“Koronavirusdan sonrakı dünya” - DƏRİ ALTINDAN NƏZARƏT...
29 aprel 2020 14:39 (UTC +04:00)

“Koronavirusdan sonrakı dünya” - DƏRİ ALTINDAN NƏZARƏT...

“Faynanşl Tayms” qəzetinin 20 Mart 2020-ci il tarixli buraxılışında Yuval Noah Hararinin “Koronavirusdan sonrakı dünya” başlıqlı məqaləsi dərc edilib.

Lent.az sözügedən nəşrin internet səhifəsində yerləşdirilmiş məqaləni təqdim edir:

 "Bu fırtına gəlib keçəcək. Ancaq indi etdiyimiz seçimlər qarşıdakı illər boyunca həyatımızı dəyişə bilər".

Bəşəriyyət hazırda qlobal böhranla üz-üzədir. Bəlkə də bu, bizim nəslimizin ən böyük böhranıdır. Yəqin ki, insanların və hökumətlərin növbəti həftələrdə qəbul edəcəyi qərarlar qarşıdakı illərdə dünyanı formalaşdıracaq. Bunlar təkcə səhiyyə sistemlərimizi deyil, eyni zamanda həm iqtisadiyyatımızı, həm siyasətimizi, həm də mədəniyyətimizi formalaşdıracaq. Tez və qətiyyətli davranmalıyıq. Bununla yanaşı, hərəkətlərimizin uzunmüddətli nəticələrini də nəzərə almalıyıq. Alternativlər arasında seçim edərkən, özümüzdən yalnız təhlükəni necə dəf etməyi deyil, fırtınadan sonra hansı dünyada yaşayacağımızı da soruşmalıyıq. Bəli, fırtına keçəcək, bəşəriyyət sağ qalacaq, yenə çoxumuz sağ qalacağıq. Amma yaşadığımız dünya fərqli olacaq.

Qısa müddət üçün nəzərdə tutulan fövqəladə tədbirlər həyatın bir parçasına çevriləcəkdir. Bu fövqəladə hadisələrin təbiətidir. Fövqəladə hallar hər zaman tarixi prosesləri sürətləndirirlər. Normal zamanlarda illərlə müzakirə edilən qərarlar fövqəladə hallarda bir neçə saat ərzində qəbul edilir. Təkmilləşdirilməmiş və hətta təhlükəli texnologiyalar işə salınır. Çünki heç bir şey etməmək daha risklidir. Bütün ölkələr geniş miqyaslı sosial eksperimentlərdə üzərində təcrübə aparılan subyekt rolunu oynayırlar. Hər kəs evdən işləyəndə və yalnız uzaq məsafədən ünsiyyət quranda nə baş verir? Normal vaxtlarda hökumətlər, müəssisələr və təhsil idarələri bu cür təcrübələrin keçirilməsinə heç vaxt razı olmazlar. Ancaq hazırda normal vaxtda yaşamırıq.

İçində yaşadığımız böhran dövründə iki önəmli seçimlə qarşılaşırıq. Birincisi, totalitar nəzarət və vətəndaş hüquqları arasındadır. İkinci seçim isə millətçi təcrid və qlobal həmrəylik arasındadır.

Dəri altından nəzarət

Epidemiyanın qarşısının alınması üçün bütün əhali müəyyən qaydalara riayət etməlidir. Buna nail olmağın 2 əsas yolu var. Birinci üsul dövlətin insanları izləməsi və qaydaları pozanların cəzalandırılmasıdır. Ancaq bu gün bəşər tarixində ilk dəfə olaraq, texnologiya hər kəsi izləməyə imkan verir. Əlli il qabaq KQB 240 milyon Sovet vətəndaşını cəmi bir gün belə tam şəkildə nəzarət altında saxlaya bilmədi. Əlində toplanan məlumatlara tam şəkildə güvənib, onları emal etməyi bacarmadı. KQB casuslara, analitiklərə etibar etdi, ancaq hər bir vətəndaş ayrıca casus tutmaq qeyri-mümkün idi. Bu gün isə hökumətlər insanların yerinə, sensorlu cihazlara və güclü alqoritmlərə güvənə bilirlər.                                                                

Artıq bəzi dövlətlər koronavirus epidemiyasına qarşı apardıqları mübarizədə yeni müşahidə, nəzarət vasitələrindən istifadə etməyə başlayıblar. Bunların içində ən çox diqqəti cəlb edən Çindir. Çin yüz milyonlarla üz tanıyan kameralardan istifadə edərək insanları ağıllı telefonlar vasitəsilə izləməkdədir. Eyni zamanda onları bədən istiliklərini və sağlamlıq durumlarını tibbi yoxlanışdan keçərək öyrənməyə, bu haqda hesabat verməyə məcbur etmişdir. Bununla Çin hakimiyyəti nəinki koronavirus daşıyıcılarını tez müəyyənləşdirə bilir, həm də onların hərəkətlərini izləyir, təmasda olduqları şəxsləri də müəyyən edə bilir. Bir sıra mobil tətbiqlər isə vətəndaşları yoluxmuş xəstələrə yaxınlaşdıqları zaman xəbərdar edir. Bu cür texnologiyalar sadəcə, Şərqi Asiya ilə məhdudlaşmır. Bu yaxınlarda İsrailin Baş Naziri Benyamin Netanyahu İsrail Təhlükəsizlik Agentliyinə terrorçularla bərabər koronavirus xəstələrini də izləmək üçün xüsusi müşahidə vasitələrindən istifadə səlahiyyəti verdi. İsrail Parlamentinin aidiyyatı komissiyası bu qərarı təsdiq etməyi rədd etdi. Netanyahu isə vaxt itirmədən bu qərarı “Fövqəladə Hal Fərmanı” ilə təsdiq etdi.

Bütün deyilənlərlə bağlı, bunların yeni bir şey olmadığını iddia edə bilərsiniz. Son illərdə həm dövlətlər, həm də korporasiyalar insanları izləmək və topladıqları məlumatları manipulyasiya etmək üçün daha mürəkkəb texnologiyalardan istifadə edirlər. Əgər diqqətli olmasaq, hazırkı epidemiya şəraiti sözügedən müşahidə və nəzarət tarixində dönüş nöqtəsi ola bilər. Bu, sadəcə indiyədək kütləvi nəzarət vasitələrindən istifadəni rədd etmiş ölkələrdə onların istifadəsinin normallaşdırıla biləcəyi üçün deyil. Çünki bəhs etdiyimiz proses, bundan daha çox, “dəri üzərindən” “dəri altından nəzarət”ə kəskin şəkildə keçid deməkdir.

Bu günədək barmağınız smartfonunuzun ekranına toxunduqda və bir linkə daxil olduğunuzda, hökumət barmağınızla toxunaraq nəyə daxil olduğunuzu bilmək istəyirdi. Lakin koronavirus ilə maraq mərkəzi dəyişir. İndi hökumət barmağınızın temperaturunu və dərinizin altındakı qan təzyiqini də bilmək istəyir.

Puddinq böhranı

Nəzarət altında işləyərkən qarşılaşacağımız ən böyük problemlərdən biri, bizə necə nəzarət olunduğunu və gələcəkdə nələrin ola biləcəyini bilməməyimizdir. Müşahidə texnologiyası böyük sürətlə inkişaf edir və 10 il öncə fantastika kimi görünən şeylər bu gün ancaq köhnə xəbər kimi qəbul edilir. Bir təcrübə keçirək və hər bir vətəndaşdan 24 saat bədən istiliyini və ürək döyüntüsünü ölçən biometrik qolbağı taxmağı tələb edən bir hökumətin olduğunu fərz edək. Nəticədə bütün məlumatlar alqoritmlər vasitəsilə dövlət orqanları tərəfindən toplanır və təhlil edilir. Alqoritmlər sizdən öncə xəstəliyinizi, harada olduğunuzu, kiminlə görüşdüyünüzü biləcəklər. Bununla infeksiyanın əsarət zəncirləri qırıla və hətta tamamilə yox edilə bilər. Belə sistemlə epidemiyanın qarşısını bir neçə gün ərzində almaq olar. Gözəl səslənir, elə deyilmi?

Əlbəttə ki, işin mənfi tərəfi bunun yeni bir dəhşətli nəzarət sisteminə legitimlik qazandırması olacaqdır. Məsələn, siz mənim Fox News  xəbərlərinə CNN-dən daha çox daxil olduğumu bilirsinizsə, bu sizə mənim siyasi görüşlərim və bəlkə də şəxsiyyətim haqqında bir şey öyrədə bilər. Ancaq video klipə baxarkən bədən hərarətimi, ürək döyüntümü izləyə bilər, məni nəyin həqiqətən əsəbləşdirə, nəyin ağlada və nəyin güldürə biləcəyini öyrənə bilərsiniz. Qəzəb, sevinc, can sıxıntısı və sevginin qızdırma və öskürək kimi bioloji hadisələr olduğunu unutmamalıyıq. Öskürəyi  müəyyənləşdirən eyni texnologiya gülüşləri də müəyyən edə bilər.

Əgər şirkətlər və hökumətlər biometrik məlumatlarımızı toplamağa başlasalar, bizi bizdən yaxşı tanıyacaqlar. Bu mərhələdən sonra yalnız hisslərimizi təxmin etməyəcəklər, eyni zamanda onları idarə edəcəklər. Nəticədə bizə istədiklərini satacaqlar, ya da siyasətçini qəbul etdirəcəklər. Kembric Analizin məlumatları ələ keçirmə taktikaları biometrik izləmə ilə müqayisədə Daş Dövründən qalmış kimi olacaq. 2030-cu ildə Şimali Koreyada hər bir vətəndaşın məcburi şəkildə 24 saat biometrik qolbağı taxmalı olduğunu təsəvvür edin. Böyük liderin bir nitqinə qulaq asdığınız zaman qolbağı qəzəbləndiyinizi göstərirsə, bu işiniz bitdi deməkdir

Əlbəttə, fövqəladə hallarda müvəqqəti olaraq biometrik nəzarət tətbiq edilə bilər. Fövqəladə hal bitdikdən sonra isə, bu proses dayandırılmalıdır. Lakin üfüqdə hər zaman fövqəladə halın görünməsi durumunda müvəqqəti tədbirlərin daha uzun müddət davam etmək kimi xoşagəlməz xarakteri var. Məsələn, mənim vətənim İsrail, 1948-ci ildə Azadlıq Müharibəsi zamanı mətbuat senzurasından və torpaqların müsadirə edilməsindən tutmuş pudinq hazırlamaq üçün tətbiq olunan xüsusi qaydalara qədər bir sıra müvəqqəti tədbirləri özündə birləşdirən Fövqəladə Vəziyyət elan etdi. Azadlıq Müharibəsində illər öncə qələbə əldə edildi, buna baxmayaraq İsrail heç vaxt fövqəladə vəziyyəti və 1948-ci ildəki bir çox “müvəqqəti” tədbirləri ləğv edə bilmədi (Fövqəladə Pudinq fərmanı 2011-ci ildə ləğv edildi).

Koronavirusdan qaynaqlanan infeksiyalar sıfıra ensə belə, bəzi məlumatlara sahib olan hökumətlər ikinci koronavirus dalğasından qorxduqları üçün və ya Mərkəzi Afrikada yeni bir Ebola əlaməti meydana gəldiyinə görə, biometrik nəzarət sistemlərindən istifadənin vacibliyini iddia edə bilərlər. Və ya Çünki... bu işi aldın. Özəl həyatımızı ələ keçirmək uğrunda gedən döyüş son illərdə  daha da şiddətləndi. Koronavirus böhranı bu savaşın ən kritik mərhələsi ola bilər. Çünki insanlara gizlilik və sağlamlıq arasında seçim haqqı verilsə, onlar sağlamlığı seçəcəklər.

 Sabun polisi

Əslində insanlardan gizlilik və sağlamlıq arasında seçim etmələrini istəmək problemin təməl səbəbidir. Çünki bu səhv seçimdir. Biz həm şəxsi məlumatlarımızı qoruya, həm də sağlamlığımızdan zövq ala bilərik və belə də etməliyik. Sağlamlığımızı qorumağı və koronavirus epidemiyasının qarşısını almağı totalitar nəzarət rejimlərini qurmaqla deyil, vətəndaşlara daha çox səlahiyyət verməklə bacara bilərik. Son həftələrdə Cənubi Koreya, Tayvan və Sinqapur koronavirusun qarşısını almaq üçün uğurlu həmlələr etdi. Bu ölkələr hər nə qədər izləmə proqramlarından istifadə etsələr də, geniş tibbi testlərə, vicdanlı hesabatlılığa və məlumatlı cəmiyyətin könüllü əməkdaşlığına daha çox güvəndilər.

Mərkəzləşdirilmiş monitorinq və sərt cəzalar insanların faydalı göstərişlərə əməl etmələrinin yeganə yolu deyil. Insanlara elmi həqiqətlər deyildiyi zaman və insanlar bu həqiqətləri açıqlayan dövlət orqanlarına etibar etdikdə, onlar “Böyük Qardaş”ın çiyinlərini görmədən də düzgün hərəkət edə bilərlər. Özünün düşünən və məlumatlı əhali, çox zaman nəzarət altında olan əhalidən daha güclü olur.

Məsələn, əllərin sabunla yuyulması insan gigiyenasında ən böyük inkişaf mərhələlərindən biri olub. Bu sadə hərəkət hər il milyonlarla insanın həyatını xilas edir. əlimizdən gələni etsək də, yalnız 19-cu əsrdə elm adamları əlləri sabunla yumağın vacibliyini kəşf etdilər. Əvvəllər hətta həkimlər və tibb bacıları əllərini yumadan bir cərrahi əməliyyatdan digərinə keçirdilər. Bu gün milyardlarla insan sabun polisindən qorxduqları üçün deyil, həqiqətləri başa düşdükləri üçün əllərini yuyur. Əllərimi sabunla yuyuram, çünki viruslar və bakteriyalar haqqında eşitmişəm, bu kiçik orqanizmlərin xəstəliklərə səbəb olduğunu başa düşürəm, sabunun bunları yox edəcəyini bilirəm.

Ancaq belə bir uyğun əməkdaşlıq səviyyəsinə çatmaq üçün etibar lazımdır. İnsanlar elmə, dövlət orqanlarına, mediaya etibar etməlidirlər. Son bir neçə ildə məsuliyyətsiz siyasətçilər elmə, dövlət orqanlarına və mediaya inamı bilərəkdən sarsıtdılar. İndi də eyni məsuliyyətsiz siyasətçilər düzgün addım atmaq üçün xalqa etibar edə bilməyəcəyinizi iddia edərək, yüksək sürətlə avtoritarizmə aparan yola girmək istəyə bilərlər.

Adətən, illər ərzində itmiş inamı bir gecədə bərpa etmək mümkün deyil. Ancaq bunlar normlar dövrlər deyil. Böhran anında zehinlər də tez dəyişə bilər. İllərlə bacı-qardaşlarınızla acı mübahisələriniz ola bilər, ancaq bir fövqəladə hadisə baş verəndə birdən içinizdə gizli olan güvən və mehribanlıq xəzinəsini tapırsınız və bir-birinizə kömək etməyə tələsirsiniz. Nəzarət orqanlarına və mediaya inamı bərpa etmək üçün hələ də gec deyil. Mütləq yeni texnologiyalardan da istifadə etməliyik, lakin bu texnologiyalar vətəndaşlara güc verməlidir. Bədən istiliyimin və qan təzyiqimin izlənməsinin tərəfdarıyam. Ancaq bu məlumatlar hər hansı güclü bir hökumət qurmaq üçün istifadə edilməməlidir. Əksinə, bu məlumatlar mənə bilgili şəkildə şəxsi seçimlər etmək imkanı verməli, müxtəlif qərarlar qəbul edən hökumətin məsuliyyətini daha da artırmalıdır. əgər tibbi vəziyyətimi 24 saat izləyə bilsəydim, o zaman təkcə başqalarının sağlamlığı üçün risk daşıyıb-daşımadığımı yox, həm də hansı vərdişlərin sağlamlığım üçün faydalı olduğunu öyrənərdim. Əgər koronavirusun yayılması ilə bağlı etibarlı statistikanı əldə edib təhlil edə bilsəm, o zaman hökumətin mənə həqiqəti deyib-demədiyini və epidemiya ilə mübarizə üçün düzgün siyasət aparıb-aparmadığını mühakimə edə bilərəm. İnsanlar nəzarətdən danışdığı zaman, eyni nəzarət texnologiyalarından təkcə hökumətlərin deyil, həm də ayrı-ayrı şəxslərin hökumətləri izləmək üçün istifadə edə biləcəyini unutmayın.

Beləliklə, koronavirus epidemiyası bütün insanlıq üçün böyük bir imtahandır. Qarşıdakı günlərdə hər birimiz elmi məlumatlara və səhiyyə mütəxəssislərinə, əsassız sui-qəsd nəzəriyyələrinə və özünə xidmət edən siyasətçilərə etibar edib-etməməyi seçməliyik. Düzgün seçim edə bilməsək, sağlamlığımızı qorumağın yeganə yolu olduğunu düşünərək ən qiymətli azadlıqlarımızdan əl çəkə bilərik.

 Qlobal bir plana ehtiyacımız var

Qarşılaşdığımız ikinci vacib seçim isə, millətçi təcrid və qlobal həmrəylik arasındadır. Həm epidemiya, həm də yaranan iqtisadi böhran qlobal xarakterli problemlərdir. Bunları yalnız qlobal əməkdaşlıq yolu ilə səmərəli şəkildə həll etmək mümkündür.

Hər şeydən əvvəl virusu məğlub etmək üçün əlimizdə olan məlumatları qlobal miqyasda bir-birimizlə paylaşmalıyıq. Bu, insanların viruslar qarşısında böyük üstünlüyüdür. Çində virusa yoluxma şəkli ilə ABŞ-da virusa yoluxma şəkli fərqli ola bilməz. Ancaq Çin ABŞ-a koronavirusa qarşı necə mübarizə aparmaqla bağlı çox dəyərli dərslər verə bilər. İtaliyalı həkimin Milanda səhər tezdən aşkar etdiyi bir şey axşam Tehranda həyatları qurtara bilər. İngiltərə hökuməti bir neçə seçim qarşısında tərəddüd etdiyi zaman, bir ay əvvəl oxşar dilemma ilə qarşılaşan koreyalılardan məsləhət ala bilər. Ancaq bunun baş verməsi üçün ilk olaraq, qlobal əməkdaşlıq və qarşılıqlı güvən ruhu lazımdır.

“Qarşıdakı günlərdə hər birimiz elmi məlumatlara və səhiyyə mütəxəssislərinə, əsassız sui-qəsd nəzəriyyələrinə və özünə xidmət edən siyasətçilərə etibar edib-etməməyi seçməliyik.”

Ölkələr açıq şəkildə və təvazökarlıqla əllərində olan məlumatları bölüşməyə hazır olmalı,  əldə etdikləri məlumatlara, deyilən fikirlərə də etibar etməlidirlər. Tibbi avadanlıqların, xüsusən də sınaq dəstləri və süni tənəffüs cihazlarının istehsalı və yayılması üçün qlobal səyə ehtiyacımız var. Lokal şəkildə bunu etmək və avadanlıq ehtiyatı yığmaq yerinə, koordinasiya edilmiş qlobal əməkdaşlıq istehsalın artırılmasına və tibbi avadanlıqların daha ədalətli paylanmasına kömək edə bilər. Müharibələr zamanı ölkələrin əsas sənaye sahələrini milliləşdirdiyi kimi, insanların koronavirusa qarşı savaşı da, bizdən önəmli istehsal yollarını “humanistləşdirməyimizi” tələb edə bilər. Koronavirus hadisəsinin baş verdiyi zəngin bir ölkə, əksər hallarda kasıb hansısa ölkəyə bahalı avadanlıq göndərməyə hazır olmalıdır. Kasıb ölkələrə yardım edən zəngin ölkə ehtiyac olduğu zaman ona da köməyin ediləcəyinə inanmalıdır.

Biz tibbi personalların qlobal səviyyədə ümumi bazasının yaradılmasını nəzərdən keçirə bilərik. Hazırda epidemiyanın təsirinin az olduğu ölkələr epidemiyanın ən çox yayıldığı ölkələrə təcrübə üçün tibb işçilərini göndərə bilər. Sonradan epidemiyanın yayılmasında dəyişiklik olarsa, kömək əks istiqamətdə edilə bilər.

İqtisadi sahədə də qlobal əməkdaşlıq böyük önəm daşıyır. Əgər hər bir dövlət iqtisadiyyatın və tədarük zəncirinin qlobal xarakterini nəzərə almadan lokal şəkildə fəaliyyət göstərsə, nəticədə böhran dərinləşəcək və xaos olacaqdır. Mümkün olan ən qısa zamanda qlobal şəkildə fəaliyyət planına ehtiyacımız var.

Digər bir tələb isə səyahət məsələsində qlobal razılaşma əldə etməkdir. Bütün beynəlxalq səyahətləri aylarla təxirə salmaq çox böyük çətinliklərə səbəb olacaq və bu vəziyyət koronavirusa qarşı mübarizəyə mane olacaqdır. Ölkələr ən azından elm adamlarının, həkimlərin, jurnalistlərin, siyasətçilərin və iş adamlarının qarşılıqlı səfərinə icazə verməlidirlər. Bu insanların səyahətdən öncə öz ölkələrindən ilkin tibbi müayinədən keçirilməsi ilə bağlı razılıq əldə edilə bilər. Əgər təyyarədə ancaq diqqətlə müayinədən keçirilmiş sərnişinlərin olduğunu bilsəniz, onları ölkənizə qəbul etməyi istəyərsiniz.

Hazırda dövlətlər çətin ki, bu işləri yerinə yetirələr. Kollektiv iflic vəziyyəti beynəlxalq birliyi narahat edir. Ortada böyüklərin olmadığı görünür. Bir həftə əvvəl dünya liderlərinin ortaq bir hərəkət planı hazırlamaq üçün təcili toplantı keçirəcəyi gözlənilirdi. G7 liderləri yalnız bu həftə videokonfrans təşkil edə bildilər və bunun heç bir nəticəsi olmadı.

Əvvəlki 2008-ci il maliyyə böhranında və 2014-cü il Ebola epidemiyası məsələsində ABŞ qlobal lider rolunu öz üzərinə götürmüşdü. Lakin ABŞ-ın hazırkı iqtidarı liderlik missiyasından imtina edib. Amerika bununla öz hegemonluq planlarına bəşəriyyətin gələcəyindən daha çox önəm verdiyini göstərdi.

Bu iqtidar ən yaxın müttəfiqlərini belə tərk etdi. AB-dən gələn bütün səfərləri qadağan edəndə bu kəskin tədbir haqqında nəinki AB-ni xəbərdar etmədi, hətta bununla bağlı məsləhətləşmək ehtiyacı belə duymadı. ABŞ-ın Almaniyanın dərman şirkətinə yeni COVİD-19 peyvəndinin inhisar hüququnu əldə etmək üçün 1 milyard dollar təklif etdiyi iddiası bu ölkəni silkələdi. Mövcud administrasiya bunu dəyişdirsə və qlobal fəaliyyət planı hazırlasa belə, yenə də məsuliyyəti öz üzərinə götürməyənlər, səhvlərini inkar edənlər, ancaq başqalarında günah axtaranların arxasından gedənlər tapılacaq.

ABŞ-ın buraxdığı boşluğu digər ölkələr doldurmasa, mövcud epidemiyanın qarşısını almaq həm çətin olacaq, həm də bu durum illərlə beynəlxalq münasibətləri zəhərləməkdə davam edəcəkdir. Hər böhran həm də bir fürsətdir. Mövcud epidemiyanın bəşəriyyətə qlobal ayrılıqların yaratdığı təhlükəni dərk etməkdə kömək edəcəyinə ümid etməliyik.

İnsanlıq bir seçim etməlidir: “Ayrılıq yolunu, yoxsa qlobal həmrəylik yolunu seçəcəyik?” ayrılığı seçsək, bu təkcə böhranı dərinləşdirməyəcək, gələcəkdə daha ağır fəlakətlərə də səbəb olacaqdır. Qlobal həmrəyliyi seçsək, bu yalnız koronavirusa qarşı deyil, 21-ci əsrdə bəşəriyyətə zərər verə biləcək bütün gələcək epidemiyalara və böhranlara qarşı bir qələbə olacaqdır.

 İngilis dilindən tərcümə etdi:

 Söhrab İSMAYIL,

Uludağ (Türkiyə) Universitetinin doktorantı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4273
avatar

Oxşar yazılar