17:18
30 Sentyabr 2020

Səfərbər Bakı - FOTOREPORTAJ

Son günlər cəbhədə baş verənlər və şanlı ordumuzun düşmən üzərində ard-arda əldə etdiyi uğurlar paytaxt Bakıda da ruh yüksəkliyi yaradıb.

Bəli, vətəndaşlar əsgərindən, ordusundan hər an zəfər xəbəri gözləyir. Doğma torpaqlarımıza 30 illik həsrəti sona çatdırmaq üçün könüllü olaraq ordu sıralarına getmək istəyən kim, öz arzusu ilə orduya maddi dəstək edən kim. Bunlardan əlavə, xalq orduya mənəvi dəstək də nümayiş etdirir. Belə ki, üzərində Azərbaycan və Türkiyə bayraqları olan maşınlara, obyektlərə demək olar ki, şəhərin hər yerində rast gəlmək mümkündür.

Bütün bunları kameranın yaddaşına həkk etmək üçün Lent.az -ın əməkdaşı paytaxtın Nizami (Torqovi) küçəsində olub. Burada demək olar hər obyektin önündə, azyaşlıların əlində və eyvanlarda bayraqları görmək olar. Hətta bəzi restoranların masalarında da üçrəngli bayrağa rast gəlinir. Əməkdaşımız həmçinin ordumuzun torpaqlarımızı işğaldan azad etməsi uğrunda davam etdirdiyi hərbi əməliyyatlarla bağlı da sorğu keçirib. Sorğuda iştirak edən hər kəs torpaqlarımızın azad olunmasını arzu edərək, qəhrəman hərbçilərimizə Allahdan kömək istəyiblər.

Samir Kamilov - Arzuladığımız vaxt gəlib çatdı. Ön cəbhədə ermənilərlə vuruşan hərbçilərimizi Allah qorusun. Ordumuzun düşməndən qat-qat güclüdür. Döyüşlərin yeganə sonu ordumuzun qalib gəlməsidir. Mən də ön cəbhəyə gedib düşmənlə vuruşmağa hazıram.

Ceyran Şükürova - Ermənilər bilmirdi ki, doğma torpaqlarımızı heç vaxt onlara vermərik? Qarabağ işğal olunanda minlərlə azərbaycanlı şəhid oldu. O torpaqda şəhidlərimizin qanı var. Bəs onların qanı yerdə qalmalıydı? Hər birimiz torpaqlarımızı azad etmək üçün əlimizdən gələni etməliyik.

Arzuman Quliyev - Uzun illərdir məhz bu günləri gözləyirdik. Axır ki, qismət oldu. Sağ olsun cənab prezidentimiz, torpaqlarımızın ermənilərdən qurtulması üçün döyüş əmrini verdi. Bəlkə də dünyada yeganə xalqıq ki, müharibəyə kədərlənmək əvəzinə sevinirik. Hər an hansısa rayonumuzun azad olunması xəbərini səbrsizliklə gözləyirəm.

Mehriban Qurbanova - Axır ki, bu möhtəşəm və çoxdan gözlədiyimiz günlər gəlib çatdı. İndi hər an rayonlarımızın geri alınması xəbəriniz gözləyirik. Bütün ayrı problemlər, dərdlər hamısı bir yanda qalıb. Tək eşitmək istədiyim xəbər hansısa rayonumuzun geri alınmasıdır.

FOTO: İlkin Nəbiyev

Dİgər xəbərlər