Ekvadorda bir dəstə tərəfindən sevgilisi ilə birlikdə qaçırılan britaniyalı milyonçunun sevgi tələsinə düşməsi şübhəsi artıb. Dəstənin sevgilisinə geydirdiyi bomba jiletinin saxta olduğu üzə çıxıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Britaniyanın keçmiş fəxri konsulu 78 yaşlı Kolin Armstronq sevgilisi 30 yaşlı Katerina Paolo Santos ilə birlikdə Ekvadorda qaçırıldıqdan sonra polis tələ qurulmasından şübhələnir.
Polis Armstronqun sevgilisi, kolumbiyalı model və rəqqasə Santosun qaçırılmasındakı rolunu araşdırır. Armstronq ötən həftə sonu Ekvadorda fermasının qarşısında sevgilisi ilə birlikdə silah gücünə qaçırılıb. Təxminən 15 nəfərdən ibarət maskalı dəstə cütlüyü qaçıraraq fidyə tələb ediblər.
Rəfiqəsinə üzərində partlayıcı qurğu olan jilet geyindiriblər və fidyə ödənilməsə, onun partladılacağı bildirilir. Lakin onun sevgilisi Santos üç gün sonra sərbəst buraxılıb. Dəstə ilə aparılan danışıqlar nəticəsində Armstronq dörd gündən sonra sağ-salamat xilas edilib.
Dəstənin 9 üzvü həbs edilib. İstintaqı dərinləşdirən Ekvador polisi dəstənin Santosa geyindirdiyi bomba jiletinin saxta olduğunu müəyyən edib. Bundan sonra üzərinə Santosun dəstə ilə əlaqəsi olduğu iddia edilib. Armstronqun qaçırılması üçün dəstənin "daxili yardım" olması ehtimalını nəzərə alan polis, Santosu istintaqa daxil edib. Dəstə Armstronqun “aylıq mühafizə haqqını” ödəmədiyi üçün qaçırıldığını iddia edib.