Axır ki ABŞ Suriyadakı terror hərəkatına havadan zərbə endirdi. Rusiya və İran bu hərbi əməliyyatın qanunazidd olduğunu iddia ediblər. Vaşinqton isə Moskva, Tehran və Dəməşqi xəbərdar etdiyini bildirib.
Məqsədimiz Vaşinqtonun Suriyanın vurması üçün tapdığı səbəbi araşdırmaq deyil. İstəyimiz aparılan hərbi əməliyyatlar (fərqi yoxdur bunu terrorçular aparır, yaxud qanuni ordu birləşmələri və ya ABŞ, İran və Rusiyanın silahlandırdığı kürd yaraqlılar, PKK terrorçuları) nəticəsində həm Suriya, həm də İraqdakı türklərin (türkmanların, Azərbaycan türklərinin) öz dədə-baba torpaqlarından didərgin düşməsinə diqqəti cəlb etməkdir.
Hər iki ölkədə hərbi əməliyyatlar nəticəsində xristianların, yaxud ermənilərin, bir də yezidi kürdlərin qaçqın-köçkün halına düşdüyü haqda dünyanın çeşidli informasiya vasitələri xəbərlər yayır. Kürdlərin və ermənilərin “islamçılar tərəfindən” zülmə məruz qalması ilə bağlı rəy yaradılır. Bu xəbərlərin yalan olduğunu iddia etmirik, ancaq oradakı türklərin vəziyyəti haqda həmin KİV az qala susur. Sanki elə belə də olmalı imiş.
Ötən gün ABŞ-ın döyüş təyyarələri İŞİD-çilərin Suriyanın Hələb və Kubani rayonlarındakı mövqelərini bombalayıb. Həmin rayonlarda kürd yaraqlılar da savaşır. “News.ru”-nun məlumatına görə, Türkiyədəki kürdlərin yardımı ilə onlar İŞİD-çilərin həmləsinin qarşısını alıb. Başqa sözlə, ABŞ-ın Hərbi Hava Qüvvələri kürdlərin yardımına gəlib.
Habelə son iki gündə 150 minə yaxın kürd Suriyadan keçərək, Türkiyəyə sığınıb.
Onların Türkiyəyə sığınmaları və düşdükləri acınacaqlı vəziyyət haqda da KİV geninə-boluna təbliğat aparır.
Diqqət isə əsas məsələdən yenə yayınır. Nəzər almaq lazımdır ki, Suriyadakı kürdlər İraqdakı kimi özlərinə dövlət qurmaq uğrunda savaşırlar. Onların mübarizəsi ilə regionda yaşayan digər xalların mübarizəsinin məqsədi tamam fərqlidir. Hətta bəzi ehtimallara görə, Suriyadan Türkiyəyə sığınan kürdlərin arasından da perspektivdə terrorçu PKK-nı dəstəkləyənlər də ola bilər.
Bu xəbərlərin fonunda dəyərli araşdırmaçı Əli Şamilin “Colan türkmanları” kitabından oxuduqlarımı xatırladım.
Kitab Suriyada itib-batan Colan (Qolan və ya Kolan) türkmanlarından bəhs edir:
“…Ərəbcə “Hadbetül-Cülan”, ibranicə “Ramat Ha Golan” adlandırılan təpəliklərin sahəsi 2 min kv.km-ə yaxındır. Suriyanın güney-doğusunda, İsrailin quzey-doğusunda yerləşən Colan təpələrinin bir ucu da Livan və İordaniyaya çatır. Oradan həm Şam şəhəri (Dəməşq), həm də Ağ dəniz (Aralıq dənizi) aydın görünür…
..1967-ci ildə İsrail Colan təpələrini ələ keçirənədək oradakı 15 kənddə bizimlə eyni dildə danışan, eyni dinə inanan soydaşlarımız toplu halda yaşayırdı. İsraillə Suriya arasındakı 6 günlük savaşda soydaşlarımız canlarını qurtarmaq üçün mal-mülklərini qoyub, Suriyanın içərilərinə doğru qaçıblar. Beləcə, Colan təpələrinin 1158 kv.km sahəsi İsrailin işğalı altında qalıb”.
1981-ci ildə İsrail oranı öz ərazisi elan edərək, 33 yaşayış məskəni salıb. Ora xaricdən gətirilən 15 min nəfər yerləşdirilərək, onlara ibrani dili də öyrədiblər.
46 il öncə öz dədə-baba yurdlarından savaş nəticəsində qovulan türklər indi də Suriyadan didərgin düşüblər. Suriyadan qaçqın halına düşən təkcə Colandakı türklər deyil, Hələb, Şam, İraqda Tuzhörmətlu, Telafər, Mosul, Kərkük və başqa bölgələrdəki türklər, türkmanlar, Azərbaycan türkləridir.
Baş verənlərdən belə çıxır ki, İŞİD-çilər müsəlman olmayanları, erməniləri və yezidi kürdləri qırır. Bəs, torpaqlarından qaçqın salınmış türkmanlar, Azərbaycan türkləri?
İllər uzunu İraqdakı türklərin şeirini dinlədik, Sinanla Səidlə Nəriminə Məmmədovanın “Ninnə yarım” mahnısına ağladıq. Türkiyədə də bu problemə heç bundan fərqli yanaşılmadı. Orada da türkmanlara rakı içirdib, şeir dedirtdilər. Suriyadakı Colanlardan isə xəbərsiz yaşadıq…
Belə getsə, İranda da oxşar taleyi yaşayacağıq. Hələ Sibirin çinliləşməsini demirik.
Okeandan-okeana torpaqların birləşməsindən danışmırıq. Heç olmazsa, ayaqlarımız altında qalan, dədə-baba torpaqlarımıza yiyə durmaq üçün hədəfimiz varmı?
Hədəfi olmayan millət ən yaxşı halda assimilyasiya olar, ən pis halda isə tarixdə itib-batar, torpaqlarına yadlar yiyə durar...