1049
14:56
04 Sentyabr 2020

Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən sentyabrın 10-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 382, BB qrupu üzrə 1035, ümumilikdə isə 1417 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanların keçirilməsi üçün 7 bina, 98 zal, 7 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 127 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • “İmtahana buraxılış vərəqəsi".

İştirakçılar imtahana gələrkən yuxarıdakı sənədlərlə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır.

Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

Dİgər xəbərlər