Gürcü uşaqları erməni terrorunu pisləyiblər
01 noyabr 2020 16:37 (UTC +04:00)

Gürcü uşaqları erməni terrorunu pisləyiblər

Gürcüstanda yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə Gəncə və Bərdədə törədilən erməni terroruna uşaqların münasibətini gürcü və ingilis dillərində nümayiş etdirən videoçarx hazırlanıb.

Diasporla iş üzrə Dövlət Komitəsindən Lent.az-a daxil olan xəbərə görə, videoçarxda bütün beynəlxalq qanunları və mənəvi normaları pozan Ermənistan silahlı qüvvələrinin cəbhə boyu və müharibə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrini qadağan olunmuş raket və silahlarla bombalaması, Gəncə, Bərdə və digər şəhərlərdə müharibə cinayətləri törətməsi nəticəsində qətlə yetirilən 90 dinc sakindən 11 nəfərin uşaq olduğu barədə məlumat verilib.

Naftalan, Ağcabədi, Tərtər, Gəncə və Bərdədə öldürülən Şəhriyar və Fidan Qurbanovlar, Fərid İsgəndərov, Nigar və Nəzrin Əsgərovalar, Orxan və Məryəm Xəlilli, Artur Mayakov, Orxan İsmayılzadə, Mədinə Şahnəzərli və Aysu İsgəndərovanın obrazlarını canlandıran uşaqlar əllərində Azərbaycan bayrağını tutaraq ingiliscə "Stop!" sözünü səsləndirməklə dünyanı Ermənistanın təcavüzkar və terror siyasətini dayandırmağa çağırıblar.

Dünya ictimaiyyətinin günahsız azyaşlı uşaqların, dinc əhalinin qətlinə göz yummamasının, beynəlxalq təşkilatların bununla bağlı lazımi addımlar atmasının vacib olduğu vurğulanıb. "Biz Gürcüstan hökumətini və cəmiyyətini işğalçı Ermənistan ordusunun terroru nəticəsində dinc sakinlərin və günahsız uşaqların öldürülməsinə mövqelərini bildirməyə çağırırıq".

Videoçarx "#Ermənistanın təcavüzünə son qoyulsun!", "#Ermənistanın terrorçu siyasətini dayandırın!", "#Dinc əhalinin öldürülməsinə son qoyun!", "#Dünya, oyan!", "#Ədalətli ol, dünya!" şüarları ilə yekunlaşıb.

# 838
avatar

Oxşar yazılar