İran hakimiyyəti artıq 11-ci prezident seçkisinin tarixini bir daha açıqlayıb.
Lent.az-ın İran informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib ki, bu siyasi tədbir 2013-cü il iyunun 14-də keçiriləcək. Həmin gün şəhər şuralarına 4-cü dəfə seçkinin gerçəkləşdirilməsi də planlaşdırılıb.
Xatırladaq ki, prezident seçkisi ilə bağlı qanunda dəyişiklik edilməsi gözlənilirdi. Dekabrın əvvəlində parlamentin qanuna etdiyi düzəlişə əsasən, prezidentliyə namizədliyini irəli sürən hər kəsin 8 il nazir stajı olmalı, yüksək vəzifələrdə çalışmış 300 nəfər isə onun idarəçiliklə bağlı qabiliyyətini təsdiqləməlidir.
İran prezidenti Mahmud Əhmədinejad parlamentdə prezident seçkisi qanununa edilən düzəlişə kəskin etiraz bildirmişdi. O, deyib ki, parlamentin prezident seçkisi qanununa etdiyi düzəliş ölkə Ana Yasasına ziddir: “Bir qrupun durub “xalq öz mənafeyini ayırd etmək qabiliyyətinə malik deyil, onun məsləhətini biz müəyyən etməliyik” - deməsi düzgün deyil və yolverilməzdir. Xalqın pulu və vaxtı belə layihələrə sərf olunmamalıdır. Belə olsa, o zaman konstitusiyaya nə ehtiyac var idi? Bu, ölkənin Əsas Qanununa zidd addımdır. Məqsəd isə odur ki, heç kəs müəyyən şəxslərin təsdiqini almayınca prezidentliyə namizədliyini irəli sürə bilməsin. Halbuki prezidentliyə namizədliyini irəli sürmək istəyən hər kəs xalqın əl-qolunu bağlamaqdansa, onun səsini qazanmağa çalışsa idi yaxşı olardı”.
İran parlamenti bir neçə gün əvvəl prezident seçkisi qanununa və prezidentliyə namizədlər haqda qanuna etdiyi düzəlişi ləğv edib.
Prezident seçkisi qanununa düzəlişə müxalif olan bəzi deputatlar bunu İran Konstitusiyasının 115-ci maddəsinə zidd sayırdı.
Bir neçə gün öncə, İran parlamenti qəbul etdiyi düzəlişi yenidən səsə qoyub. 162 deputat düzəlişin ləğvinin lehinə, 19 deputat əleyhinə səs verib, 15 nəfər isə bitərəf qalıb. Bununla da məclis səs verdiyi düzəlişi belə ləğv də edib.
Bu qərar qəbul ediləndən sonra jurnalistlərə açıqlama verən İran parlamentinin sədri Əli Laricani deyib ki, məsələ ilə bağlı Nəzarət Şurasına müraciət ediblər: “Ana Yasanın təfsiri məsələsində Nəzarət Şurasının fikri əsasdır. Biz onlarla əlaqə saxlayıb sözügedən düzəlişə onların münasibətini öyrənmək istədiyimizi bildirdik. Şura üzvlərinin cavabı belə oldu ki, prezidentliyə namizədlər üçün yalnız konstitusiyada vacib sayılan şərtlər əsas götürülməlidir. Nəzarət Şurasının rəyinə görə, prezidentliyə namizədlər üçün təyin edilmiş əvvəlki şərtlərə yeni şərtlərin əlavə olunması ölkə konstitusiyasına zidd addımdır. Biz də şuranın rəyinə hörmətlə yanaşdıq”.
Onu da xatırladaq ki, bu ilin ortalarında İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi prezidentlik institutunun ləğv edilərək, onun yerinə parlamentin seçəcəyi baş nazirlikdən söz açmışdı.
Hər iki halda istər parlament yuxarıda qeyd etdiyimiz şəkildə düzəlişi, istərsə də aəətullah Xamneyinin baş nazirlik qurumu yalnız İranın Ana Yasası dəyişdirildiyi halda mümkündür. Onda belə çıxır ki, bu ölkədə rəsmilər, o cümlədən parlament üzvləri, onun sədri, elə ali rəhbəri də ölkənin Əsas Qanununu oxumur. Oxusa idilər, orada çoxlu maddələrin həyata keçmədiyini görərdilər...
Şəhər şuraları ilə eyni gündə prezident seçkisinin keçirilməsi ehtimal etmək olar ki, daha çox seçici fəallığına nail olmaq üçündür. Çünki ölkə ötən ilki belə siyasi kampaniyalar göstərir ki, ölkə vətəndaşlarının seçki marağı ilbəil azalır. Ona görə də iki seçkini bir gündə keçirirlər.
Beləliklə, baş verənlər İranda yeni Ana Yasanın ortaya çıxacağını da istisna etmir. Çünki mövcud Əsas Qanun artıq nə rejimə sərv edir, nə də bölgədə, eləcə də dünyada gedə proseslərlə ayaqlaşır. Elə ali rəhbərlə, parlamentin çıxışları da buna işarədir...Başqa sözlə İran hakimiyyəti ömrünü uzatmaq üçün Ana Yasa islahatı da keçirə bilər...
Sədrəddin Soltan