Çeçenistan rəhbəri Ramzan Kadırov bir neçə gün əvvəl transplantasiya olunmuş böyrək səbəbindən çox güman ki, süni komaya salınıb. Onun vəziyyəti son dərəcə ağırdır və həkimlər pis proqnoz verirlər. Lakin Rusiya bu məlumatı ictimaiyyətdən gizlətməyə çalışır.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiyanın “YUKOS” neft şirkətinin keçmiş vitse-prezidenti Leonid Nevzlin sosial şəbəkələrdə yazıb.
Onun məlumatına görə, Kadırovun böyrəyinin köçürülməsi əməliyyatını uzun müddətdir onu müalicə edən həkimlər Birləşmiş Ərəb Əmirliyində həyata keçirib. Lakin əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin pisləşib, Moskva xəstəxanalarından birində onu süni komaya salıblar. Bundan əlavə, Moskva Mərkəzi Klinik Xəstəxananın həkimlərinin onun beyin ölümü olduğunu və təcili olaraq Əmirlikdən həkimləri çağırdığına zəmanət verə bilmərəm, - Nevzlin yazıb.
O, əlavə edib ki, Çeçenistan lideri xəstəxananın ayrıca blokunda yatır, onun yanında mühafizəçilər növbə çəkir və yaxın adamları orada ona baş çəkir.
Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Kadırovun xəstəxanada ağır vəziyyətdə olması xəbəri yayılmağa başlayıb. Hətta bəziləri onun artıq dünyasını dəyişdiyini yazıblar. Lakin dünən Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib ki, Kremlin dəstəkçisi ağır vəziyyətdədir və onun mümkün ölümü Moskva üçün problemə çevriləcək.