Düşmənin Göygölə növbəti atəşi nəticəsində meşədə başlayan yanğın söndürüldü - YENİLƏNİB
30 oktyabr 2020 18:53 (UTC +04:00)

Düşmənin Göygölə növbəti atəşi nəticəsində meşədə başlayan yanğın söndürüldü - YENİLƏNİB

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi ilə yanğın qısa müddətdə söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

***

11:00

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 29-da döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə tutulması səbəbindən yanğın baş vermiş meşəlik ərazi bu gün səhər saatlarından da yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb.

Həmçinin Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində də meşəlik zonada yanğın baş verib. Yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub, bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

# 703
avatar

Oxşar yazılar