Din, məzhəb adı altında yaradılan ictimai problemlər
15 iyul 2011 21:12 (UTC +04:00)

Din, məzhəb adı altında yaradılan ictimai problemlər

İrandakı hakimiyyət yalnız müxalif siyasi, milli düşüncəliləri izləmək, onları tutub, çeşidli işgəncələrə məruz qoymaqla deyil, vicdan azadlığını pozmaq, təhsil sistemində cinsi ayrı-seçkilik yaratmaq, qadınlara müxtəlif yasaqlar tətbiq etmək, insanların alternativ informasiya vasitələrindən yararlanmasını önləmək, məzhəbinə görə ayrı-seçkilik qoymaqla da insan haqlarını tapdayır.

Bu günlərdə qadın hüquq müdafiəçisi, Tehran Özəl Universitetinin siyasi elmlər fakültəsinin tələbəsi Fərnaz Kamali İnqilab Məhkəməsinin Tehrandakı şöbəsinə çağırılıb. O, ölkənin “milli təhlükəsizliyinə qarşı çıxmaqda”, “icazəsiz toplantılara qatılmada” ittiham edilir. Fərnaz Kamali cari ilin martında Tehranın Fələstin küçəsində keçirilən etiraz aksiyasında tutulub bir müddət saxlanılmış, 300 min dollarlıq girov qarşılığında zaminə buraxılmışdı.

Ölkə vətəndaşlarının müstəqil və alternativ informasiya almaq imkanlarını məhdudlaşdırmaq üçün İran rəhbərliyi çeşidli tədbirlər keçirməkdədir.

İran polis qüvvələri komandanının nümayəndəsi Əhmədrza Radan jurnalistlərə açıqlamasında çanaq antenalarından yaralananlara xəbərdarlıq edib. O, vətəndaşların evlərinin damlarındakı bu qurğuların yığışdırılması prosesini davam etdirəcəklərini söyləyib: “Polisin birinci xəbərdarlığından sonra yenidən belə antenaları quraşdıranlar məsuliyyətə cəlb ediləcək. Onların istifadə etdiyi antenalar müsadirə edildikdən sonra yenisini alan, yaxud ondan istifadə də israrlı olanlar tutularaq, məhkəməyə veriləcək”.

Yeri gəlmişkən, ABŞ-ın Maliyyə Nazirliyi ötən həftə Əhmədrza Radana və komandanı İsmayıl Əhmədi-Müqəddəmə sanksiya tətbiq edib. Onlar Suriya prezidenti Bəşər Əsədə dinc etirazçıları əzməkdə yardım etdiklərinə görə, bu yasağa məruz qalıblar.

Tehran Sənaye Universitetinin rektoru Rza Rusta-Azad gələn tədris ilindən qızlarla oğlanların ayrı-ayrı auditoriyalarda təhsil alacaqlarını söyləmişdi. Onun sözlərinə görə, orta məktəblərdə oğlanlar qızlarla ayrı-ayrı oxuyurlar. Onlar ali məktəblərdə birdən-birə qızlarla bir yerdə təhsil alanda “şoka düşürlər”. Rektorun sözlərinə görə, yeni təhsil ilindən tələbələrin cinsi fərqinə görə, ayrı-ayrılıqda təhsil ala bilmələri üçün müəyyən proqramlar hazırlanıb.

İnsanların bu sayaq mənəvi basqıya məruz qalması, habelə oğlan və qızların təhqir edilməsinə qarşı ölkə daxilindən də etirazlar edilməkdədir. Ölkə parlamentinin deputatı Əli Abbaspur-Tehranifər Təhsil Nazirliyinin bu proqramına qarşı çıxaraq, belə proqramın düzgün olmadığını və daha çox maliyyə vəsaiti xərclənəcəyini bildirib: “Bu maliyyə vəsaitini ödəməyə bizim imkanımız yoxdur. İkincisi, universitetdə təhsil alan oğlan və qızları biri-birindən ayırmağın mənası yoxdur, çünki cəmiyyətdə onlar birlikdə işləyib, fəaliyyət göstərəcək”.

İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad da məsələyə öz mənfi münasibətini bildirib. O, ali təhsil naziri Kamran Daneşcu və səhiyyə naziri Mərziyə Vəhid-Dəstcerdiyə məktub yazaraq, ali təhsil ocaqlarında dərs deyən müəllimlərin ardıcıl təqaüdə göndərilməsinə və tələbələri cinsinə görə bir-birindən ayırmaq cəhdinə qarşı çıxdığını bəyan edib: “…Eşitdiyimizə görə, bəzi universitetlərdə və təhsil ocaqlarında sonrakı nəticəsi nəzərə alınmadan təkcinsli auditoriyalar təşkil edilir. Bu kimi səthi və düşünülməmiş hərəkətlərin qarşısı dərhal alınmalıdır”.

Hökumət başçısı nazirdən qızlarla oğlanların biri-birindən ayrıca təhsil alması ilə bağlı tədbirin “dərhal dayandırılmasını” tələb edib.

Heç şübhəsiz bu sayaq tədbirlər hakimiyyətdə ideoloji aşınmanın və boşluğun göstəricisi də sayıla bilər. Cari il İranda təhsil alan birinci kurs tələbələrinin 60 faizini qızlar təşkil edib. Ümumilikdə ölkə üzrə 3,5 milyon tələbə var.

2009-cu ilin oktyabrında İran İnqilab Məhkəməsinin Rəştdəki şöbəsi 32 yaşlı protestant təriqətli keşiş Yusif Nadirxaniyə ölüm hökmü çıxarmışdı. O, “mürtədlikdə” və “müsəlmanlar arasında xristianlığı təbliğdə” suçlandırılırdı.

İranın ali məhkəməsi bu hökmü ləğv edib. Məhkumun vəkili Məhəmmədəli Dadxah deyib: “Müttəhim hərəkətlərinə, dinini dəyişdiyinə görə tövbəyə çağırılıb. Yenidən baxılması üçün iş geriyə, sakini olduğu şəhərə, Rəştə göndərilib”. Başqa sözlə, o, etdiyi “cinayətə” görə, tövbə edərsə, barəsində qaldırılmış iş ləğv oluna bilər.

Hazırda Yusif Nadirxaninin 32 yaşı var. O, 19 yaşındaikən islamdan xristanlığa keçib. Bundan sonra hazırda «İran kilsəsi» adlanan yevangeliya icmasının keşişi olub. Y.Nadirxaninin xanımı Fatimə Pəsəndidə də xristianlığı qəbul etdiyi üçün barəsində də ilkin olaraq, ömürlük həbs cəzası çıxarılmışdı. ,təni lini oktyabarında Appeliyasi məhkəməsinin qərarından sonra o, sərbəst buraxılıb. Onların iki az yaşlı övladı var.

İnsanları dini inanclarına və ya vicdan azadlığına görə təqib edib, onları cəzalandıran hakimiyyət islam dini məzhəblərinin təmsilçiləri arasında da ayrı-seçkilik qoymaqdadır. Bu hakimiyyət təmsilçiləri tərəfindən də etiraf edilir.

Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin cümə namazının rəhbəri Mövləvi Əbdülhəmid “Came” məscidində çıxışı zamanı ölkədə sünni məzhəbli vətəndaşlara qarşı təzyiqlərə, ayrı-seçkiliyə son qoyulmasını tələb edib.

Sünnilərin haqqını tapdayıb, xristianlığı qəbul edənlərdən tövbə tələb edən hakimiyyət əcaib bir qərar da çıxarıb. Həmin qərara əsasən, bundan sonra ölkədə “gülən qadın reklamı” yasaqlanıb.

İran informasiya vasitələrinin məlumatına əsasən, bundan sonra aktrisa, model qadınların fotolarının jurnal, qəzet səhifələrində, habelə qida və ya ənlik məhsulları üzərində reklamı qadan edilib. Bu qərarın icrasına yerli bələdiyyələrdə yaradılmış özəl bölmələr nəzarət edəcək.

Tehran hakimiyyətinin çeşidli tədbirlərinə baxmayaraq, ölkədə boşananların sayı da artmaqdadır. İslam Respublikasının rəsmi statistikasına görə, son 5 ildə boşananların sayı 37 faiz artıb. 2005-ci ildə ailə bağlarını qıranların sayı 84 min idisə, 2010-cu ildə bu rəqəm 137 min 200 olub. Boşanma halları daha çox gənc ailələrdə baş verib. Boşanan qadınların orta yaş həddi 20-24, kişilərinki isə 25-29-dur.

Belə xəbərlərə əsasən ölkədəki ictimai durumu hər kəs dəyərləndirə bilər. İrandakı hakimiyyət 32 il ərzində vətəndaşlarına verdiyi zülmlə, onların haqqını tapdamaqla, habelə ailə işlərinə qarışmaqla cəmiyyətdə ciddi sosial problemlər yaradıb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar