nə vadar edə bilər ki, məzarla ədavət aparsın? Buranı niyə bombalayıblar? Ölülərin günahı nədir ki, yüz il sonra torpaq altındakı sümükləri göyə sovrulsun?

 

Ermənilər Əlinin xarabalığa çevrilən qəbiristanlığa baxarkən sarsıldığını görüb, köhnə qəbirlərə atəş açdılar. Edik acıqlandı:

 

- Bəsdirin, erməniyə gülləni havaya atmaq yaraşmaz! Bizim hər açdığımız atəş heç olmasa bir türkü öldürməlidir. – Əliyə döndü: - Gedək, bacın burada deyil, təzə qəbirlər qabaqdadır.

 

On bir təzə məzar var idi. Xarabalıqdakı torpaq bir azca dikəlib, balaca təpəciyi isnad verərək, sanki sakitcə pıçıldayırdı: “Burada insan gizlətmişəm”.

 

Edik davam etdi:

 

- Bacın hansı məzardadır, deməyəcəyik. Bunu desək, daha sən necə qardaş olarsan? Yaxşı qardaş özü hiss etməlidir ki, bacısının məzarı hansıdır. Uşaqlar, türkə bel verin. İcazə veririk, bütün qəbirləri qaza bilərsən. Axtar, qaz, tap, götür, apar...

 

Onlar Əlinin qarşısına kiçik bir bel atıb, aralanmaq istəyirdilər ki, Əli Ediki çağırdı:

 

- Amma qazdığım məzarda bacımdan başqa da tanıdığım adam olsa, aparacağam...

 

Edik hərbçilərə tərəf döndü:

 

- Ara, bu nə danışır? Tanıdığım adam olsa nədir?

 

Hərbçilər gülürdülər. Əli bel əlində susub təmkinlə gözləyirdi ki, şərtində bir də israr etsin. Edik:

 

- Razılaşdıq, türk! Əgər kimisə tanısan, tanıya bilsən haa, tanısan – deyə qəhqəhə çəkdi, - Sənə kişi kimi söz verirəm, o qəbirdən hansı meyitin üstünə əlini qoyub tanıyıram desən, sənindir.

 

Ermənilər özləri ilə gətirdikləri bağlamanı açıb, süfrə qurdular. Xeyli aralıda dayanan maşının sürücüsü radionun səsini artırıb, əlindəki konyak butulkaları ilə onların yanına gəldi:

 

- İndi günorta konserti olacaq!

 

Əli musiqi sədaları altında bel əlində, məzarların arasında gəzişirdi. O, bacısının arxasınca gəlmişdi. Amma bütün məzarlar ona qardaş gözü ilə baxırdı. Burada hamı doğma idi. Əli onların arasında Səmanın məzarını seçə bilməzdi. Kimsəsiz məzarlar hamısı Əlini son ümidi kimi, dadına çatan qardaş kimi səsləyirdi...

 

Beli qarşısındakı məzara sancdı. Ehtiyatla qazırdı. Elə bilirdi ehtiyatsız hər hərəkəti onsuz da əzabla ölən insanların nəşini yenidən incidəcək...

 

Bir az qazmışdı ki, polietilenə bükülmüş nə isə göründü. Əli bacısını tapmağın asan olmadığını əvvəlcədən bilirdi, amma  belə bir mənzərə ilə qarşılaşacağını ağlına da gətirməmişdi. Beli atıb, dizi üstdə çökdü, əli ilə polietileni torpaqdan təmizlədi.

 

Torbanın içində qanlı insan qolu idi. Üstündə adı var idi – Vüqar Osmanov (ad şərtidir). Əli Vüqarın yarıyumulu əlindən bərk-bərk yapışıb, pıçıldayırdı:

 

- Səni burada qoymayacağam, qardaşım…

 

Vüqarın döyüşçü olduğunu bilirdi. Əsir düşmüşdü. Rayonlardan birində yaşayan valideynləri neçə vaxtdır Əligillə bərabər oğlanlarının meyitini almaq üçün nə əzablar çəkirdilər. Demək ki, onlar aylardır oğlanlarından bu yer üzündə qalan kəsilmiş bir əli geri almaq üçün bu qədər zülmə dözmüşdülər. Kim bilir, Əli bacısını necə görəcəkdi…

 

Əli, Vüqarın əlini buraxa bilmir, sanki uzun ayrılıqdan sonra doğma qardaşının əlini sıxırdı.

 

Növbəti qəbri qazdı. Polietilen torbaya bükülmüş qoşa ayaq çıxdı. Əli artıq nə edəcəyini bilmir, bir-bir məzarları qazır, baxır, yenidən basdırırdı. Meyitlərin bəzisi kiçik tabutlarda idi, bəzisi isə sellofana bükülmüşdü.

 

Hər an atışma başlaya bilərdi və anlaşma qüvvədən düşərdi... Burada hissə qapılmağın yer yox idi. Tez Səmanın meyitini tapıb, buradan uzaqlaşmaq lazım idi.

 

On birinci məzarın qarşısında dayanıb özünə təskinlik verirdi: “Ya budur, ya da mənimlə belə əylənirlər. Səmanı tapa bilməsəm, ola bilsin ki, lap yalan danışıblar. Bəlkə heç bacım ölməyib. Mənə əzab verməkdən həzz alırlar”.

 

Bel kiçik idi, qazmaq üçün ikiqat əyilməliydi. Daha məzar qazmağa heyi qalmamışdı. Onu ümidləndirən ancaq o idi ki, onları aldadıblar, Səma sağdır... Bu ümidlə də qazmağa davam etdi…

 

Məzara düşüb, tabutun qapağını qaldıran kimi dağınıq qadın saçları göründü...

 

O idi...

 

Saçlarını üzündən yığdı. Dodaqlarını araladı, iki qızıl dişi görünürdü, çıxartmamışdılar. Onu sonuncu dəfə görəndə geyindiyi paltar qan içində idi...

 

Əli rəqs edən, deyib-gülən ermənilər onun hönkürtüsünü eşitməsinlər deyə əllərini ağzına basmışdı.

 

Bacısının tabutunu qucağına alıb, qəbirdən qalxanda ermənilər rəqslərini dayandırdılar. Oyun bitmişdi...

 

Hərbçilərdən biri ona yaxınlaşdı:

 

- Biz səninlə eyni torpağın övladıyıq. Bunlar hamısı yerevanlıdılar, mən isə qarabağlı. Bayaqdan sənin bu qəbirləri tək qazmağın mənə pis təsir elədi onsuz da. Ver, bacını aparmaqda sənə kömək edim.

 

Əli ona əhəmiyyət verməyib, tabutu qucağına bir az da sıxdı. Edik dilləndi:

 

- Ağ eləmə, Arşak. Türk bayaqdan on qəbir qazmayıb ki, meyiti sənə daşıtdırsın. Qarabağlısansa, adətlərini yaxşı bilməlisən. Onlar ölülərinə sərxoş adamın əlinin dəyməsinə icazə verməzlər.

 

- Yaxşı, onda gözlə, gedim öz maşınımı gətirim, aparmağa kömək edim. Narahat olma, inandığımız haqqı erməni maşını deyil. – gülməyə başladı, - Kəlbəcər tunelindən tapmışam. Düzdür, çox güllə yeri var idi, amma təkərlərini dəyişdirdim, saz maşındı.

 

Arşak Əlinin cavabını gözləmədən, yolun kənarındakı maşına tərəf getdi. Arşakın dediyi maşın Yusif dayısının UAZ-ı idi. Səma bu maşında yaralanıb girov düşəndə, o biri maşınlar kimi bu da Kəlbəcər tunelində qalmışdı. Demək ki, qismətdə bu maşınla “xilas olmaq” da var imiş…

 

Əli bacısının tabutunu dayısının UAZ-ına qoyub, Edikə çevrildi:

 

- Birinci qazdığım məzardakı qolu da aparacağam.

 

- Ara, ağ eləmə! Demə ki, qolu tanımısan.

 

- Hə, tanımışam! Hərbçidir.

 

- Nə bildin?

 

- Əvvəldən demişdim sənə, tanıdığım adam olsa, aparacağam. Meyit deyil, qoldur... Amma onu burada qoymayacağam. Bu qəbirləri bir də o yaşlı ataya qazdırmağını istəmirəm.

 

- Bizim işimizə qarışma, türk!

 

- Yaxşı! Onda ata-anasına oğlanlarından bircə qolu qaldığını deyəcəyəm!

 

- Yaxşı, yaxşı! İstəyirsən biz qazancımızdan olaq?

 

Əli bayaqdan ilk dəfə Edikə tərs-tərs, acıqla baxdı. Edik səsinin tonunu dəyişdi:

 

- Gəl, açıq danışaq. Bu müharibə heç bizə də lazım deyildi. Burada döyüşdüyümüzə, iş-gücümüzlə məşğul olub, pulumuzu qazanardıq. İndi gətirib hamımızı töküblər güllənin altına. Biz də neyləyək? Oğurluq etmirik ki, savaba batırıq də. Bax, bilirsən nə qədər meyiti ailəsinə verilməyən türk girovu var bizimkilərdə? Öldükcə atıblar bir-birinin üstünə. Amma biz dərman çəkib çürüməyə qoymuruq, ailə ilə razılaşıb, geri qaytarırıq. Sabah tarixdə bizim kimi humanist insanların adı qalacaq, yoxsa qan tökən, baş kəsən şərəfsizlərin yox...

 

Əli Edikə qulaq asacaq halda deyildi:

 

- İndi nə deyirsən? Vüqarın qolunu da aparıram!

 

- Apar! Amma danışdığımız kimi, ailəsi dediklərimizi verəcək!

 

- Orasından narahat olma, çoxdan hazırlayıblar istədiklərinizi.

 

Əli Vüqarın qolunu sinəsinə sıxdı. İndi onun yapışacağı bir ələ o qədər ehtiyacı var idi ki... Bu, Vüqardan başqa kimin əli ola bilərdi ki?

 

***

 

Sevda xanımı huşsuz halda Beyləqan şəhər mərkəzi xəstəxanasına apardılar. Aydın müəllim isə bir neçə qohumu ilə elə həmin yerdə çöküb oturmuşdu. Qohumlar ona nə qədər “gəl, heç olmasa kölgəyə çəkilək” desələr də, eşitmirdi. Saatlardır ki, gözünü eyni nöqtəyə - Əlinin maşına əyləşib getdiyi nöqtəyə söykəyib, susurdu...

 

Qaynı Yusifin UAZ-ını uzaqdan tanıdı. Dikəldi. Əli maşından enəndə, nəhayət ki, dərindən nəfəs aldı. Bir az sonra Əli qucağında tabut, onlara tərəf addımlayırdı. Yanında isə Edik qucağında kiçik bir bükülü ilə irəliləyirdi.

 

Əlinin bacısının tabutunu tək qaldırıb gətirməsi nə qədər tükürpədici olsa da, hamının gözü Edikin qucağındakı uşaq meyitinə dikilmişdi. Axı onlar son ana qədər Nurlanənin yaşadığını bilirdilər...

 

Qohumlar qaçaraq Əlinin qucağındakı tabutu aldılar. Əli birinci atasının sual dolu baxışlarına cavab verdi:

 

- Nurlanə deyil...

 

***

 

- Vüqarın valideynləri onun qolunu...

 

- Yox, qızım. Ailəsindən heç kim onun təkcə qolu qaytarıldığını bilmədi.

 

- Necə?

 

- Oğlum bacısını da, onu da Beyləqana gətirib məsciddə adət-ənənə ilə yudurtdurub, kəfənlətdi. Tabuta qoyub möhkəm mismarlatdı. Atasına dedi ki, özüm açıb baxmışam, o idi...

 

Adları şərti yazmağa məcburuq. O valideynlər bu günə qədər oğlanlarının meyitini dəfn etdiklərini düşünürlər, tək qolunu yox...

 

- Səmanı harada dəfn etdiniz?

 

- Bərdədə...

 

***

 

Gözlər hələ də yoldan yığılmamışdı. Beş ailə üzvündən cəmi bir nəfərin meyitini geri ala bilmişdilər. Üç nəfərdən xəbər yox idi. Balaca Nurlanəni geri almaq üçün isə ailə, qohumlar, bütün laçınlılar hətta qoyun-quzusuna qədər satırdı...

 

Valideynlər hər şeydən əllərini üzmüşdülər. Yaşamağa gücləri, həyatda qalmağa səbəbləri yox idi. Səmanın yas məclisində iki dəfə Sevda xanımı özünü asarkən tapdılar. Tez çatmışdılar, xırıldayırdı...

 

Artıq bir qayda olaraq bacıları onu nəzarətsiz qoymur, yanında otururdular. Aydın müəllim isə özünü Sevda xanıma nisbətən təmkinli aparırdı. Ailə dərd içində itib-batanda yeganə gücü evin kişisindən alır. Aydın müəllim ayaqda dayanmağa məcbur idi, hələ Nurlanəni girovluqdan xilas etməli, qalan üç nəfərin taleyindən xəbər tutmalı idilər...

 

Amma söhbət övlad itkisindən gedəndə kimsə nə qədər dözüm nümayiş etdirəcəyini deyə bilməz. Çox keçmədi ki, Aydın müəllimi Səmanın məzarı üstündə tapdılar... Qoşalülə tüfəngi yanında idi. Cəmi bircə güllə açılmışdı... Onun üçün bəs idi. Onsuz da aylardır ki, qram-qram ölürdü...

 

(Davamı olacaq...)

# 1905
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar