Vurğun Əyyuba məktub
24 sentyabr 2020 12:52 (UTC +04:00)

Vurğun Əyyuba məktub

Canım-gözüm, Vurğun bəy.

Mən həyatımda çox ağrılar görmüşdüm. Çox əzablar yaşayıb, ən əziz adamlarımı itirmişdim.

Amma.... bütün bunlara rəğmən ayaqda qalmağımın bir səbəbi də həmişə Siz olmuşdunuz.

Bunu özünüz də bilirdiniz.

...Ki, Sizi tanımaq, Sizinlə yol getmək bir Tanrı lütfü idi. Sizi hər görəndə işığınız gözümüzü qamaşdırırdı. Biz biçarələr isə elə sanırdıq, öz işığımızdı. Ta Sizin işığınızın bizləri də nurlandırdığının fərqində deyildik.

Tək bizim yox, bütün hamımızın taleyindən bir ilğım kimi keçdiniz, bəy.

Elə bir ilğım ki, hələ neçə nəsli də öz ağuşuna alıb, çox uzaqlara - bu məmləkətin halallıq və saflıq tarixinə daşıyacaq.

...Bildinizmi Sizdən sonra nələr oldu, bəy.

Özünüz görsəydiniz, qürurlanardınız. Həm də yaxşıca kövrələrdiniz. Sən demə, bu millət heç nəyi unutmayıbmış. Haqqı nahaqın, yaxşını pisin, doğrunu yalanın ayağına verməyibmiş. Bu şərəfi bu topluma Siz yaşatdınız, Vurğun bəy. Məmləkət insanı sonuncu dəfə Elçibəy dünyasını dəyişəndə belə səmimi və dürüst olmuşdu.

Vay-vay, bizi hələ qarşıda nələrin gözlədiyinin fərqinə vara bildikmi ki...

Sizsiz keçən bu günlərdə bir şeyə tam əmin oldum, - dünyada halal yaşamaqdan, dürüst olmaqdan, vicdanla ömür sürməkdən, xalqına təmənnasız xidmət etməkdən böyük və uca heç nə yox imiş. Tanrı hər adama belə örnək bir ömür yaşamağı qismət etmir ki...

Adınız əbədiyyətə qədər düzlük, halallıq, millət, mübarizə, səmimiyyət məfhumları ilə qoşa çəkiləcək.

Bir də Sizi sonsuzluğadək daşıyacaq iki qoşa qanad olacaq: çooox sevdiyiniz şeir və saz.

Elə ömrünüz də saflığa, dürüstlüyə, məmləkətin taleyinə, həm də şeirə, saza qoşulub başımız üstündə həmişəlik pərvaz edəcək.

Bizi də çox-çox nəsnələrdən qoruyacaq.

Gələn nəsillərə doğru yaşamağın düsturunu öyrədəcək.

Əlvida demirəm.

Görüşənədək, Vurğun Əyyub.

Elə orda da Sizə illər öncə - 40 yaşınızda yazılan bu şeiri deyəcəm.

***

Aylar, illər ötüşər,

Hər ömrə bir bəxt düşər.

Demə, qırxa çatmısan,

Qızlar bilib gülüşər -

Amandı, Vurğun Əyyub.

Adam kimi yaşamaq

Nə kefdi, nə də damaq.

İraq olsun gözlərdən -

Gözü kölgəli olmaq,

Yamandı, Vurğun Əyyub.

O vaxt örtülü qalan

İndi çoxuna əyan.

Allah yıxsın evini,

Bizi bu günə salan

Şeytandı, Vurğun Əyyub.

Halallıqdısa vərdiş

Neyləyər sənə gərdiş.

Kim nə deyir, qoy desin,

Təmiz adla halal iş

Qalandı, Vurğun Əyyub.

Haqqa könül verərik,

Gedib, bir də gələrik.

Su qayıdar arxına -

Yaşayarıq, görərik,

Zamandı, Vurğun Əyyub.

Yerin elə başdadı,

Yeri, elə başda dur.

Bu gözəlim dünyada

Vallah, səndən başqası

Yalandı, Vurğun Əyyub.

 

Ehtiram İlham

 

 

 

# 2584
avatar

Oxşar yazılar