16:35
03 Oktyabr 2020

Ermənilərin Qarabağda evlərini dağıtdığı ruslar: “Bu vətənə canımız qurban!” – Səbuhi Məmmədli yazır

- Atamla anam bura 1973-cü ildə gəliblər. Bilirsiniz hardan? Hə, inanmazsınız - Qazaxıstandan, Çimkənddən. Xalamın əri azərbaycanlıydı. Bir gün atamla anamı qonaq çağırıb Azərbaycana. Onlar da gəliblər və qalıblar burda.

Bunu Lyudmila deyir. Üç gün əvvəl Tərtər rayonunun Yenikənd kəndində evi ermənilər tərəfindən dağıdılan Lyudmila Vasilyevna Oqorodnik. Həmin gün ermənilər Tərtərin bir neçə kəndi kimi, Yenikəndi də top atəşinə tutmuşdu. Atılan mərmilərdən ikisi Lyudmilanın ata evinə düşmüşdü. Qadın möcüzə nəticəsində sağ qalmışdı.

- Sentyabrın 27-dən demək olar ki, hər gün Tərtəri, eləcə də bizim kəndi topla vururdular. Ordumuz dalbadal uğur əldə etdikcə lap azğınlaşırdılar. Dinc sakinlərin başına bomba yağdırmaq ancaq və ancaq erməni-faşist xislətidir. O mərmi bir neçə metr aralı düşməsəydi, mən indi sizinlə danışa bilmirdim. O mərmi baxmır hara düşür. Uşağı da, qadın da, qocanı da nişan alıblar. Ermənilər elə bilirlər ki, kəndləri, dinc sakinləri bombalamaqla camaatı qorxudacaqlar. Biz ev-eşiyimizi tərk edəcəyik. Əsla, yanılırlar! Bura vətənimidi. Atamın, anamın qəbri burdadı. Buranı qoyub heç hara getməyəcəyik...

***

Lyudmila ilə söhbətə qayıdacağıq. Oqorodniklər ailəsindən danışırdıq axı. Hə, 1973-cü ildə Vasili Nikolayeviç Oqorodnik uzaq Çimkənddən Azərbaycana, Mirbəşir (indiki Tərtər) rayonuna qonaq gəlir. Əslində, 10 gün burda qonaq qalıb, geri qayıtmaq istəyiblər. Amma buralar, Qarabağ, Azərbaycan o qədər xoşlarına gəlib ki, həyat yoldaşı Zinaida və oğlu, 11 yaşlı İqorla həmişəlik burda qalmaq qərarı verirlər. Lyudmila isə elə burda, Azərbaycanda anadan olur.

- Atam mexanik idi. Onu təkcə Tərtərdə yox, ətraf rayonlarda belə çox yaxşı tanıyırdılar. Bu regionda əksər yanacaqdoldurma məntəqələrinin tikintisində iştirak edib. Sonradan onların təmirinə də atam nəzarət edib. Onu burda çox sevirdilər. Qısa müddətdə yerli camaatla o qədər qaynayıb-qarışmışdı ki, hamı onu özününkü bilirdi. Sizə bir faktı deyim. Atam 2004-cü ildə rəhmətə getdi. Camaat yığılıb onu elə kənd qəbiristanlığında dəfn etdi. Özü də necə böyük hörmətlə. Dini mənsubiyyətinə görə heç bir ayrı-seçkilik eləmədi yerli camaat. Çünki Vasili Nikolayeviç çoxdan bu yerlərin oğlu olmağı haqq etmişdi. Camaatımız anama, mənə dayaq durdu, dəstək oldu. Mən milliyətcə rusam. Amma özümü azərbaycanlı hesab edirəm.

***

Birinci Qarabağ müharibəsi başlayanda atası Vasili istehkamçı kimi könüllü olaraq cəbhəyə yollanıb. Amma tibbi komissiyadan keçərkən məlum olub ki, ciddi ürək xəstəliyi var.

- Arxa cəbhədə, Tərtərin müdafiəsində iştirak edirdi. Günlərlə üzünü görmürdük. Bəzən gecələr iki-üç saatlığa gəlib, tez də çıxıb gedirdi. Mənim o vaxt 12-13 yaşım vardı. Qız uşaqları da bilirsiniz də, atalarını çox sevən olur axı. Gecə gəlsə də, oyanıb qucağına atılırdım. Heç getməyini istəmirdim. Amma dincini almamış geri qayıdırdı. Sizə bir söz deyim, o vaxtlar nəinki atam anama, əksinə, anam atama təskinlik verərdi. Deyirdi ki, get, gözün burda qalmasın.

***

1990-cı illərin ortalarında qardaşı İqor dolanışıq ardınca Rusiyaya, Tomsk şəhərinə gedir.

- Üçümüz qaldıq. Çətin vaxtlar idi. Qardaşım bizə təklif edirdi ki, Rusiyaya köçək. Atam qətiyyətlə rədd edirdi. Deyirdi ki, vətəni, kəndimizi qoyub niyə gedək ki? Qardaşım bizə tez-tez pul göndərirdi. Özümüz də işləyirdik. Hamı necə, biz də elə dolanırdıq. Hələ atam imkan tapıb evimizə də yaxşı əl gəzdirmişdi. Mənə deyirdi ki, sən mənim qızım deyilsən, ikinci oğlumsan. Bu evi də sənin üçün tikib qoyuram. Bu da belə...(Kövrəlir)

***

İndi həmin evdə yaşamaq, təbii ki, mümkün deyil. Yenikənddə nəinki evlər, işıq dirəkləri, bütün infrastruktur obyektləri dağıdılıb.

- Evimizdə bir salamat pəncərə qalmadı. Evin divarı, yardımçı tikili belə dağılıb getdi. Nə qədər faşist xislətli olasan ki, dinc sakinləri bombalayasan. Uşaq var, qadın var, qoca var. Bunlar insan deyillər? Bunları ana doğmayıb? Bunlar fikirləşir ki, kəndi vurduqca camaat ev-eşiyini atıb qaçacaq. Anlamırlar ki, bu mümkün deyil. Biz burdayıq, əsgərimizə dayağıq. Hansı ki, indi erməninin başına od yağdırır.

Lyudmila xanım deyir ki, 18 yaşlı bir oğlu var. Hazırda səhhətində ciddi problem olduğundan Bakıda müalicə olunur.

- Ruslan sağalıb gəlsin, özüm aparacam komissarlığa. Mən də anasıyam, Azərbaycan da, Tərtər də. Analarına qorumaqdan şərəfli nə ola bilər ki?

Həmsöhbətim deyir ki, evində yaşamaq mümkün olmadığından qonşu kənddə bir ailə onu öz evində saxlayır.

- Çox mehriban ailədir. Heç bir təmənnasız, deyiblər gəl evin təmir olunana qədər qal burda. Bakıya gedib oğluma baş çəkib qayıdacam. Düzdür, tibb bacılığını bacarmıram. Amma əsgərlərimizə yemək bişirə, paltarlarını yuya bilərəm. Ümumiyyətlə, nə tapşırsalar, yerinə yetirərəm. Bu vətənə canımız qurban. Azərbaycan hamının vətəndir. Azərbaycanlının da, rusun da, ləzginin də, digərinin də. Bizim gücümüz də bundadır, birliyimizdədir.

***

Həyəti çörək iyi bürüyüb. Evin xanımı təndirdən çörəkləri çıxarıb taxçaya düzür.

- Götürün, yol gedəcəksiniz.

- Təşəkkür edirəm, yemişkən varıq.

Bu dəfə Lyudmila dillənir:

- Götürün, çörək verən əli geri qaytarmazlar.

- Bunu hardan bilirsən? - zarafatla deyirəm.

- Azərbaycanlı deyiləm?

Bayaqdan bəri ilk dəfə gülümsəyir. Və sonda nə desə yaxşıdır?

- Bu vəhşilər mənim təndirimi də dağıdıb. Qoy müharibə bitsin, bizə qonaq gəl. Bax belə bir çörək bişirəcəm. Bu bir az yandırıb. (Bu dəfə hamımız gülürük)

***

Elə təzəcə sağollaşıb aralanmışdım ki...

- Bir dəqiqə, Düyərlidən Mariya İvanovanın evini də dağıdıb mərmi. Onu da tap.

...Etiraf edim ki, Mariya xanımı xeyli axtarası olduq. Və nəhayət, yerli bələdiyyə sədri onu tapa bildi.

- Onun evi demək olar ki, dağılıb, indi qızının yanındadı, Ağdamda, Quzanlıda.

***

- Yanımızdadır, düz üç gündü. Oradakı evini topla vurub dağıdıblar, götürüb gəldik Quzanlıya. Bu faşistlər buranı da vururlar.

Kürəkəni Rizvan deyir bunları.

...Mariya İvanovna Əliyeva düz 50 il əvvəl Azərbaycana gəlin köçüb. Həyat yoldaşı 4 il əvvəl dünyasını dəyişib. İki qızı, bir oğlu var.

- Müharibə evimi əlimdən aldı. İllərlə tikib-qurduğumuz evi. Nəvəm 12 yaşlı Asəflə qalırdım o evdə. Gecə-gündüz atırdılar. Əsas məqsədləri də odu ki, çıxaq, tərk edək evimizi. Niyə getməliyik ki, evimizdən?! Mənim evim yaşanılası halda deyil. Yoxsa, bu gün qayıdardım.

Mariya xanım deyir ki, bu il Azərbaycana gəlin gəlməyinin 50 illiyini qeyd etməyə hazırlaşırmış.

- 1970-ci il dekabrın 2-də kişi məni götürüb gəldi bura, Düyərliyə. Gələn gündən ancaq və ancaq mehribanlıq, insanlıq gördüm. Bu xalqı necə sevməyəsən axı. Bir gün ayıldım gördüm ki, mən də sizlərdən biri. Düz əlli ildir ki belədi.

Həmsöhbətimiz deyir ki, Quzanlıda da sakitlik deyil, buranı da vururlar.

- Amma az qalıb. Ürəyimə damıb ki, az müddətdən sonra bayrağımız Şuşada dalğalanacaq. O ki qaldı bura gəlməyimin əlli illiyinə...Hə, balalarım deyir ki, mütləq keçirəcəyik. Mən də deyirəm hə, mütləq. Öz evimdə, Düyərlidə. Dekabrın 2-də. Siz də dəvətlisiniz...

Tərtər-Bərdə-Ağdam

Dİgər xəbərlər