Tuğrul Türkeş: “Pozulan hər şeyi düzəldəcəyik...” - MÜSAHİBƏ
24 iyun 2013 10:55 (UTC +04:00)

Tuğrul Türkeş: “Pozulan hər şeyi düzəldəcəyik...” - MÜSAHİBƏ

Yıldırım Tuğrul Türkeş 1954-cü ildə İstanbulda doğulub. Türkiyənin ən nüfuzlu adamlarından olan, MHP-nin qurucusu Alparslan Türkeşin böyük oğludu. Türkiyədə iqtisadçı və siyasətçi kimi tanınır.  

 

- Atanız Alparslan Türkeşi türk xalqlarının böyük dostu adlandırırlar. Siz də bu yolun davamçısı sayılırsız. Dostluq nədi sizin üçün? 

 

- Dostluq mənim üçün çox önəmlidi. Dostluq gerçək anlamda çox böyük diqqət və sayğı istəyir. Amma dostluq qarşılıqlı olmayınca, möhkəm olmur.

 

- Bəs insanlar arasındakı münasibətlərdə önəmli olan nədi?

 

- Bir çox münasibətlər var. Məsələn, ticari, siyasi işbirliyi, yoldaşlıq... Bu cür münasibətlər insanları bir müddət bir araya gətirir... İnsan çox qarışıq varlıqdı.

 

- Dostunuz çoxdu?

 

- Təəssüf ki, yox... istədiyim qədər çox deyil.

 

- Tuğrul bəy, günümüzün aktual mövzusuna toxunaq. Gəzi parkı olayı TÜrkiyənin siyasi mühitinə necə təsir elədi sizcə?

 

- Ən əvvəl iqtidarı ciddi şəkildə silkələdi. İqtidar dəyər itkisinə uğradı. Ondan daha mühümü, media çox önəmli bir dönəm yaşadı. Küçəyə çıxan adamlar dedilər ki, biz partiya üzvü deyilik, MHP-li, CHP-li deyilik, sadə türk vətəndaşıyıq. Sadəcə, sizin bu tərzinizi sevmirik. Bunu bütün media qurumlarına dedilər, media sahiblərinin digər obyektlərinə hücum etdilər. Demirəm ki, doğru elədilər. Etirazçının bir media sahibinin biznes obyektinə hücum etməsi o qədər açıq şəkildə xalqın düşüncəsini ortaya qoyan faktdı ki, bunun qarşısında heç nə demək olmur.

 

- Azərbaycanda çox olmusuz. Ortaq türkcənin inkişafı üçün çox çaba göstərmisiz. Türk dünyasını birləşdirmək uğrunda gördüyünüz işlər təqdir olunub həmişə. Bu yolda hazırda necə gedir işlər?

 

- Bəli, Azərbaycanda çox olmuşam. 1992-93-cü illərdə bir az Bakıda çalışmışam. Bizim TV-lər sizin dilinizi korlayır. O zaman diliniz daha saf idi. Həmişə demişəm ki, Azərbaycan türkcəsi daha saf türkcədi. O vaxtlar türkcənin daha gözəl ifadə edildiyini gördüm orda. Amma sonra deformasiya oldu.

 

- Bəs ortaq türkcənin yaranması ilə bağlı işlər nə yerdədi?

 

- Hə, onunla bağlı işlər davam edir. 93-cü ildən, Sovetlər Birliyi dağıldıqdan sonra hər il türk qurultayları olurdu. Türk dünyasını bir araya gətirmək və işləri bunun üstündə qurmaq arzusu ilə keçirilirdi, görməli olduğumuz işləri müzakirəyə qoyurduq. On bir Türk Qurultayı baş tutdu, sonuncusu 2001-də Bakıda oldu. Sonra təşkilatçı olan vəqfin idarəçiliyi dəyişdi, mən rəhbər seçildim. Bir çox alimləri, professorları dəvət etdik. Vəqfin birinci vəzifəsi türkcəni daha yaxşı vəziyyətə gətirmək məsələsidi.

 

- Türkcə yayğınlığına görə dünya dilləri sırasında hansı yeri tutur?

 

- Bütün ləhcələri ilə birlikdə dünyada beşinci yerdədir. Çincə, hindcə, ispanca, ingiliscə, sonra gəlir türkcə və s. Türkcəniz varsa, bütün dünya üzrə 300 mln. insanla danışa bilərsiz. Amma önündə əngəllər var bu dilin. Əngəl deyəndə kiminsə yaratdığı əngəli demirəm. Zamanın şərtləri içində ortaya çıxan əngəllərdi bunlar. Doğu Türküstanda ərəb əlifbasında yazırlar, məsələn. Əski Sovet coğrafiyasında kirillə yazırlar. Burda biz latın əlifbasıyla yazırıq. Bu bir-birimizi anlamaqda zorluq yaranır. Halbuki bütün Türküstan eyni əlifbada yazsa, bir-birimizi daha yaxşı başa düşərik. Burda yazdığımızı Doğu Türküstanda da, başqa yerdə də asanlıqla oxuya bilərlər.

 

- Bizim Güney Azərbaycan nə edəcək bəs? Onların heç ana dilində məktəbləri yoxdu.

 

- Ordakı görüşlər fərqlidi. Bir qisim deyir, bura bizim vətənimizdi , buranın bir dili  olmalıdı. Digər qisim deyir, yox, bizim öz dilimizdə məktəbimiz olmalıdı. Hər halda, bir ucundan başlamaq lazımdı. Hər kəs eyni əlifbada yazmaqla bağlı söz birliyinə gəlsə, məncə, digər problemlər də yavaş-yavaş çözülər.

 

- Türkiyədəki bu qarışıq vəziyyətin sonunu necə görürsüz?

 

- Çox maraqlı sualdı. Əsas məsələ budu ki, bizim baş nazirin sonu necə olacaq? O, niyə  belə edir? Anlamaq zordu. Adama sual vermək lazımdı, sənin işin, görəvin nədi? Baş nazirsən. Demək ki, ölkədə terrorun qarşısını almalısan. Daxili işlər nazirliyin var, əsgərin var, gücün var, çözməlisən bu problemləri. Amma sən əvəzində, arxasında terror hərəkatı var deyib 20 yaşlı uşaqları bibər qazına tutursan. Aksiyaçıların çadırlarını yandırırsan. Polisin işi vətəndaşını qorumaqdı, canını və malını təminat altına almaqdı. Polis neyniyir? Tam əksini edir. Vətəndaşın canına da, malına da zərər verir. Güvənini zədələyir. “Bunu kim elətdirir?” soruşsaz, mənə görə baş nazir elətdirir, deyərəm. Mən eləmirəm desə də... Yox, əgər doğrudan da o eləmirsə, belə çıxır ki, dövlətə hakim deyil, idarə edə bilmir. Bir baş nazir yönətimə hakim deyilsə, bu çox böyük problemdi ölkə üçün.

40 min adamı öldürmüş, əli silahlı qatili, terrorçunu bağışlamaq humanistlik, tolerantlıqdısa, cavan-cavan uşaqlara, əlində silahı olmayan öz vətəndaşına bu qədər nifrət, öfkə nə idi bəs? Sənə göstərərəm deyir uşağa, öldürərəm, deyir. Terrorçulara göstərdiyi tolerantlığı, məsələn, Gəzi parkında çadır qurub dostları ilə toplaşan, qarpız yeyən, 2 dənə kağıza bir şeylər yazıb göstərən uşağa göstərə bilmədi. Bunun izahı yoxdu mənim üçün.

 

- Türkiyədə baş verənlər iki cür yozulur: Bir qisim bunu kənar müdaxilənin nəticəsi, bir qisim də idarəçiliyin zəifləməsi hesab edir. Sizcə məsələ nədi?

 

- Bütün hallarda, deməli, iqtidar işinin öhdəsindən gələ bilmir. Bunların hamısı ola bilər. İqtidarın işi bütün hallarda bu sorunları çözməkdi. Kənardan olsa da, içdən olsa da iqtidar bir idarəçi funksiyası daşıyan mexanizmdi. Tutaq ki, küçədə biri deyir ki, İran edir bütün bunları. Yaxşı, deyək ki, İran edir. Bəs kim həll etməlidi? Siyasi iqtidar. Milli İstihbarat Təşkilatın var, çağırıb soruşmalısan: kim var bunun arxasında? Desə ki, İran var, İran səfirini çağırıb deyəcəksən ki, bunu sizin elədiyiniz təsbit edildi, əlimizdə dəlillər var, eləməyin! 20 yaşında uşağı hədələmək, “bu işləri edənlər var, sizi də alət ediblər” demək nə anlama gəlir? O uşaq nə edəcək ki? İranla döyüşəcək? Sən bunu uşağa niyə deyirsən? Bu sənin işindi. Həll eləməyə məcbursan. Bunun əvəzində cocuqlara qarşı mitinq düzəldir. Niyə edir, bəlli deyil. Məntiqi də yoxdu elədiyinin.

 

- Türkiyənin gələcəyini necə görürsüz?

 

- Yaxşı görürəm. Bu seçimlərdə MHP iqtidara gələcək, pozulan hər şeyi düzəldəcəyik.

 

- Nədən başlayacaqsız?

 

- Birinci problem iqtisadiyyatdı. Təhsilin səviyyəsini düzəldəcəyik. Gəncliyi doğru yerlərə yönəldəcəyik. Yeni bir sənaye planlaması lazımdı Türkiyədə. Sənayedə hər şeyi özümüz istehsal edəcəyik dönəmi bitib. Amerikada nəsə istehsal edəndə məhsulun ayrı-ayrı hissələrinin yüzdə səksən ikisi ordan-burdan alınır. Sonucda ərsəyə gələn məhsul Amerika istehsalı sayılır. Çində böyük şirkətlərin hamısı gəlirin yüzdə onunu araşdırma və təkmilləşdirməyə yatırır. Türkiyədə milli büdcədən araşdırmaya, təkmilləşdirməyə ayrılan pay çox azdı. “Milli maşın istehsal eləmək lazımdı” deyib durur bizim baş nazir. Mən buna ehtiyac görmürəm. Maşın on doqquzuncu yüz ilin texnologiyasıdı. Yeni sənaye quruculuğuna keçmək lazımdı. Gənc əhalini işlə təmin etmək üçün bu işlər görülməlidi. İnşallah, MHP bütün bu işləri yoluna qoyacaq.

 

- Türkiyə-Ermənistan münasibətlərində Azərbaycan-Ermənistan münasibətləri nə qədər nəzərə alınır?

 

- Türkiyənin dövlət olaraq bir baxışı var bu məsələyə. İyirmi ildə ermənilərlə olan hər görüş barədə Azərbaycana bilgilər verilib. Bunu bildiyim üçün söyləyirəm. Bütün hallarda, Türkiyə həmişə Azərbaycanın yanındadı.

 

- Tuğrul bəy, boş vaxtınız olurmu? Olursa necə dəyərləndirirsiz bu vaxtı?

 

- Yox, olmur. Siyasət artıq həyat tərzimə çevrilib. Amma son vaxtlar özümə zaman ayırıb kitab yazıram. Qərb hələ də qərbdirmi? Qərbin yaratdığı beynəlxalq quruluşlar hələ də yüksək mənəvi dəyərlərə xidmət edirmi? Bu kimi suallara, bir də ayrı-ayrı çağların təhlilinə həsr olunmuş bir kitabdı.

 

- Kimi sevirsiz Türkiyə yazarlarından?

 

- Sait Faik Abasıyanık (1906-cı ildə Türkiyədə (Adapazarında) doğulub. 47 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. Tərcüməçi, şair, hekayəçi və romançı olub.) çox maraqlıdı. Onun yazı tərzi,  “uz yazı” deyirik biz ona, xoşuma gəlir. Çox böyük bir mövzunu dəqiq ifadə edə bilmək ustalığı var.

 

- Müsahibə üçün, bizə bu qaçaraq, siz demiş, yoğun iş rejiminin içində vaxt ayırdığınız üçün təşəkkür edirəm.

 

- Siz sağ olun. Gələn ayaqlarınız var olsun. Azərbaycana salamlarımı yetirin.

 

Sait Faik Abasıyanık

 

O VE BEN


Sana koşuyorum bir vapurun içinden
Ölmemek, delirmemek için.
Yaşamak; bütün adetlerden uzak
Yaşamak.
Hayır değil, değil sıcak
Dudaklarının hatırası
Değil saçlarının kokusu
Hiçbiri değil.
Dünyada büyük fırtınanın koptuğu böyle günlerde
Ben onsuz edemem.
Eli elimin içinde olmalı.
Gözlerine bakmalıyım
Sesini işitmeliyim
Beraber yemek yemeliyiz
Ara sıra gülmeliyiz.
Yapamam, onsuz edemem
Bana su, bana ekmek, bana zehir
Bana tad, bana uyku
Gibi gelen çirkin kızım

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1892
avatar

Aysel Əlizadə

Oxşar yazılar