“Apple” şirkəti “iPhone 5c” smartfonunu köhnəlmiş qurğu elan edəcək.
Lent.az “ICTnews”a istinadən xəbər verir ki, bu barədə şirkətdən “MacRumors” nəşrinə bildirilib.
2013-cü ildə təqdim edilmiş smartfon oktyabrın 31-də köhnəlmiş qurğular kateqoriyasına keçiriləcək. Həmçinin “Apple” şirkəti 2014-cü ilin ortalarında çıxarılmış 15 düymlük “MacBook Pro” qurğusunun dəstəyini dayandıracaq.
Köhnəlmiş cihaz statusu onu göstərir ki, qurğu artıq şirkətin xidmət mərkəzlərində qəbul edilməyəcək, ancaq xidmət mərkəzi ehtiyat hissələr olduğu halda aparatı təmir edə bilər.
“iPhone 5c” şirkətin istehsal xəttində ilk ucuz smartfon olub. Ucuz cihaz 4 düymlük IPS displey, plastik korpus, “Apple A6” çipi, 1 QB əməli yaddaş, 8 meqapiksellik əsas kamera ilə təchiz edilib.
Xatırladaq ki, “Apple” şirkəti oktyabrın əvvəlində 7-ci nəsil “iPod nano” pleyerini köhnəlmiş elan etmişdi.