İsrail siyasətinin nənəsi: “2000 ildir gözləyirik...” - HEKAYƏT
01 mart 2011 15:25 (UTC +04:00)

İsrail siyasətinin nənəsi: “2000 ildir gözləyirik...” - HEKAYƏT

Qolda Mayer İsrailin 4-cü Baş naziri idi. Xanım Mayer öncə Əmək naziri və Xarici işlər naziri vəzifələrində çalışmış, 1969-cu il martın 17-də isə İsrailin Baş naziri seçilmişdir. İsrailin ilk qadın Baş naziri, dünyada isə bu vəzifəni tutan üçüncü qadın idi!

O, “Dəmir ledi” ifadəsi ilə, bu ləqəb hələ İngiltərənin Baş naziri Marqaet Tetçerə aid edilməzdən öncədən çağırılırdı. Keçmiş Baş nazir David ben Qurion onu “ofisdəki ən yaxşı kişi” adlandırırdı. O, yəhudi xalqının “möhkəm iradəli, birbaşa danışan nənəsi” kimi təsvir olunurdu!

Mayer 1975-ci ildə İsrail dövlətinə və cəmiyyətinə xüsusi xidmətlərinə görə İsrail Dövlət Ödülü ilə təltif olundu!

***

Qolda Maybovitç kimi 1898-ci ilin mayın 3-də Kiyevdə Blum Neiyditç və Moşe Maybovitçin ailəsində dünyaya gələn bu qızın Şeyna və Tzipke adlı iki bacısı, o cümlədən uşaq yaşlarında ölmüş daha 5 bacı və qardaşı vardı. O, özəlliklə Şeynaya çox yaxın idi. Moşe Mabovitç 1903-cü ildə iş tapmaq məqsədilə Nyu-Yorka getmişdi. Onun yoxluğunda bütün ailə Blumun valideynlərinin yanına – Pinskə köçmüşdülər. Moşe 1905-ci ildə daha yaxşı maaşlı iş tapmaq üçün Mivauki şəhərinə gedir və yerli dəmir yollarında işə düzəlir. Növbəti ildə o, ailəsini də ABŞ-a aparır.

Blum Milvaukidə ərzaq dükanı işlədirdi. Bəzən anası dükanda olmayanda isə Qolda onu əvəz etməli olurdu. Qolda 1906-cı ildən 1912-ci ilə kimi, hazırda onun adını daşıyan ibtidai məktəbə getmişdir. (O, məktəbə başlayarkən ingilis dilini bilməməsinə baxmayaraq, məktəbi “fərqlənmə” ilə bitirdi.)

14 yaşında ikən o, həm məktəbdə oxuyur, həm də işləyirdi. Anası onun məktəbi bitirib, tezliklə ərə getməsini istəsə də o, buna qarşı çıxdı. Qolda Denverə qatar bileti alaraq, ərdə olan bacısı Şeyna Kornqoldun yanına getdi. Kornqoldlar tez-tez evlərində intellektual axşamlar təşkil edərdilər. Mayer burada sionizm, ədəbiyyat, qadın hüquqları və başqa mövzularda debatların şahidi olurdu.

O, bir neçə on il sonra “özkeçmiş”ində yazacaqdı: “Denverdəki həmin axşamlar mənim gələcək ideyalarımın formalaşmasında vacib rol oynayıb...” Denverdə o, yalnız yeni nəzəriyyələrlə, “mənəvi varlıqlar”la deyil, həm də, necə deyərlər, həyatını paylaşacağı canlı insanla (həyat yoldaşı ilə) – rəssam Morris Meyersonla tanış olmuş və 19 yaşında ikən ona ərə getmişdir. O, 1916-cı ildə hazırkı Milvauki Universitetini bitirdi. Eyni ildə o, ivritcə danışan xalqlar məktəbində işləməyə başladı.

19 yaşına kimi Qolda Mabovitç kimi tanınan Qolda 1917-1956-cı illərdə isə Qolda Meyerson kimi tanınır.

Qolda leyborist-sionist olduğu halda, əri sosialist idi. Ancaq bu ideoloji-siyasi dünyagörüş fərqliliyi cütlüyün birgə addımlamasına mane olmurdu...

Qolda 1915-ci ildə məktəbi bitirdikdən sonra daha sonralar Leyborist - Sionist hərəkatına çevrilən Gənc Pol Sionun fəal üzvünə çevrildi. O, ictimai görüşlərdə çıxış edir, sosialist sionizmi qəbul edir və Fələstindən gələn qonaqlarla görüşürdü.

Qolda və Morrison 1917-ci ildə ailə qurarkən (nikah öncəsi) Qoldanın bir şərti olmuşdu. Bu şərt, Fələstində yerləşməklə bağlı idi. Qolda evləndikdən sonra birbaşa Fələstinə getmək istəsə də Birinci Dünya Müharibəsinin başlaması ilə Transatlantik sərnişin nəqliyyatının dondurulması onun planlarını alt-üst etdi. Buna görə də o, bütün enerjisini Pol Sion fəaliyyətinə yönəltdi. Toydan qısa müddət sonra o, Pol Sion üçün bütün ABŞ ərazisində həyata keçirilən pul toplama kampaniyasına başladı. Hamilə olduğunu bildikdə isə sionist öhdəçiliklərin arasında uşağa yer olmadığını iddia edərək, hamiləliyinə son qoydu... Və nəhayət, cütlük (Şeyna ilə birlikdə) 1921-ci ildə Fələstinə köçdü.

...O Sionist hərəkatı ilə daha yaxından tanış olmağa başlayırdı.

***

Gənc ailə, Fələstindəki kibbuts (kənd təsərrüfatı ilə məşğul olan yəhudi qrupu) düşərgəsinə qoşuldu.

Qoldanın düşərgədəki vəzifəsi badam toplamaq, ağac əkmək və mətbəxə nəzarət etməkdən ibarət idi. Onun liderlik özəlliklərini görəndə, kibbuts baş bilənləri onu Ali Əmək Federasiyasına nümayəndə təyin etdi. 1924-cü ildə o, həyat yoldaşı ilə birgə kibbutsu tərk edərək, qısa müddətliyinə Təl-Əvivə, sonra isə Yerusəlimə yerləşdi. Onların iki övladı olmuşdu – oğulları Menaçem (1924) və qızları Sara (1926). 1928-ci ildə Qolda İşləyən Qadınlar Şurasına katib seçildi və bununla da ömrünün növbəti iki ilini yenidən ABŞ-da keçirməli oldu. Uşaqları onunla getdilər, ancaq Morris Yerusəlimdə qaldı. Bir müddət sonra Morris və Qolda ayrıldılar. Morris 1951-ci ildə vəfat etdi.

Qolda Həmkarlar İttifaqında

1934-cü ildə Mayer ABŞ-dan qayıtdıqdan sona İsrail Həmkarlar ittifaqının icraedici Komitəsinə qoşuldu və sonradan onun Siyasi şöbəsinin başçısı oldu. Bu təyinat onun gələcək İsrail liderliyi üçün vacib addım idi.

1938-ci ilin iyulunda Mayer Franklin faşist mühakiməsindən qurtulmuş yəhudi qaçqınların məsələsi ilə bağlı Ruzvelt tərəfindən çağırılmış Evian Konfransında müşahidəçi kimi iştirak etdi. 32 ölkədən çağırılmış nümayəndələr yəhudilər üçün kədərləndiklərini bildirsələr də, ölkələrinin nə üçün onlara qapı açmadıqları barədə bəhanələr gətirdilər. (Yeganə istisna 100 000 yəhudi qaçqınını qəbul edəcəyinə söz verən Dominikan Respublikası idi.) Qolda nəticədən narazı qaldı və münasibətini mətbuata bu sözlərlə açıqladı: “Ölməzdən əvvəl bir şeyi görmək istərdim ki, bu da mənim xalqımın şəfqət hissinə ehtiyacı olmamasıdır...”

***

1946-cı ilin iyununda Britaniyalılar Fələstindəki Sionist hərəkatını dağıdaraq onun üzvlərini həbs etdilər. İsrailin ikinci Baş naziri Moşe Şaretin həbsi zamanı Mayer Yəhudi Agentliyinin Siyasi şöbəsinin başçısı olaraq fəaliyyətə başladı. O, Fələstindəki yəhudilərlə britaniyalılar arasında vasitəçilik edirdi. Həbsdən buraxıldıqdan sonra Şaret 1948-ci ildə İsrail dövlətinin yaranmasına qədər Mayeri Siasyi şöbənin başçısı təyin edərək, BMT-nin Bölünmə Planında iştirak etmək üçün ABŞ-a yola düşdü.

1948-ci ilin yanvarında Yəhudi Agentliyinin xəzinədarı inandırılmışdı ki, İsrail, Amerikan Yəhudi Cəmiyyətindən 7-8 milyon ABŞ dollarından çox pul ala bilməyəcək. Mayer ABŞ-a getdi və 50 milyon dollar (!) pul toplaya bildi və bu pullar silah almağa sərf olundu.

1948-ci il mayın 10-da, İsrail dövlətinin yaranmasından 4 gün əvvəl Mayer ərəb qadını qiyafəsində Transiordaniyanın Kralı Abdullah ilə gizli görüşərək, ona yəhudilərə hücum etməkdə digər ərəb dövlətlərinə qoşulmamağı təklif etdi. Kral Abdullah ona dövlət yaratmaqda tələsməməyi məsləhət gördükdə isə Mayer belə cavab verdi: “Biz 2000 ildir ki, gözləyirik... Sizcə, bu tələsməkdir?!”

***

Mayer 1948-ci il mayın 14-də elan olunmuş “İsrailin müstəqilliyi haqqında Bəyannamə”ni imzalayan 14 nəfərdən, o cümlədən 2 qadından biri oldu. Daha sonralar o, bunu belə xatırlayırdı: “Mən onu imzalayanda ağladım. Məktəbdə “Amerika tarixi” keçərkən, “Azadlıq Bəyannaməsi”ni imzalayanlar haqqında oxuyanda, mən onların gerçək insan olduqlarını və gerçək şeylər etdiklərini təsəvvür edə bilmirdim. ...Və mən oturub bu “Bəyannamə”ni imzaladım”. Növbəti gün Misir, Suriya, Livan və Transiordaniya və İraqın birləşmiş qoşunları İsrailə hücum etdilər. Hələ də bitməyən Ərəb-İsrail müharibəsi başladı...

İlk İsrail pasportu ilə ilk diplomatik missiya

İlk İsrail pasportu ilə Mayer, İsrailin Sovet İttifaqında elçisi təyin edildi. O, qısa zaman ərzində Moskvadakı Yəhudi Sinaqoqunda oldu və minlərlə rusdilli yəhudi onu salamladı. (1984-cü ilin noyabrında İsrailin 10 000 şekelə bərabər pul vahidi çap olunduqda onun bir tərəfində Mayerin, digər tərəfində isə Moskvadakı həmin izdihamın şəkli təsvir olunmuşdu.)

7 il Əmək Nazirliyinə başçılıq etdi

1949-cu ildə Mayer Knessetə seçildi və1974-cü ilə kimi burada fəaliyyət göstərdi. 1949- cu ildən 1956-cı ilə kimi Əmək naziri kimi fəaliyyət göstərdi. 1955-ci ildə o, Təl-Əvivin meri vəzifəsinə namizədliyini irəli sürdü, ancaq onu qadın olduğuna görə dəstəkləməyən iki dini blokun səsini ala bilmədiyi üçün məğlub oldu.

Özü özünü öyrədən Xarici işlər naziri

1956-cı ildə Mayer Baş nazir David ben Qurionun təyinatı ilə xarici işlər naziri oldu. (O, bu arada (1956-cı ildə) artıq illər öncədən ayrıldığı ərinin soyadını (Meyerson) “Mayer”-ə dəyişməyə ehtiyac gördü.) Xarici işlər naziri kimi Mayer Afrikada yeni yaranmış dövlətlərlə əlaqələri yaxınlaşdırmağa çalışırdı. O, İsrailin milli quruculuğunun Afrikalılara örnək ola biləcəyinə inanırdı. O, “özkeçmiş”ində yazırdı: “Onlar kimi biz də yadelli hakimiyyətindən xilas olmuşuq, onlar kimi biz də torpaqlarımızı tələb etməyi, məhsulumuzu artırmağı, birlikdə yaşamağı və özümüzü müdafiə etməyi özümüz öyrənmişik. İsrail model ola bilər, çünki biz digər böyük, varlı və güclü dölətlərin yaşamadığı problemlərə həll yolu tapmalı olmuşuq...”

1958-ci ildə o, yəhudilərin Polşada immiqrasiyası zamanı əlil və xəstə yəhudi polyakların ölkəyə gəlməsinin qarşısını almağa çalışırdı. O, Varşavadakı elçi Ketriel Katsa yazırdı: “Koordinasiya Komitəsində Polşa hökumətini məlumatlandırmaq üçün təklif irəli sürülüb, çünki biz əlil və xəstə insanları qəbul edə bilmirik. Xahiş edirəm, bizim fikrimizi polyak xalqına çatdırasınız.”

1960-cı illərin öncələrdə Mayerə limfoma diaqnozu qoyuldu. 1966-cı ilin yanvarında səhhətini və yorğunluğunu səbəb gətirərək, Xarici işlər nazirliyindən uzaqlaşdı. Ancaq tezliklə, partiya mübahisələrində Baş naziri dəstəkləmək üçün ictimai-siyasi həyata geri döndü.

1969-cu ilin fevralında Levi Eskolun qəfil ölümündən sonra mənsub olduğu partiya xanım Mayeri onun davamçısı seçdi. Martın 17-də Mayer vəzifəsini qəbul etdi və 1974-cü ilə kimi İsrailin Baş nazir olaraq fəaliyyət göstərdi. 1969–70-ci illərdə Mayer bir çox dünya liderləri, o cümlədən Riçard Nikson, Nikolae Çauşesku, Papa VI Polla görüşdü. 1973-cü ildə o, Qərbi Almaniyanın Kansleri Uilli Brenti İsraildə qəbul etdi.

Münhen Olimpiadası

1972-ci il Münhen Olimpiadası zamanı yəhudilərin qətlə yetirilməsi ilə bağlı yaşanan faciə zamanı Mayer “bizim vətəndaşlarımızı qoruyun və dilə gətirilməyəcək cinayətləri pisləyin” deyə dünya ictimaiyyətinə müraciət etdi. Qlobal fəaliyyətin kifayət qədər olmadığını görən Mayer bu qətlləri həyata keçirən təşkilatları özü cəzalandırmağı qərara aldı. Bu hadisələr Corc Conasın “İntiqam: İsrailin əks terrorist qrupunun həqiqi hekayəsi” kitabında və Stiven Spilbergin “Münhen” (2005) filmində öz əksini tapmışdır.

Ərəb-İsrail müharibəsi

Müharibənin yaxınlaşdığı müddətdə İsrail kəşfiyyat xidməti müharibənin yaxınlaşdığından xəbərsiz idi. Ancaq 5 oktyabr 1973-cü il tarixdə Mayer, Suriya qoşunlarının Colan təpələrində olması barədə rəsmi məktub aldı. Onun müşavirləri həyəcanlanmamağı məsləhət görərək, əgər müharibə başlayarsa, bu barədə rəsmi məlumat veriləcəyinə əmin etdilər. Bu həmin dövr üçün inandırıcı idi, çünki 6 günlük müharibədən sonra İsraillilər ərəblərin yenidən hücum edə biləcəklərinə inanmırdılar. Buna səlahiyyəti olmasına baxmayaraq, Mayer qoşunları səfərbərliyə almağa tələsmədi. Ancaq müharibə tezliklə başladı. Müharibədən 6 saat qabaq Mayer Müdafiə naziri Moşe Dayan və General David Elazarla görüşdü. Dayan müharibənin olacağına inanmasa da, Elazar qoşunları toplayaraq Suriya qüvvələrinə hücum etməyi məsləhət gördü.

Mayer Dayanla razılaşaraq İsrailin xarici yardıma ehtiyacı olduğunu bildirdi. O, İsrailin hərbi yardımlara görə Avropa ölkələrindən asılı olmasının mümkün olmadığını deyərək, onlara yalnız ABŞ-ın yardım edəcəyini dedi. İsrailin hücum edən tərəf olduğu təqdirdə ABŞ yardıma gəlməyəcəyindən ehtiyat edən Mayer hücum etmək fikrindən daşındı. O, Vaşinqtonu bu qərarı barədə məlumatlandırmağı vacib hesab edirdi.

Müharibədən sonra Mayer hökuməti İsrailin müharibəyə hazır olmaması ilə bağlı sorğu- suala tutuldu. Onun partiyası 1973-cü il seçkilərində qalib gəldi, ancaq o, 1974-cü il iyunun 3-də istefa verdi. İstefa verərkən də bu sözləri deməyi uyğun bildi: “Beş il kifayətdir. Bu yükü daşımağa mənim gücüm çatmaz”.

1974-cü il iyunun 3-də İshak Rabin onu əvəz etdi. O, ictimai həyatdan uzaqlaşdı və memuarlarını yazmağa başladı. O, ictimai-siyasi mühitdə, yalnız 1977-ci ildə Misir prezidenti Ənvər Sədatın Qüdsə (Yerusəlimə) tarixi səfəri zamanı onu qarşılamaq üçün Knessetdə iştirak edərkən göründü.

Çiçək kimi kövrək, qaya kimi sərt Mayer

Xanım Qolda Mayer 1978-ci ildə 80 yaşında Qüdsdə (Yerusəlimdə) limfatik xərçəngdən vəfat etdi. O, dekabrın 12-də Yerusəlimdəki Herzl dağında dəfn olundu.

“Alilik” sözü işlədildiyində, ağla gələn ilk adlardan biri Qolda Mayerdir. Onun vətəninə, xalqına xidməti öz Vətəni və xalqı üçün çalışanlara bir örnəkdir. Onun sevgi ilə, güclü bağlılıqla işinə həsr olunmuş həyatı, “dağları yerindən oynatmaq istəyənlər”ə örnəkdir. Qolda nə edibsə, təmənnasız olaraq, qarşılıq gözləmədən öz xalqı üçün edib!

Film və tamaşalarda təsviri

Mayerin həyat hekayəsi bir çox bədii təsvirlərin mövzusu olub. Onun prototipi “Qolda adlı qadın” Avstraliya televiziya filmində, “Qoldanın balkonu” adlı Brodvey Musiqili Teatrında canlandırılıb (2003). 2005-ci ildə aktrisa Linn Kohen, onu Stiven Spilberqin “Münhen” adlı filmində canlandırmışdır.

Bunlar isə onun qələminin məhsuludur:

“Bu bizim gücümüzdür” (1962 );
• “Mənim atamın evi” (1972);
• “Mənim həyatım” (1975).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741

Oxşar yazılar