İran müharibəsində SON VƏZİYYƏT:  Hörmüz bağlı qalır, gəmilərə yeni hücumlar başlayıb
12 avqust 2026 13:25 (UTC +04:00)

İran müharibəsində SON VƏZİYYƏT: Hörmüz bağlı qalır, gəmilərə yeni hücumlar başlayıb

0

İran müharibəsinin başa çatması istiqamətində aparılan danışıqlar yenidən dalana dirənib. Tehran Hörmüz boğazının açılması üçün irəli sürdüyü şərtlərdən geri çəkilməyib, Vaşinqton isə bölgədəki dəniz blokadasını davam etdirib. Gərginlik fonunda Qırmızı dəniz və Oman körfəzində gəmilərə yeni hücumlar olub.

Lent.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, qlobal enerji daşımaları üçün həyati əhəmiyyət daşıyan iki əsas dəniz marşrutunda vəziyyət ağırlaşıb. Hücumlar dünya bazarında neftin qiymətinin yüksəlməsinə, səhmlərin isə ucuzlaşmasına səbəb olub.

“Brent” markalı neftin bir barelinin qiyməti 1,4 faiz artaraq 88,91 dollara, ABŞ nefti isə 1,3 faiz bahalaşaraq 83,20 dollara çatıb.

Bab əl-Məndəbdə qanlı hücum

Yəmənin Nəqliyyat Nazirliyinin məlumatına görə, Bab əl-Məndəb boğazında Misirə məxsus “Tihamah” yük gəmisinə edilən ehtimal olunan husilərin hücumu nəticəsində dörd heyət üzvü həlak olub. Xilasetmə əməliyyatına qoşulan iki yəmənli hərbçinin də öldüyü bildirilib.

Məlumat təsdiqlənərsə, bu hadisə İran müharibəsi başlayandan bəri husilərin gəmiçiliyə hücumları zamanı qeydə alınan ilk insan itkisi olacaq.

Husilərin nəzarətindəki “Saba” agentliyi qrupun Bab əl-Məndəbdə hərbi avadanlıq daşıdığı iddia edilən Səudiyyə Ərəbistanına məxsus gəmiyə hücum etdiyini açıqlayıb. Lakin gəminin adı göstərilməyib, Ər-Riyad isə məlumatı şərh etməyib.

ABŞ gəmiyə raket atıb

ABŞ Mərkəzi Komandanlığı Oman körfəzi istiqamətində hərəkət edən Panama bayraqlı yük gəmisinin vurulduğunu bildirib. Açıqlamaya görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin “MH-60” helikopteri gəminin idarəetmə sistemini sıradan çıxarmaq üçün iki “Hellfire” raketi atıb.

Vaşinqton gəminin İran limanlarına tətbiq olunan dəniz blokadasını pozduğunu və dayanmaq barədə təkrar xəbərdarlıqlara məhəl qoymadığını iddia edib. Dənizçilik mənbələri gəminin Pakistan sahilləri yaxınlığında vurulduğunu bildiriblər.

Tehran Hörmüz boğazını açmır

İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi Möhsün Rzayi bəyan edib ki, ABŞ Tehranın şərtlərini qəbul etməyənədək Hörmüz boğazı bağlı saxlanılacaq. İran dondurulmuş aktivlərinin azad olunmasını, müharibənin dayandırılmasını, həmçinin Livan və Qəzza daxil olmaqla regiondakı qarşıdurmalara son qoyulmasını tələb edir.

Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri Hörmüz boğazından keçirdi. Boğazın uzun müddət bağlı qalması enerji qiymətlərinin daha da yüksəlməsi və qlobal tədarük zəncirinin pozulması riskini artırır.

Trampdan yeni təhdid

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib. O, İranın mümkün addımlarına sərt hərbi cavab veriləcəyinə işarə vuraraq ABŞ-ın hazırda əlverişli mövqedə olduğunu söyləyib.

Tramp bir tərəfdən danışıqlar apardığını və razılaşmanın mümkün olduğunu bildirsə də, digər tərəfdən Tehran iqtisadi cəhətdən çökənədək gözləyə və ya İrana ağır zərbə endirə biləcəyini qeyd edib.

İran İnqilab Keşikçiləri Korpusunun komandan müşaviri Məhəmməd Rza Nəqdi isə ölkəsinin lazım gəldikdə “əməliyyatları düşmən ərazisinə keçirmək” imkanları hazırladığını açıqlayıb. Bu bəyanat müharibənin yeni ölkələrə və dəniz marşrutlarına yayılması riskini daha da artırıb.

Fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə indiyədək minlərlə insan həlak olub. Tərəflərin sərtləşən mövqeyi yaxın zamanda atəşkəsin əldə olunacağına dair ümidləri zəiflədib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar