[b]“100 min adam qaldı orada, çöldə-biyabanda” – <span style="color:red;">REPORTAJ [/b]
24 iyun 2014 14:54 (UTC +04:00)

[b]“100 min adam qaldı orada, çöldə-biyabanda” – REPORTAJ[/b]

Lent.az-ın əməkdaşı Şərqin barıt çəlləyi İraqdan yazır

 

...Silopidən cənuba doğru üz aldıqca TIR  maşınlarından ibarət uzun bir növbə dayanıb. Azı 10 kilometrə çatıb növbənin uzunluğu. Maşınların sayı isə durmadan artır…

Qarşıda isə Türkiyənin İraqla sərhədindəki Habur keçid qapısıdır.

 

Göydən od tökülür: səhər saat 10, hərarət azı 42 dərəcə.

 

Oradan, qarşı tərəfdən üzü bəri isə təkcə TIR-lar növbəyə düzülməyib. Kiçik maşınlarda, velosipedlərdə, motosikllərdə, mikroavtobuslarda içərisi, yük yeri, üstü əşya və həm də insanlarla dolu böyük bir karvan gəlir İraqdan. İnsanlar təlaşlı, hüznlü…və bir az da ürkək.
 

 

 

 

“Qaçmasaydıq, Allah bilir...”

 

 

- Biz Birovucludan qaçdıq. Qəfil, gecə girdilər. Kəndin kənarındakı evlərə soxuldular əvvəl. Silah axtarırdılar. Heç nə də tapmadılar. Amma durmadan da atırdılar. Dəli kimi. 25 nəfəri itirdik. Hamı da bir-biri ilə qohumdu. Təxminən 30 nəfəri isə əsir götürdülər. Heç onlardan indiyədək də xəbər yoxdu. Başımızı götürüb qaçdıq. Qaçmasaydıq, Allah bilir, bizim aqibətimiz necə olacaqdı.

 

Bunu Əhməd Çoban deyir. İraqın Tuzhurmatu bölgəsinin Birovuclu kəndinin sakini.  Hara gedəcəyini də düz-əməlli qərarlaşdıra bilməyib. Deyir, uşaqları Mardindəki qohumlarıgilə qoyub, bəlkə geri qayıtdı. Amma bəlkə…Çünki geri, Tuzhumatıya qayıtmaq ölümə bərabərdir. İŞİD-ə görə…

 

 

 

“Orada 100 min adam qalıb”

 

 

Hüsen isə Niğdədəndir. Türkiyənin Niğdə şəhərindən, İraqda biznesi vardı. Deyir, canımı götürüb qaçmışam. Daha orada qalmaq mümkün deyilmiş.

 

- Teleferdə idim, çantamı götürüb çıxdım. Teleferdən xəbəriniz yoxdur. Azı 100 min adam qalıb orada. Hamısı da türkmən. Bu qaçanlar var ha, əliylə göstərir - hamısı şiələrdir. Şiə türkmənlər. Duhoka, Rabiyaya, Sincara doğru, hamı qaçır. O 100 min türkmənin axırı nə olacaq, Allah bilir. Elə hesab edin ki, İŞİD-in əlində 100 min əsir var orada.  Elə bu qaçanların vəziyyəti guya yaxşıdı? Ac-susuz, ayaqyalındılar. Bu zavallılıar hara gedəcəklərini də bilmirlər axı. Ümidli idilər ki, bəlkə Kərkükə keçəcəklər. Amma Kərkük yolu da bağlıdı. Türkiyənin sərhədinə gəlib çatanadək bilirsən, nə zülm çəkiblər bunlar? Mənə nə var e, bir az Silopidə dincəlib gedəcəyəm Niğdəyə, evim-eşiyim var orada. Bunların sonu necə olacaq?

 

 

 

“O biri oğlumun harada olduğunu bilmirəm”

 

İraqdayıq, daha doğrusu, bu ölkənin gömrüyündə. Şəkildə gördüyünüz bu uşaqlar və anaları diqqətimizi cəlb edir. Dilbərdi adı qadının: "Üç-beş quruşumuz qaldı bura çatanacan. Başımızı götürüb qaçdıq". Bir oğlu isə əmisi ilə qalıb. Düzdür, onlar da Teleferi tərk ediblər. Dilbər deyir ki, Ərbildə olmalıdılar.

 

- Qaçhaqaç düşdü, qaynım öz uşaqlarını maşına doldurub getdi. Mənim oğlum Əli də onlarla idi. Heç bir xəbərimiz yoxdu. Sağdılarmı, öldülərmi. Hər tərəfi də İŞİD tutmuşdu. Biz də qaçıb bura kimi gəlmişik. Uşaqlara bir az su, çörək verdim, azca dincəlsinlər, Türkiyəyə keçəcəyik.

 

- Hara gedəcəksiniz?

 

- Ərzuruma. Orada qohumlarımız var. Nə vaxt geri qayıdacağıq? Allah bilir, oralara qayıtmaq daha getdi.

 

 

 

“Bir çadırda 5-6 ailə yaşayır”

 

 

 

İŞİD-in ildırım sürəti ilə Mosulu, Tikriti, habelə Kərkük ətrafında türkmən kəndlərini tutmasından sonra  İraqda sözün əsil mənasında bir insanlıq dramı yaşanır. Ən ağır vəziyyətdə olan isə türkmənlərdir. İndi məlum olur ki, İŞİD-in bu hücumuna nə türkmənlər hazır imiş, nə də elə Türkiyə. Qos-qoca türkmən şəhəri Kərkükü isə indi təəssüf ki, kürd peşmərgələr qoruyur. İllərdi geopolitik mübahisə predmeti olmuş Kərkükə Bərzani hökuməti bir güllə atmadan sahib olub, deyəsən.

 

 

- Sabah İŞİD Kərkükə hücum etsə, peşmərgə də sonacan burada durmaq istəməyəcək. Çünki onun torpağı deyil. Nəyinə lazım? Çəkiləcək Ərbilə, Duhoka. Bizim, türkmənlərin isə silahı yox. Nə Türkiyə kömək edir. Nə də İraq hökuməti, Bağdad.

 

Bunu Hafiz Saleh deyir. Teleferdə məmur imiş. Deyir, gücümüz yoxdur, uzaqbaşı 4-5 saat dirəniş göstərə bilərik Kərkükdə. Hafiz Saleh deyir ki, Kərkükdə qaçqınlar üçün bir neçə çadır şəhərciyi tikiblər. Amma orada qalmaq da təhlükəlidi.

 

- Əvvəl 250 ailə yaşayırdı, indi 3 minə çatıb. Bir çadırda 5-6 ailə yaşayır. Su yoxdur. Bir az su tapan kimi uşaqlara veririk. Zarıyırlar, su istəyirlər. Adambaşına günlük 1 litr su verirlər. O da günortayacan qurtarır. Biz birtəhər dözə bilirik. Uşaq dözə bilmir axı. Ərzaq da çatışmır. Bundan başqa, həmin şəhərciyin özü belə təhlükəlidir. Qorunmur. Təkcə İŞİD-dirmi? O qədər qaçaq-quldur var ki.  Hələ biz qaçıb bura kimi gəlmişik. Çöllərdə bilirsən, nə qədər adam var? Nə qədər qadın-qız var? İŞİD-in əlinə keçsələr, necə olacaq bəs?

 

 

 

 

 

***

 

 

“Dünya hara baxır, heç kim bizə yardım eləmir” deyir Kərkük Türkmən Cəbhəsinin liderlərindən biri Əli Mehdi. Hər yerə müsahibələr verir, Türkiyəni təcili köməyə çağırır. Hələ 10 gün əvvəl İraq Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi də İraq türkmənlərinin müdafiə olunması çağırışı ilə Türkiyəyə müraciət etmişdi. Salihi İraq hökumətinin ölkədəki bütün millətlərdən olan vətəndaşlara dəstək göstərməsini, lakin təkcə iraqlı türkmənlərin bu dəstəkdən məhrum olduğunu bildirmişdi. Amma ortada heç nə yox! Ancaq söz, bəyanat, müsahibə və açıqlamalar. Türkmən liderlərin bacardığı bu.

 

 

 

“Budur kömək?”

 

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun “20 min türkmən qardaşımıza yardım göndərdik” kimi çağırışı da iraqlı türkmənlərdə ironiya və ikrah doğurur. Sən demə, Davudoğlunun yardım dediyi isti adyallar və bir qutu ərzaq payı imiş.

 

 

- Burda istidən od tutub yanırıq. Davudoğlu bizə bataniya (adyal) göndərir. Biz silah istəyirik.  İŞİD elə bunların verdiyi silahla bizi qırır. Suriyada bunlara silahı elə Ərdoğan hökuməti vermədimi? Bunlar cəhənnəmə, Ərbildən İstanbula 150 dollara aldığımız biletin qiymətini 3 dəfə qaldırıblar. Budur kömək?

 

 

 

 

***

 

 

Köməkdən söz düşmüşkən, türkmənləri sanki qarğıyıblar.

 

Rəsmi Bağdadın türkmən köylərinin yerləşdiyi ərazilərdə İŞİD-ə qarşı keçirdiyi əməliyyatlarda terror qurumunun üzvlərindən daha çox yerli türkmənlər öldürülür.

Hasan Cəmiloğlu adlı türkmən deyir ki, Maliki hökumətinin təyyarələri Ayaz kəndində olan İŞİD qüvvələrini bombalayıb. Nəticədə 4 terrorçu öldüyü halda, 30-dan çox türkmən öz evinin qalıqları altında can verib.

 

 

- Bombanı hara gəldi atırlar. Fərqində deyillər ki, həmin kənd və qəsəbələrdə dinc insanlar da var. Əslində çox gözəl bilirlər. Sadəcə türkməndir deyə, ağına-bozuna baxmadan bombanı atırlar. Veclərinə deyil. Elə Həsənköydə də bir ailə atılan bombadan qırıldı. Heç tikələri də ələ gəlmədi.

 

Ölənləri isə harada gəldi basdırırlar. Qəbirstanlığa üz tutmağa qorxurlar. İŞİD-in qaydalarına görə, dində qəbirstanlıq və ya qəbir daşı anlayışı yoxdur. Sadəcə, basdırdıqları yerə bir işarə qoyurlar ki, sonradan tapa bilsinlər.

 

***

 

TIR-lar isə sərhəddə növbə gözləyir. Amma beziblər onlar da. Deyirlər ki, İŞİD-in həbs etdiyi yoldaşlarından da bir xəbər yoxdur.

- Biri gəlib deyir Mosulda saxlayırlar, biri deyir çoxdan öldürüblər, guya Türkiyə də bilir, sadəcə, gizlədir. Hərə bir söz deyir. Türkiyənin o başından min, 2 min kilometr yol gəlmişik. Bu dəfə də keçsin, çıxacam bu işdən. Balalarım var.

 

Bunu isə Salim adlı TIR sürücüsü deyir. Deyir, düz 4 gündür ki, sərhəddədir. İraqa keçə bilmir.

 

- Bircə söz bilirlər, yollar bağlıdı. Deyirik, heç olmasa Zahoya keçək (Türkiyə-İraq sərhədində kiçik şəhər), yükü boşaldaq, deyirlər ki, yox. Zahoda TIR əlindən yer yoxdur. İsti də bu yandan. Hamı başını itirib. Oradan gələnlər isə elə şeylər danışırlar ki, adamın tükləri biz-biz durur.

 

***

 

Hə, düz deyir Salim. Buradan çox yox, 150-200 km aralıda başqa bir İraq var. Burada, Türkiyə ilə sərhədin bir addımlığında isə başqa bir İraq. Burada, Zahoda, Dohukda, insanlar gündəlik qayğılarıyla məşğuldular, başları işlərinə-güclərinə qarışıb. Az aralıda isə, insanlar başlarını salamat qurtarmaq üçün mücadilə verirlər.

 

Elə növbəti yazımız da bu barədə olacaq.

 

 (Ardı var)

  

Səbuhi Məmmədli, Silopi-Zaho

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5102

Oxşar yazılar