Qarabağ qədim Azərbaycan torpağıdır - ABİDƏLƏR DANIŞIR...
23 oktyabr 2020 14:58 (UTC +04:00)

Qarabağ qədim Azərbaycan torpağıdır - ABİDƏLƏR DANIŞIR...

Dağlıq və Aran Qarabağ Azərbaycan Respublikasının ən qədim mədəniyyətlərinin beşiyidir. Fizuli şəhəri yaxınlığında olan Azıx mağarası və ondan 3 km aralıdakı Tağlar mağarası nəinki Azərbaycanda, həmçinin bütün dünyada əhəmiyyəti olan qədim abidələrimizdəndir. Azıx mağarasından aşkar olunan Azıx adamının çənə parçası dünyada ən qədim tapıntılardan biridir. Hazırda bu unikal abidə arxeoloji qazıntı adı ilə ermənilər tərəfindən məhv edilməkdə və erməni abidəsi kimi qələmə verilməkdədir. Bu abidələr işğal altında olan yeganə abidə deyil. Kəlbəcərin qayaüstü təsvirləri, Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlındakı İlanlıtəpə, Afatlı kəndindəki Çalağantəpə, Xındırıstan kəndindəki İsmayıibəytəpə, qədim Xocalı qəbiristanlığı, Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə və yüzlərlə digər abidələrimiz düşmən gülləsinin nişangahına çevrilmişdir. Mənfur düşmənlərimiz qədim Qarabağ abidələrində qanunsuz arxeoloji qazıntılar apararaq bu abidələrdən aşkar olunmuş maddi-mədəniyyət nümunələrini erməni mədəniyyəti təbliğ etməkdədirlər. 


 Azıx mağarası


Lakin mənfur düşmənlərin bu bədxah fəaliyyətinə baxmayaraq tarixin səhifələrini vərəqlədikcə Qarabağın, Naxçıvanın və Arazın cənubundakı torpaqların tarix boyu vahid bir mədəniyyətə sahib olduğu aydınca görünür. Hələ E.ə. VI minilliyin ikinci yarısında Mil düzü və Qarabağın Neolit mədəniyyəti bənzər xüsusiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, bu dövrdə Mil düzü və Qarabağın mədəniyyətinə aid keramika məmulatının bir qismi basmanaxışlı ornamentlə xarakterizə edilir. Bu tip keramika həmçinin Naxçıvantəpənin Neolit təbəqəsi üçün də xarakterikdir. Məlum olduğu kimi, basmanaxışlı keramika İran Azərbaycanında yayılan Dalma Təpə mədəniyyəti üçün də xarakterikdir. Şübhəsiz ki, İran Azərbaycanın boyalı keramikasının inkişafına Zaqros və Mesopotamiyanın mədəni mərkəzlərinin müəyyən təsiri olmuşdur. Lakin tədqiqatçıların fikrinə görə Mesopotamiya mədəniyyətlərinin təsirini əks etdirən Dalma Təpə mədəniyyətinin boyalı keramikası özünəməxsus xüsusiyyətləri ilə Şimali Mesopotamiya və Mərkəzi İranın boyalı keramikasından fərqlənir. Ehtimal ki, bu Dalma Təpə mədəniyyətinin yerli inkişafı ilə bağlı olmuşdur.  Araşdırmalar göstərir ki, Dalma Təpənin basmanaxışlı keramikasının mənşəyi Şimali Mesopotamiya və Mərkəzi İranla bağlı deyil. Bu baxımdan basmanaxışlı keramika ilə xarakterizə edilən Naxçıvantəpənin Neolit təbəqəsi, Mil düzü və Qarabağ abidələri diqqəti cəlb edir. Tədqiqatlar göstərir ki, Dalma Təpənin basmanaxışlı keramikasının mənşəyi Mil düzü, Qarabağ və Naxçıvantəpə abidəsi ilə bağlıdır. 
Qarabağın qədim sənət nümunələri

Qarabağın basmanaxışlı keramikanın aşkar olunduğu Neolit abidələri e.ə. 5600-5200-cü illərə aid edilmişdir. Qarabağın Neolit abidələri ilə Dalma Təpə mədəniyyəti arasında müəyyən xronoloji kəsinti olsa da Mil düzü və Qarabağ abidələrinin, xüsusilə İlanlıtəpənin müyyən qrup keramikası Dalma Təpə keramikası ilə eynidir. Belə hesab edirik ki, Dalma Təpə mədəniyyətinin formalaşması e.ə. VI minilliyin sonu və V minilliyin əvvəllərini əhatə etmişdir. Bu Naxçıvantəpənin qazıntıları ilə də təsdiq olunur. Naxçıvantəpənin müxtəlif tikinti qatlarından götürülən kömür nümunələrinin analizi bu mədəniyyətin e.ə. 5200-4600-cü illər arasında mövcud olduğunu göstərir. Hazırda basmanaxışlı keramika ilə xarakterizə olunan ən qədim abidələr Mil düzü və Qarabağdadır. Belə hesab edirik ki, Mil düzü və Qarabağın mədəniyyəti Dalma Təpə mədəniyyətinin formalaşmasına, xüsusilə basmanaxışlı keramikanın yaranmasına müəyyən təsir etmişdir. Fikrimizə görə Naxçıvantəpənin Neolit təbəqəsi Mil düzü və Qarabağ abidələri ilə İran Azərbaycanının abidələrini birbiri ilə bağlayır. Naxçıvantəpə həm də Dalma Təpə mədəniyyətinin formalaşdığı areala daxil olmuşdur. Arxeoloji ədəbiyyatda mövcud olan fikirə görə İran Azərbaycanı abidələrində Dalma Təpə tipli boyalı keramika basmanaxışlı keramikadan daha əvvəl meydana gəlmişdir. Lakin hazırda İranda aparılan qazıntılara əsasən deyə bilərik ki, basmanaxışlı keramika İran Azərbaycanında e.ə. V minilliyin əvvəllərində meydana gəlmişdir. Naxçıvantəpə yaşayış yerində basmanaxışlı keramika e.ə. VI minilliyin sonunda meydana gəlmiş, Dalma Təpə mədəniyyəti isə e.ə. V minilliyin əvvəllərində formalaşmış və inkişaf etmişdir. Dalma Təpə mədəniyyətinin boyalı keramikasının müəyyən xüsusiyyətləri ilə fərqlənməsinə baxmayaraq belə hesab edirik ki, boyalı keramikanın inkişafına cənub mədəniyyətlərinin, xüsusilə Son Xalaf və Ubeyd ənənələrinin təsiri olub. 
 Bərdə türbəsi


Son illər aparılan araşdırmalar Naxçıvan yaylaqlarında “Qarabağ yurdu” adlı yaşayış yerlərinin olduğunu göstərir. Arxeoloji dəlillər Azərbaycanın mərkəzində yaşayan Qarabağ tayfalarının Arazın həm şimalında, həm də cənubunda məskunlaşdığını, xalqımızın qədim mədəniyyətlərinin bir-biri ilə əlaqələndirilməsində onların mühüm rol oynadığını təsdiq edir. 
Eneolit dövründə sonunda formalaşan Leylatəpə mədəniyyətinin mərkəzi Qarabağda, Ağdam şəhəri yaxınlığında yerləşən Leylatəpə abidəsi ilə bağlıdır. Qarabağ Eneolit dövrünü əvəz edən erkən Erkən Tunc dövründə formalaşan Kür-Araz mədəniyyətinin də əsas vətənlərindən biri olub. Kür-Araz mədəniyyətinin formalaşma mərhələsini əks etdirən Proto Kür-Araz keramikasının qədim nümunələri də Qarabağ bölgəsindən məlumdur.
Orta Tunc Dövründə Qarabağ Azərbaycanda formalaşan şəhər mədəniyyətinin əsas mərkəzlərindən biri olmuşdur. Bu dövrə aid olan Üzərliktəpə Qarabağda şəhər mədəniyyətinin əsas mərkəzi olub.
Son Tunc və Erkən Dəmir dövründə Qarabağda formalaşan Xocalı-Gədəbəy mədəniyyəti Azərbaycanın digər bölgələrinə, o cümlədən Zəngəzura, Naxçıvana və Arazdan cənubdakı torpaqlara da yayılmış, indiki Ermənistan və Gürcüstanın müəyyən hissəsini də əhatə etmişdir. Başlıca olaraq Azərbaycanın qərbini əhatə edən bu mədəniyyətin formalaşdığı ərazi Antik qaynaqlarda Otena, Urartu mənbələrində Etiuni adı ilə xatırlanmışdır. Bu cəngavər və döyüşkən tayfalar Azərbaycanın Urartular tərəfindən işğalının qarşısını almış, bu dövlətin süquta uğramasının əsas səbəbkarlarından biri olmuşdur.  E.ə. VIII-VII yüzilliklərdə skif tayfalarının bu ərazilərdə məskunlaşması onların gücünü daha da artırıb.
Şuşa qalası
Tarix boyu Qarabağ Midiya, Əhəməni, Arşaki, Sasanir və Ərəb  imperiyasının tərkibinə qatılsa da, öz mədəniyyətini və müstəqilliyini qoruyub saxlayıb. Erkən Orta əsrlərdə və Orta əsrlərin inkişaf etmiş dövründə türk tayfalarının Azərbaycan ərazisinə axını Qarabağda olan qədim türk tayfalarının mövqeyini daha da möhkəmləndirmişdir. IX-XVIII əsrlərdə Azərbaycan dövlətlətlərinin tərkibində olan Qarabağda XVIII əsrdə Gəncə və Qarabağ xanlıqları yaranmışdır. Qarabağ xanlığının mərkəzi dağlıq Qarabağda yerləşən Şuşa qalası idi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından başlayara bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. 
Rusiya işğalınadək Cənubi Qafqazda müstəqil dövləti olmayan ermənilər böyük imperiyalara yarınmaqla və onların siyasətinə yaradıqları üçün XIX əsrin əvvəllərində burada məskunlaşdırılmışdır. Əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlığının ərazisində məskunlaşdırılan ermənilər çox keçmədən xalqımıza və tarixi torpaqlarımıza qarşı əsassız iddialara başlamışlar. 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra bədxah qonşularımızın haqsız müharibəsi ilə rastlaşdı. Müstəqilliyinin ilk addımlarını atan Azərbaycanın nizami ordu hissələrinin olmamasında istifadə edən erməni vandalları keçmiş Sovet ordusundan ələ keçirdikləri silahlarla ölkəmizə basqın etdilər. 1992-1993-cü illərdə Dağlıq Qarabağ, onun ətrafındakı 7 rayon - Kəlbəcər,   Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları Ermənistanın və onun havadarlarının silahlı qüvvələri tərəfindən işğal olundu bir milyondan artıq həmvətənimiz qaçqın vəziyyətinə düşdü. Ərazilərimizin işğalından indiyədək keçən müddət ərzində erməni vandalları xalqımızın evlərini, məzarlarını, həmçinin işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrini tamamilə məhv etmişlər. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın işğalçılıq siyasətini pisləyən dörd qətnamə- 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul etmiş, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Lakin işğalçı Ermənistan BMT-nin icra aparatının olmamasından istifadə edərək nəinki torpaqlarımızı tərk etməmiş, hətta erməniləri orada məskunlaşdırmağa başlamışdır. Avropadakı havadarlarına güvənən Ermənistan qəsdən danışıqlar prosesini uzadaraq bu torpaqları sahiblənməyə çalışıb.
Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar işğal edildikdən sonra onlar Dağlıq Qarabağdakı qədim türk heykəllərini, erməni abidəsi kimi təbliğ etmiş, Alban kilsələrini erməni kilsəsi kimi qələmə vermiş, Azərbaycan türklərinin ulu əcdadlarına aid qoç daşları məhv etmiş, Orta əsr qəbristanlıqlarında erməni xaçdaşları basdırmışlar. Fondlarında minlərlə qiymətli eksponatlar toplanan muzeylər, rəsm qalereyaları, dekorativ-tətbiqi sənət nümunələri, nadir kitablar, xalçalar erməni vandalları tərəfindən məhv edilmiş, qiymətli sənət əsərlərinin bir qismi satılmiş, bir qismi isə beynəlxalq aləmə erməni mədəniyyəti kimi tanıdılmışdır. Azərbaycan elminin və mədəniyyətinin görkəmli xadimləri Üzeyir Hacıbəyovun,  Natəvanın, Bülbülün, Əbdürrəhimbəy Haqverdiyevin və digərlərinin Şuşa şəhərindəki abidələri dağıdılıb. 
YUNESKO-nun dəfələrlə Ermənistana müraciət etməsinə baxmayaraq  ermənilər öz bədxah əməllərindən əl çəkməyiblər. 
Münaqişəni nizamlamaq üçün yaradılan ATƏT-in Minsk qrupu isə fəaliyyətsiz və ikiüzlü mövqe tutaraq bu münaqişəni dondurmağa çalışmışdır. Son illər hakimiyyətə keçən Ermənistan prezidenti Paşinyanın isə həyasızcasına söylədiyi “Dağlıq Qarabağ Ermənistandır” şüarı  xalqımızın səbr kasasını daşırmışdır. Artıq torpaqlarımızın işğalından 30 ildən artıq vaxt keçir. Azərbaycan Ordusu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxıb. 27 Sentyabr 2020-ci ildə başlayan azadlıq müharibəsinin ilk günlərindən torpaqlarımızın işğaldan azad olunmasına başlanıb. Azərbaycan Ordusunun uğurları qarşısında duruş gətirə bilməyən Ermənistan ordusu qaçmağa başlamış, Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyi isə təxribata əl ataraq dinc Azərbaycan əhalisini, enerji xətlərini hədəf edərək xalqımız içərisində çaşqınlıq yaratmağa çalışmışdır. Lakin təxribatlar xalqımızın və əsgərlərimizin mübarizə əzmini qıra bilməmişdir. Azərbaycan Ordusu addım-adım torpaqlarımızı azad etməkdə davam edir. Biz və Azərbaycanın bütün elm adamları canımızla və qanımızla ordumuzun, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin arxasındayıq. Lazım gələrsə hər an dövlətimizin çağırışı ilə cəbhəyə getməyə hazırıq. Dağlıq Qarabağ Azərbaycandır. Var olsun Azərbaycan və Azərbaycan xalqı. Allah əsgərlərimizi qorusun.

Vəli Baxşəliyev
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor

# 2233
avatar

Oxşar yazılar