Təhlükəli şəhər, qəfil ziyarət, Babəkin edam olunduğu meydan... - TAMAŞA DÜNYA
16 iyul 2013 15:29 (UTC +04:00)

Təhlükəli şəhər, qəfil ziyarət, Babəkin edam olunduğu meydan... - TAMAŞA DÜNYA

Lent.az “Tamaşa dünya” layihəsi çərçivəsində yeni silsilə materialların yayımına davam edir. İndiyədək Azərbaycanın və dünyanın müxtəlif bölgələrindən fotolentlər təqdim etdiyimiz layihədə bu dəfə Yaxın Şərqin ən qaynar və əlamətdar yerlərindən fotomateriallar yer alır. Əməkdaşlarımızın növbəti səfəri İraqın Samirə şəhərinə olub...

Bağdad sanki hələ də işğaldadır; küçələr, yollar, hərbi texnika ilə doludur. İnsanlar da bu reallığa uyğunlaşıblar. Bağdadda çəkiliş aparmaq üçün gərək üç həftə öncədən Daxili İşlər Nazirliyinə yazılı müraciət edib, müsbət cavab alasan. Əks təqdirdə, nəinki çəkiliş etmək, hətta əldə adi kamera belə gəzdirmək mümkün deyil.


...İtirəcək vaxtımız yox idi. Bağdaddan Samirə (Samarra) şəhərinə yola düşürük Babəkin edam edildiyi şəhərə.
 

Samirə Bağdaddan 108  km uzaqlıqdadır, amma biz bu yolu təqribən 3 saata qət edirik. Səbəb hər bir neçə km-dən bir qurulmuş postlarda saxlanılmağımızdır. Əslində hərbçilər bunu bizi incitmək üçün deyil, təhlükəsizliyimiz üçün. Başqa şəhərlərdən fərqli olaraq hərbçi-polislərin bizim təhlükəsizliyimiz üçün nigaran olmasının səbəbləri daha ciddi idi: Biz şiə ölkəsindən gəldiyimiz üçün sünni şəhəri Samirədə hər bir hadisə real görünürdü. Bu şəhərdə yerləşən şiələrin 11-ci imamı Həsən Əsgərinin məzarını ziyarətə gələn şiə zəvvarlar hər fürsətdə hücuma məruz qalırlar. Bir neçə həftə öncə iki şiə zəvvarın başını kəsmişdilər.
 

...Şəhərə girişdə qurulmuş sonuncu postda biz heç cür içəri buraxılmırdıq. Min cür yalan danışırdıq ki, bunları inandıraq ki, biz orda rastlaşacağımız problemlərdən yan keçəcəyik. Nəhayət, başçılardan biri sürücümüzə yaxınlaşıb nəsə dedi və bizimlə sağollaşdı. Biz də yola düşdük.
 

Sürücü bizi şəhərin girişində patrul xidməti çəkən hərbi geyimli şəxslərə  təhvil verdi. Görünür ona bu cür tapşırılmışdı.
 

Bura şəhərin İmam Həsən Əsgərinin və yaxınlarının məzarı olan mərkəzi hissəsi idi. Şəhərcik zirehli maşınlarla və saysız hərbiçilərlə qorunurdu. Bizim üst-başımız, bel çantalarımız yoxlandıqdan sonra şəhərciyə aparıldıq. Məzar kompleksinin giriş hissəsində əşyalarımız və mobil telefon, fotoaparatlarımız götürüldü və biz məzara kompleksinə aparıldıq. Məzarları ziyarət etdik.
 

Axşam bir neçə hərbçi ilə ünsiyyət qurduq. Olduqca mehriban idilər. İçəridə çəkiliş qadağan olduğu üçün istəyirdik ki, heç olmasa fotoaparatları bu hərbçilərə verək, onlarda necə çəkə bilərlərsə bizi, özlərini çəksinlər və bu formada içərini anladacaq fotolar olsun. Və bu yolla bir neçə foto çəkildi...


Gecəni İmamın məzarı yanında uzaq yollardan gələn zəvvarlarla birgə keçirdik və səhərə qədər hərbçilərinin keşik çəkdiyini müşahidə etdik. Səhər 4-5 arası azan verildi və biz də yorğunluğa baxmayaraq qalxdıq.


Başa düşürdük ki, bu şəhərcikdə heç nə çəkə bilməyəcəyik, ona görə də, əşyalarımızı götürüb təhlükəli də olsa, şəhərin sünnilər olan hissəsinə yola düşdük. Amma elə o dəqiqə hərbçilər qarşımızı kəsdi. Samirədən əli boş qayıtmamaq üçün heç olmasa dünyaca məşhur “Spiral of Samarra” abidəsini çəkməkdən ötrü hərbçilərlə yalvar-yaxara başladıq. Və nəhayət bir neçə hərbçinin nəzarəti altında bu tarixi abidəni çəkdik. Yeri gəlmişkən, bizim üçün bu abidənin başqa dəyəri də var. Ərəb işğalına qarşı mübarizə aparan Babək 838-ci ildə burda, bu tikilinin həyətində edam olunub...

 

Samirədən çıxarkən bir hərbçi taksi çağırdı və gedəcəyimiz yeri dedi. Sürücü sünni olduğu üçün onun vəsiqəsinin qeydlərini, maşın nömrəsini götürdü. Və biz Kərkükə doğru yola düşdük. Biz Kərkükə çatana qədər həmin hərbçi sürücüyə dəfələrlə zəng vurub, bizi soruşurdu...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1957
avatar

Oxşar yazılar